Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyev Avrasiyanın mühüm infrastruktur sisteminin müəllifidir

02 İyun 2018
 

Azərbaycanın liderliyi ilə reallaşan möhtəşəm layihələr qlobal əhəmiyyət daşıyır

 

Son dövrlər Azərbaycan tarixinə həkk olunan mühüm hadisələrlə əlamətdardır. Hələ ötən ilin sentyabrında Bakıda imzalanan yeni neft müqaviləsi Azərbaycanın enerji diplomatiyasının növbəti böyük uğuru idi. Cəmi 3 həftə sonra Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi və bu yaxınlarda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin rəsmi açılışının olması Azərbaycanın möhtəşəm və ən mürəkkəb infrastruktur layihələrini uğurla həyata keçirmək imkanlarının növbəti təsdiqi oldu.

 

Uğurlu və qətiyyətli enerji siyasətinin nəticəsi

 

Bu günlərdə açılışı olan “Cənub qaz dəhlizi” göstərdi ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayan, aydın və düşünülmüş strategiyası, dəqiq siyasəti olan dövlətdir. Eyni zamanda, bu tarixi hadisə rəsmi Bakının 1994-cü ildən həyata keçirdiyi enerji siyasətinin məntiqi nəticələrindən biri və həm də uğurlu davamıdır.
Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Təsadüfi deyil ki, son vaxtlar keçirilən bütün siyasi və iqtisadi məzmunlu konfransların gündəliyində yer alan başlıca mövzulardan biri enerji təhlükəsizliyi məsələsidir. Xüsusən Avropa ölkələri son illər öz enerji təhlükəsizliklərini təkmilləşdirməyə və gücləndirməyə ehtiyac duyur. Bu baxımdan Xəzərdən hasil olunan təbii qazın Avropa ölkələrinə çatdırılması hələ illər öncədən Avropa İttifaqının (Aİ) perspektiv prioritetlərindən biri idi. Aİ-nin bu sahədə əsas əməkdaşlıq etdiyi ölkə isə Azərbaycandır.
Çünki Azərbaycanın 1994-cü ildən başlanan mütərəqqi neft strategiyası, bu sahədə müstəqil siyasət həyata keçirməsi, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasını qətiyyətlə başa çatdırması, bir sözlə, Xəzərdən hasil olunan karbohidrogen ehtiyatlarını alternativ marşrutlarla dünya bazarlarına çıxarması hələ çoxdan Qərbin diqqətini çəkmişdi. Odur ki, Aİ təbii qaz məsələsində Azərbaycanla əməkdaşlığa həvəslə can atırdı. Təsadüfi deyil ki, 2006-cı ilin noyabr ayında Brüsseldə imzalanmış “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, 2008-ci ilin noyabr ayında imzalanmış Bakı Bəyannaməsinin müddəaları və 2009-cu ilin may ayında keçirilmiş Praqa Zirvə Görüşünün müvafiq Enerji Bəyannaməsində təsbit olunmuş Azərbaycan-Avropa İttifaqı enerji münasibətlərinin vacibliyi bütün bunları təsdiq edirdi. Qeyd olunanların nəticəsi kimi 2011-ci il yanvarın 13-də Bakı şəhərində “Cənub qaz dəhlizi” haqqında Birgə Bəyannamə imzalandı.
“Cənub qaz dəhlizi”nin mürəkkəb infrastruktur olacağı ilk gündən məlum idi. Çünki bunun üçün “Şahdəniz” qaz yatağının ikinci mərhələsinin işlənilməsinə başlanılmalı, mövcud qaz kəmərlərinin imkanları genişləndirilməli, Türkiyə və Avropa ölkələrinin ərazisində yeni qaz kəmərləri çəkilməli idi. Elə buna görə də bəzilərinə həmin vaxt bu layihənin reallaşması qeyri-mümkün görünürdü. Üstəlik, layihənin həyata keçirilməsi üçün maliyyə mənbələri də tapılmalı idi. Lakin Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində qısa müddətdə “Cənub qaz dəhlizi”nin bütün komponentlərinin reallaşdırılması üzrə beynəlxalq razılaşmalar əldə olundu. 2012-ci il iyunun 26-da Azərbaycan hökuməti və Türkiyə hökuməti arasında Transanadolu təbii qaz boru kəməri (TANAP) sisteminə dair saziş imzalandı və hər iki dövlətin qanunverici orqanları həmin sazişi ratifikasiya etdilər. 2013-cü il iyunun 30-da isə Transadriatik Boru Kəməri (TAP) layihəsi üzrə beynəlxalq saziş, həmin ilin sonlarında isə “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi üzrə beynəlxalq müqavilə imzalandı.
2014-cü ilin sentyabrında Bakıda “Cənub qaz dəhlizi”nin təməli qoyuldu. Cəmi 4 ildən sonra bu nəhəng infrastrukturun inşası başa çatdı. Mayın 29-da keçirilən rəsmi açılış mərasimində Prezident İlham Əliyev qarşıya qoyulan bütün hədəflərin dəf edildiyini bildirdi. İyunun 12-də isə kəmərin Türkiyə hissəsi olan TANAP-ın rəsmi açılışı olacaq. Bundan sonra Azərbaycandan Türkiyə bazarına 6 milyard kubmetr qaz ötürüləcək. TAP-ın tam başa çatmasından sonra isə daha 20 milyard kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrədək artırılması mümkündür. Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər.

 

Siyasi-diplomatik qələbə

 

“Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşmasının əsas səbəbi Azərbaycanın həyata keçirdiyi uğurlu siyasi-diplomatik fəaliyyətdir. Prezident İlham Əliyevin düşünülmüş, yeni dünya sisteminin müasir çağırışlarına cavab verən siyasi kursu Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, beynəlxalq aləmdə ölkəmizi etibarlı tərəfdaş kimi tanıdıb. Bu mənada “Cənub qaz dəhlizi”nə də ilk gündən ayrı-ayrı ölkələr və maliyyə institutları maraq göstəriblər.
Məsələn, bu layihə ilk gündən həm də ABŞ-ın diqqət mərkəzində olub. Digər mühüm enerji layihələrində olduğu kimi, ABŞ “Cənub qaz dəhlizi”nin reallaşmasına siyasi, mənəvi dəstək göstərib və hərtərəfli kömək edib. ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı son üç məktubunda bu barədə söz açıb. Prezident Donald Tramp ABŞ-la Azərbaycan arasında mövcud olan əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib və bu əməkdaşlığın davam etdirilməsinə sadiq olduğunu bəyan edib. ABŞ-la yanaşı, Böyük Britaniya da “Cənub qaz dəhlizi”nin reallaşmasına güclü dəstək verib. Aİ-nin isə bu layihənin ərsəyə gəlməsində mövqeyi aydındır. “Cənub qaz dəhlizi” Məşvərət Şurasının Bakıda keçirilən iclaslarında həmişə Avropa İttifaqının yüksəksəviyyəli nümayəndələrinin iştirakı bu layihənin beynəlxalq və transmilli məzmunundan xəbər verməklə yanaşı, Azərbaycanla əlaqələrə diqqətin təzahürü idi.
Bu baxımdan “Cənub qaz dəhlizi” layihəsinin başa çatdırılması enerji məsələlərində Azərbaycanın mühüm siyasi-diplomatik qələbəsidir. Bu qələbə respublikamızın enerji təhlükəsizliyində söz sahibinə çevrilməsi ilə yanaşı, hər bir məsələdə qətiyyətli mövqeyindən, əməkdaşlıq əlaqələrində etibarlı tərəfdaş olmasından və beynəlxalq birlikdə yüksək nüfuz sahibinə çevrilməsindən irəli gəlir.
Hazırda “Cənub qaz dəhlizi”nin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir, eyni zamanda üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun da növbəti mərhələdə bu layihəyə qoşulacağı gözlənilir. Bu, artıq layhənin qlobal xarakterini və böyük beynəlxalq əməkdaşlıq platforması üzərində ucaldığını göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Cənub qaz dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir.
Bu enerji dəhlizinin işə düşməsi nəticəsində Azərbaycan Avropanın enerji təchizatının şaxələndirilməsində və yüksəldilməsində daha yaxından iştirak edəcək. Çünki bu dəhliz Azərbaycan qazını ilk dəfə olaraq Türkiyə, Yunanıstan və Albaniya ərazilərindən keçməklə, minlərlə kilometrlik məsafəni qət etməklə Avropanın mərkəzinə çatdıracaq, dünyanın enerji xəritəsinə ciddi dəyişiklik gətirəcək. Ən əsası isə, bu layihənin tam gücü ilə işə düşməsi Azərbaycanın beynəlxalq imicinə müsbət təsiri ilə yanaşı, ölkəmizin gələcək inkişafına, siyasi və iqtisadi maraqlarının daha dolğun şəkildə təmin edilməsinə mühüm töhfələr verəcək.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”