Bakıda ərzaq təhlükəsizliyi və aqrar sahənin problemlərinə həsr olunan beynəlxalq konfrans başlayıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda ərzaq təhlükəsizliyi və aqrar sahənin problemlərinə həsr olunan beynəlxalq konfrans başlayıb

01 İyun 2018
Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Müstəqil Azərbaycan dövlətinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilir.

Tədbir Təhsil Nazirliyi, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan İqtisadçılar İttifaqı və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələrdən alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq konfransda universitetin rektoru, Milli Məclisin deputatı Eldar Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki müstəsna rolundan danışıb. Rektor Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamının əhəmiyyətini diqqətə çatdırıb.

Dövlətimizin başçısı İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan E.Quliyev müasir müstəqil Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb. Rektor konfransın aktual mövzuya həsr edildiyini bildirib.

Akademik Ziyad Səmədzadə “Azərbaycanın iqtisadi inkişaf strategiyasında ərzaq təhlükəsizliyinin yeri və rolu: reallıqlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

Konfrans mövzuya dair məruzələrlə davam edir.