Diplomat Teymur bəy Makinski

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Diplomat Teymur bəy Makinski

01 İyun 2018
 

Ermənistan hökuməti onu həbs etmək üçün cinayət işi açmışdı

 

Kim idi Teymur bəy Makinski?
Bəzi sənədlərdə adının qarşısında “xan” titulu yazılan Teymur bəy Məhəmmədqulu bəy oğlu Makinski 1874-cü ildə İrəvan şəhərində anadan olmuşdur. Maku xanlarının nəslindən olan Makinskilər İrəvan xanının şəcərə davamçıları İrəvanskilərlə yaxın qohum idilər. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Teymur bəy Makinski gimnaziyanı, sonra isə Varşava Universitetinin Hüquq fakültəsini 1916-cı ildə birinci dərəcəli diplomla bitirmişdi.
Teymur bəy Makinski XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. İctimai-siyasi xadim Teymur bəy Makinski Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü idi. Milli Şuranın 19 noyabr 1918-ci il tarixli “Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanun”una əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. T.Makinski 1918-ci ilin iyun-oktyabr aylarında Azərbaycan hökumətində ədliyyə nazirinin müavini olmuşdur. İrəvan quberniyasında yaşayan azərbaycanlıların erməni zülmündən qorunması məqsədilə 1919-cu ilin yanvarında Bakıda təsis edilmiş İrəvan Quberniyası Həmyerliləri Cəmiyyətinin İdarə heyətinin sədri seçilmişdir.
Teymur bəy 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-nə qədər Fətəli xan Xoyskinin 3-cü hökumət kabinetində ədliyyə naziri vəzifəsini icra etmişdir. O, 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan Hərbi Məhkəməsinin sədri, 1920-ci ilin martından isə Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur.
Tədqiqatçı alim Ədalət Tahirzadə arxiv sənədlərinə əsasən məlumat verir ki, Teymur bəy Makinski Xalq Cümhuriyyəti dövründə azərbaycanlı gənclərin xarici ölkələrdə ali təhsil almalarına da kömək göstərmişdir. İtaliyaya göndərilən İrəvan şəhərinin sakini Əhməd Rəcəbova (sonralar məşhur akademik Əhməd Rəcəbli) onun təhsilini davam etdirməsi üçün heç bir vəsaitinin olmaması haqqında 9 avqust 1919-cu ildə verilən arayışı İrəvan Quberniyası Həmyerliləri Cəmiyyətinin İdarə heyətinin sədri kimi Teymur bəy Makinski imzalamışdı.
“Azərbaycan” qəzeti 2 mart 1920-ci il tarixli sayında xəbər verirdi ki, Hərbi Məhkəmənin sədri Teymur bəy Makinski Azərbaycanın Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi təyin edilmişdir.
Ermənilərin xislətinə yaxşı bələd olan və onların dilini bilən Teymur bəy Makinskinin fəallığı öz sələfləri Məhəmməd xan Təkinski və Əbdürrəhim bəy Haqverdiyev kimi, Ermənistan hökumətini ciddi narahat edirdi. Xüsusi xidmət orqanları onun hər addımını izləyir və bir bəhanə tapıb həbs etmək istəyirdilər.
Azərbaycan hökuməti Zəngibasardakı mühasirə şəraitində yaşayan azərbaycanlı əhalinin ən zəruri ehtiyaclarının ödənilməsi üçün diplomatik nümayəndəliyə ümumi miqdarda 600.000 rubl göndərmişdi. Diplomatik nümayəndəliyin gizli yazışmalarını və şifrəli teleqramlarını ələ keçirən Ermənistanın xüsusi xidmət orqanları bu məsələdən xəbər tutmuşdular. 1920-ci il aprelin 4-də diplomatik nümayəndəliyin əməkdaşlarının Zəngibasara apardıqları pulları Ermənistan kəşfiyyatı ələ keçirmişdi. Həmin vaxt Ermənistanın baş naziri olan Aleksandr Xatisovun xarici işlər naziri Hamo Ohancanyana 26 may 1920-ci ildə yazdığı məktubunda T.Makinskinin həbsinə hazırlıq görüldüyü haqda məlumat verilir. A.Xatisov yazır: “Aprelin 4-də T.Makinskinin öz maşınında üç nəfərlə Zəngibasara göndərdiyi 600.000 rubl yolda qoyulan postda ələ keçirilmişdir və həmin şəxslər həbs edilmişlər. O, dindirilmə zamanı həbs edilənlərin Makinskini ələ verdiklərini yazır. A.Xatisov yazır ki, hay-küylü məhkəmə olacaq. Baş nazir hələlik Makinskinin tutulanların verdikləri ifadədən xəbərsiz olduğunu, lakin onların bizim hər şeyi bildiyimizi artıq güman etdiyini qeyd edir. A.Xatisov daha sonra yazır ki, müstəntiq Makinskini dindirmişdir, lakin o, onun missiyasında hansısa “hadisənin” baş verdiyinə eyham vurur və bildirir ki, F.Xoyski ilə görüşmək istəyir və bunun üçün ertəsi Tiflisə getməlidir. Bu barədə nümayəndələrdən və Tumanovdan başqa heç kimə deməyin, daha başqa izlərə düşmək üçün iş gizli aparılır”.
A.Xatisov “nümayəndələr” dedikdə, aprelin 9-da Tiflisdə Cənubi Qafqaz respublikalarının növbəti konfransında Ermənistanı təmsil edən nümayəndələri nəzərdə tuturdu.
T.Makinski xarici işlər naziri F.Xoyski ilə görüşmüş, məsələnin mahiyyəti haqqında ətraflı məlumat vermişdi. F.Xoyski 14 aprel 1920-ci ildə Ermənistanın xarici işlər nazirinə göndərdiyi notada bu məsələ ilə bağlı bildirirdi: “Diplomatik nümayəndəliyimizdən alınan məlumata görə, aprelin 4-də Ermənistan hakimiyyəti tərəfindən Eçmiədzin yolunda 3 kavas (yəni diplomatik nümayəndəliyin mühafizəçi-polisləri - N.M.) üzərlərindəki pullarla həbs edilmişlər. Onlarla birlikdə sürücüyə də süni ittiham irəli sürülmüşdür. Ermənistan hökumətinin bu cür hərəkətləri beynəlxalq hüquq normalarına ziddir, ona görə də xahiş edirəm ki, kavasların və sürücünün dərhal azad edilmələri və diplomatik missiyanın maşınının və pullarının geri qaytarılması üçün təcili sərəncam verəsiniz”.
Lakin Azərbaycanın xarici işlər nazirinin notasına əhəmiyyət verilməmiş, diplomatik nümayəndəliyin əməkdaşlarına qarşı qaldırılan süni cinayət işinə məhkəmədə baxılmış və onlara hökm oxunmuşdu. Erməni tarixçi V.Virabyan bu hadisə haqqında yazır: “1920-ci il iyunun 3-də Ermənistan Respublikasının Hərbi Məhkəməsində müxtəlif cinayətlərdə ittiham edilən Azərbaycanın Ermənistandakı nümayəndəliyinin əməkdaşları Məşədi Məmmədov, Məşədi Hüseyn oğlu, Hüseyn Vəli oğlu, Musa Məşədi Məmməd oğlu, nümayəndəliyin sürücüsü İvanenkonun ifadələri dinlənilib. Onlar Azərbaycanın səlahiyyətli diplomatik nümayəndəsi Teymur bəy Makinskinin tapşırığı ilə Zəngibasar üsyançılarına yardım etməkdə və onları qanunsuz əməllərə təhrik etməkdə təqsirləndirirdilər. Onlar vəd vermişdilər ki, Zəngibasar üsyançıları üçün ayrılan 600 mindən artıq Azərbaycan və Zaqafqaziya bonunu (daha dəqiqi, 449.750 Azərbaycan bonu və 117.050 Zaqafqaziya bonu) Zəngibasar “hökumətinin” başçısı Molla Qasıma çatdıracaqlar. Lakin Cəfərabad (indi Arqavand) kəndindən keçərkən Eçmiədzin qəzasının milisi tərəfindən həbs edilmişlər. Onlar milisioner Hambarsum Hakopyana 100 rubl rüşvət təklif etsələr də, o, bundan imtina etmiş və onları hüquq orqanlarına təhvil vermişdir. Ermənistan Hərbi Məhkəməsinin qərarı ilə Hüseyn Vəli oğlu ömürlük sürgün edilmiş, Məşədi Hüseyn oğlu və Musa Məşədi Məmməd oğlu isə 10 il katorqa ilə cəzalandırılmışdılar”.
Erməni tarixçi V.Virabyan bu hadisə haqqında əlavə məlumat verərək yazır ki, Azərbaycanın diplomatik nümayəndəliyinin əməkdaşlarının həbsi ilə məsələ bitməmişdi: “Azərbaycan cavab addımları atmış, Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəliyinin bir neçə əməkdaşı həbs edilmişdi. Bu barədə Ermənistan XİN-in Bakıdakı diplomatik nümayəndəliyinə göndərdiyi teleqramda bəhs edilir. Nəhayət, azərbaycanlılar razılaşırlar ki, Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəliyinin əməkdaşlarını Ermənistan hökuməti tərəfindən İrəvanda həbs edilən Azərbaycanın diplomatik nümayəndəliyinin məxfi əməkdaşlarının azad edilməsi müqabilində sərbəst buraxsınlar”.
T.Makinski Gürcüstanın İrəvandakı daimi nümayəndəliyinin yardımı ilə İrəvanı gizlicə tərk edərək mayın 28-də Tiflisə gedir. Teymur bəy İrəvanı qəfildən tərk etdikdən sonra qısa müddətdə diplomatik nümayəndə vəzifəsini Adil Qiyasbəyov icra edir.
Mayın 15-də Ermənistan XİN Azərbaycanda yeni hökumət qurulmasını səbəb göstərərək diplomatik nümayəndəliyin fəaliyyətinə xitam verildiyini bildirir.
İrəvandakı diplomatik nümayəndəliyimizin fəaliyyətini dayandırmasından sonra, 1920-ci il mayın 21-22-də Ermənistan XİN-in informasiya şöbəsi “Daşnaksütyun” bürosuna, Ədliyyə, Daxili İşlər və Hərbi nazirliklərin başçılarına, parlamentin sədrinə, Tiflisdəki diplomatik nümayəndəyə, Batumdakı konsula, Parisdəki Ermənistan nümayəndə heyətinə, Ermənistanın Parisdəki, Londondakı, Vaşinqtondakı və digər ölkələrdəki səfirlərinə göndərdiyi teleqram-məlumatda bildirirdi ki, Azərbaycanın Ermənistandakı diplomatik nümayəndələri və onların əməkdaşlarının mübadilə etdikləri bütün məxfi yazışmalar Ermənistan XİN tərəfindən “Gizli sənədlər” adı altında kitab şəklində çap edilmişdir. Həmin məlumatda qeyd edilirdi ki, çap olunan məlumatlar Azərbaycan hökumətinin və onun nümayəndələrinin Ermənistan və ermənilər əleyhinə yönəlmiş fəaliyyətlərindən yazır, hansı ki, onlar guya Ermənistanın rayonlarında dövlət əleyhinə cərəyanları və çıxışları təşkil edir, Ermənistan dövlətinin sütunlarını laxlatmaq istəyir, Zəngibasarda üsyanın dərinləşməsini, Ermənistan hakimiyyətinin nüfuzdan salınması və yıxılmasını istəyir, Ermənistanın ayrılmaz tərkib hissəsi olan Zəngibasar rayonunu Azərbaycanın zorla ələ keçirməsinə çalışırlar. Halbuki Azərbaycan Xalq Cümhuriyyəti hökuməti və onun Ermənistandakı diplomatik nümayəndəliyi mövcud olduğu müddətdə azərbaycanlı əhalinin hüquqlarının qorunmasına, onlara qarşı Ermənistan dövləti tərəfindən həyata keçirilən soyqırımının və etnik təmizləmə siyasətinin qarşısını almağa çalışırdı.
Ermənistan XİN həmçinin İrəvanda çap edilən qəzetlərin redaksiyalarına müraciət etmişdi ki, həmin kitabın materiallarını dərc etsinlər.
Ermənistan hökumətinin bu addımları Azərbaycanın diplomatik nümayəndəliyinin əməkdaşlarına qarşı edilən hüquqazidd addımlara bəraət qazandırmaq, Zəngibasar və Vedibasarı işğal etmək üçün zəmin hazırlamaq məqsədini güdürdü.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra İrəvan quberniyasının və Qars vilayətinin türk-müsəlman əhalisinə Azərbaycan hökuməti tərəfindən edilən hər cür yardımlar kəsilmişdi. Zəngibasarı və Vedibasarı ələ keçirmək üçün daşnak ordusunun müəyyən fasilələrlə iki illik hücumları 1920-ci ilin iyun ayının ikinci yarısında qələbə ilə nəticələnmiş, Ermənistan ordusu nəhayət ki, Zəngibasar və Vedibasar bölgələrini işğal edə bilmişdi. Erməni tarixçi Anahid Lalayan daşnak xadimlərindən birinin 21 iyun 1920-ci ildə baş nazir Hamo Ohancanyana yazdığı məruzəsindən aşağıdaki sitatı gətirir: “Zəngibasarı bizimkilər ələ keçirdilər. Bu ölkə elə varlıdır ki, bizim borclarımızı dəfələrlə qapatmaq iqtidarındadır. Artıq iki gündür ki, burada görünməmiş talanlar həyata keçirilir - taxılı, arpanı, düyünü, samovarları, xalçaları, pulları və qızılları ələ keçirirlər”.
Ermənistan hökumətinin əlindən çətinliklə qurtulan Teymur bəy Makinski, çox güman ki, Tiflisdə qalır. O, Azərbaycanda yeni qurulan sovet-bolşevik repressiya rejiminin əlinə fürsət verməmək üçün xalq xarici işlər komissarının adına, bir növ, hesabat göndərmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin 28 saylı fondunda saxlanılan iki sənəd Teymur bəy Makinskinın məruzəsini əhatə edirdi. O, birinci məruzəsində Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsinə Naxçıvan və Zəngibasar üçün ayrılmış vəsaitin hesabatını verdiyini qeyd etmişdir. T.Makinski 1920-ci ilin 15 martından mayın 2-dək diplomatik nümayəndəliyin 4.993.500 rubl vəsait aldığını və onun nümayəndəliyin rəhbəri olduğu vaxt həmin vəsaitin 956.946 rublunun hansı məqsədlə xərcləndiyini 8 bənddə təfsilatı ilə izah etmişdir. O, martın 21-də 100 min rublun N rayonuna (rayonun adı məxfi saxlanılıb), 6 yüz min rublun isə aprelin 4-də Naxçıvan və Zəngibasar qaçqınlarına göndərdiyi zaman Ermənistan hökuməti tərəfindən həbs edildiyini yazır. Hansı ki, biz yuxarıda həmin məsələdən təfsilatı ilə bəhs edirik. Daha sonra o, həmin vəsaitdən 130 min rublun P.Sultanova (kimliyini açıqlamayıb - N.M.) verdiyini qeyd edir. T.Makinski məruzəsində bəzi xərcləmələrin sonunda “imzalar məhv edilib” ifadəsini yazır. Görünür, diplomatik nümayəndəlikdə vəsaiti alanların Ermənistan hökuməti tərəfindən təqib edilmələrini önləmək məqsədilə onların imzaladıqları sənədləri çıxdaş edirlərmiş.
Lakin görünür ki, Teymur bəy Makinskinın birinci məruzəsi Xalq Xarici İşlər Komissarlığının əməkdaşlarını qane etmədiyi üçün o, yenidən yazılı məruzə etmişdir. Məruzəsində T.Makinski yazır: “İyunun 30-da göndərdiyim məruzəyə əlavə olaraq bildirirəm ki, iyunun 28-də Qiyasbəyovla təsadüfi görüşüm zamanı dedi ki, mənim İrəvanı qəfildən tərk etməyimdən sonra, onun diplomatik nümayəndə vəzifəsini icra etdiyi zaman ona Ermənistan XİN-dən məlumat vermişlər ki, Azərbaycanda yeni hakimiyyət meydana gəldiyi üçün Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyi buraxılmışdır. Diplomatik nümayəndəlikdə axtarış aparılması və orada olan pulların müsadirəsindən ehtiyat edərək o, həmin pulları müxtəlif şəxslər arasında paylamışdır: 1) 1.500.000 rubl Azərbaycan bonunu və 419 min Zaqafqaziya bonunu mayın 15-də Gürcüstanın Ermənistandakı diplomatik nümayəndəsi general Qaralova; 2) 1.200.000 rubl Azərbaycan bonunu İrəvandakı İran konsuluna; 3) 800 min Azərbaycan bonunu Mirbabayevə (nümayəndəliyin əməkdaşı Miryusif Mirbabayev nəzərdə tutulur - N.M.); 4) qalan 250 min Azərbaycan manatı və Zaqafqaziya bonu diplomatik nümayəndəliyin ehtiyacları üçün xərclənib; o, sonradan general Qaralovdan 100 min rubl Zaqafqaziya bonu götürdüyünə görə Qaralovda 1.500.000 rubl Azərbaycan bonu və 319 min Zaqafqaziya bonu qalır”.
Teymur bəyin 1885-ci ildə anadan olan qardaşı Zülfüqar bəy 1904-1911-ci illərdə Peterburq Universitetinin Hüquq fakültəsində təhsil almışdır. Himayədarlıq Nazirliyinin İrəvanda müvəkkili vəzifəsində işləmişdir. Makinskilər nəslinin başqa bir nümayəndəsi, Teymur bəy Makinskinin əmisi oğlu, 1888-ci ildə İrəvan şəhərində anadan olan Abbasəli bəy Makinski 1908-ci ildə Peterburq Universitetinin Hüquq fakültəsini bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ədliyyə Nazirliyində müvəkkil işləmişdir. O, bir müddət Azərbaycan hökumətinin İrəvandakı daimi nümayəndəliyində də çalışmışdır. Rus, ingilis, fransız və alman dillərini bildiyi üçün diplomatik danışıqlarda azərbaycanlıların hüquqlarını müdafiə etmişdir. Abbasəli bəy Makinski 1918-ci ilin payızında Naxçıvanda qurulan Araz-Türk hökumətinin fəallarından olmuşdur. Dövlət arxivində Abbasəli bəy Makinskinin imzası ilə o dövrün mənzərəsini əks etdirən bir sıra qiymətli sənədlər saxlanılır.
Çox təəssüf ki, Teymur bəy Makinskinin sovet hakimiyyəti illərində aqibəti haqqında əlimizdə səhih məlumat yoxdur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistan hökumətinin Azərbaycan əleyhinə və onun İrəvandakı diplomatik nümayəndəliyinə, ayrı-ayrı məsul əməkdaşlarına qarşı göstərdiyi cinayətkar fəaliyyətinin dərindən araşdırılması həm diplomatiya tariximizin, həm də onun qaranlıq səhifələrinin dərindən öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Nazim MUSTAFA,
tarix üzrə fəlsəfə doktoru,
Dövlət mükafatı laureatı