Gəncə “Avropa İdman Şəhəri” adı uğrunda yarışa qoşulub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəncə “Avropa İdman Şəhəri” adı uğrunda yarışa qoşulub

01 İyun 2018
 

Gəncə öz qədimliyini saxlamaqla bərabər, ildən-ilə yeniləşir, gözəlləşir. Son 15 ildə bu şəhərdə bir çox infrastruktur layihələri uğurla icra olunub. Qazlaşdırma yüz faizdir. Elektrik energisi fasiləsiz verilir. Sakinlərin təmiz və içməli su ilə fasiləsiz təmin olunması, yol infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı çox böyük işlər görülür. Şəhərdə ən yüksək tələblərə cavab verən hotellər, mədəniyyət ocaqları, göz oxşayan, könül açan parklar, tanınmış brendlərin məhsulları satılan mağazalar var.

Gəncə şəhəri 2016-cı ildə “Avropa Gənclər Paytaxtı”, 2017-ci ildə “MDB ölkələrinin Mədəniyyət Paytaxtı” seçildi. Həmin tədbirlərdə iştirak edənlər Gəncəni gördükdə heyrətlərini gizlədə bilməyib deyirdilər ki, burada çox böyük işlər görülüb. Siz şəhərinizlə fəxr edə bilərsiniz.

2000-ci ilin əvvəllərində Azərbaycanın ilk Olimpiya mərkəzlərindən biri də burada tikilib, sonrakı illərdə də xeyli idman obyektləri istifadəyə verilib. Əhali arasında idmanla məşğul olmaq istəyənlərin sayı artıb. Uşaqlar idmana böyük maraq göstərirlər. Məhz bunun nəticəsidir ki, şəhər idmançılarının adı ən mötəbər idman yarışlarından gəlir. Onlar Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyaraq fəxri kürsünün ən yüksək pilləsini tutur, Azərbaycanın üçrəngli bayrağını fəxrlə dalğalandırırlar. Dediyim odur ki, gəncəlilər Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasında əllərindən gələni əsirgəmirlər.

Bu günlərdə şəhər gəncləri “Avropanın İdman Şəhəri” statusunu qazanmaq uğrunda yarışa qoşulmuşlar. Bununla bağlı Gəncəyə gələn Avropa İdman Şəhərləri və Paytaxtı Federasiyasının nümayəndə heyəti də şəhərin gözəlliyinə heyran qaldılar. Avropa İdman Şəhərləri və Paytaxtı Federasiyasının prezidenti Gian Françesko Lupattelli və federasiyanın baş katibi Huqo Alonso Gəncənin 2019-cu il Avropanın İdman Şəhəri statusuna əsl namizəd olduğunu, bu yarışda qalib gələcəyini əminliklə bildirdilər.

Mən özüm  də dəfələrlə Avropa və dünya çempionatlarının iştirakçısı olmuşam. 10 ildir ki, idmanın sərbəst güləş növü ilə məşğul oluram. Çoxlu yetirmələrim var. Çalışırıq ki, biz də Gəncənin “Avropa İdman Şəhəri” adına layiq görülməsinə töhfələr verək.

 

Murad SÜLEYMANOV,

Sərbəst güləş üzrə Avropa çempionu,

Gəncə şəhəri