Yayda vitaminlərlə zəngin qidalar qəbul edilməlidir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yayda vitaminlərlə zəngin qidalar qəbul edilməlidir

01 İyun 2018
Sağlam orqanizmə sahib olmaq üçün düzgün qidalanma çox mühüm məsələlərdən biridir.

AZƏRTAC xəbər verir ki, qida rasionunun düzgün təşkili zamanı zərərli vərdişlərin olmaması və vitaminlərlə zəngin qidaların qəbul edilməsi çox vacibdir. Xüsusilə yayda gün ərzində ən azı 2-3 litr su içilməlidir. Səhər yuxudan oyanan kimi bir stəkan ilıq su içmək orqanizmə çox faydalı təsir göstərir. Yeməkdən 10-15 dəqiqə əvvəl də bir stəkan su xeyirlidir, lakin yemək zamanı maye qəbul etmək məsləhət görülmür. Belə ki, maye 10 dəqiqə sonra mədədən sovrulur və bu zaman özü ilə bərabər mədə şirəsini də yuyub aparır. Bu da qidanın həzm olunmasını ləngidir.

İsti havalarda soyuq qidalara olan tələbat artır, belə qidalar mədədə həzmedici şirələrin fəaliyyətini dondurur, mədə ilə yanaşı dişlərə də böyük zərər vurur. Çox isti çay içmək və isti xörək yemək də mədəni zədələyir. Əsasən yay aylarında kofe, qara çay, isti şokolad, kakao, hisə verilmiş ət qəbulu məsləhət görülmür. Qurudulmuş və ya mövsümi meyvələrə üstünlük verilməsi daha yaxşıdır.

Yeməklərin qarışdırılması, bir neçə növ xörəyin eyni vaxtda qəbul edilməsi həzmi çətinləşdirir və zəhərlənməyə zəmin yaradır. Yay yeməyini şirəli meyvələrlə başlamaq daha düzgündür. Rasiona 2-3 qoz və badam da əlavə etmək olar. Gün ərzində azı bir qab tərəvəz salatı yeyilməlidir. Yağlı qidalardan mümkün qədər az istifadə etmək lazımdır, yağlar həzmi yubadır, mədə-bağırsaq sistemində çürüməyə səbəb olur. Orqanizmə vaxtaşırı istirahət verilməsi də çox faydalıdır. Həftədə, yaxud iki həftədə bir gün tamamilə ac qalmaq xüsusilə bu sahədə yaxşı təsir göstərir. Çox yemək orqanizm üçün lazımsız yük rolu oynayır.

Ümumiyyətlə orqanizmdə hansısa problemlərin yaranmasının qarşısını almaq üçün yeməklərdə duzun miqdarı azaldılmalıdır, ürək-damar xəstəliyindən əziyyət çəkənlərin gündəlik rasionunda isə duzdan qətiyyən istifadə olunmamalıdır. Şirniyyat və şəkərdən istifadə edilməsi də mümkün qədər azaldılmalı, fast-fudlardan isə imtina edilməlidir.