“Təhsil sosial mediada” layihəsinin iştirakçıları mükafatlandırılıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Təhsil sosial mediada” layihəsinin iştirakçıları mükafatlandırılıb

01 İyun 2018
 

Mayın 31-də Təhsil Nazirliyində “Təhsil sosial mediada” layihəsi çərçivəsində təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsil sosial mediada” layihəsi barədə ətraflı məlumat verib. F.Qurbanov qeyd edib ki, layihə Azərbaycanda təhsilin inkişafı ilə bağlı strateji hədəflərin reallaşdırılması sahəsində həyata keçirilən islahatyönümlü tədbirlərin mahiyyətinin təbliğ və təşviqini gücləndirmək, həmin istiqamətdə aparılan maarifləndirmə işlərinin səmərəliliyini yüksəltmək, habelə bu prosesə ictimai dəstəyin genişləndirilməsini təmin etmək məqsədi daşıyır.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında dövlət başçısının 2013-cü il 24 oktyabr tarixli sərəncamını xatırladan nazir müavini  bu istiqamətdə aparılan islahatların uğurlu nəticələrindən bəhs edib. Təhsil sahəsində aparılan yeniliklərdən danışan F.Qurbanov  iştirakçılara gələcək fəaliyyətində uğurlar arzulayıb.

Çıxış edənlər layihə ilə bağlı fikirlərini bölüşüb, aparılan islahatlara öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər.

Sonra layihə iştirakçıları təhsil sahəsində həyata keçirilən tədbirlər haqqında ictimaiyyətdə obyektiv rəyin formalaşdırılmasına, bu sahədə səmərəli fəaliyyətlərinə görə Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif olunublar.