Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaxşıları əxz edək

01 İyun 2018
 

Biz elə bir zəmanədə yaşayırıq ki, dünyanın o başında baş verən hadisələrdən, yeniliklərdən dünyanın bu başında dərhal xəbər tuta bilirik. Digər tərəfdən indi əvvəlki dövrlərlə müqayisədə o ölkədən bu ölkəyə gediş-gəliş həm asanlaşıb, həm də artıb. Bu isə o deməkdir ki, öyrənməli, görüb-götürməli çox şey var. Ağıllı, istedadlı insanlar belə də edirlər. Yaxşılardan öyrənir, pislərdən uzaq dururlar.

Mətləbdən uzaq düşməyək. Demək istədiklərim geyimlə, dəblə bağlıdır.

İndi küçələrdə, ictimai yerlərdə sürtülmüş, yamaqlı, cırıq, hətta çirklənmiş təsiri bağışlayan şalvarlar geyinən gənc oğlan və qızlara tez-tez rast gəlmək olur. Görəsən, onlar bu dəbi haradan götürüblər, bununla nə demək istəyirlər?! Yəqin ki, bu suala onların özləri də cavab verməkdə çətinlik çəkərlər. Təəccüblü odur ki, bu xoşagəlməz tendensiya efir məkanına da ayaq açıb. Qıçlarını bir-birinin üstünə aşırıb dizini, yaxud cırıq şalvarını nümayiş etdirən aparıcılar da var.

Axı, paltar təkcə zahiri görünüş üçün deyil, insanın daxili aləminin, onun həyat tərzinin, zövqünün də bir göstəricisidir.

Unutmayaq ki, xalqımız həmişə səliqəli, zövqlü geyimləri ilə seçilib. Ərənlərimizin, bəyzadələrimizin geyimində igidliyi, mərdliyi özündə ehtiva edən elementlər üstünlük təşkil edib, xanım-xatın qızlarımız, gəlinlərimiz geyimlərində daha çox abır-həya, gözəllik simvolu olan çalarlara üstünlük veriblər. 

 

Elbrus MƏMMƏDOV,

Bərdə rayonu