Yeni park salınır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni park salınır

01 İyun 2018
 

Quba Azərbaycanın gözəl guşələrindən biridir. Burada elə kəndlər var ki, hərəsi kiçik bir xalqı təmsil edir. Yəni, kəndin öz dili, adətləri və digərlərindən fərqli cəhətləri var. Bu baxımdan Quba tolerantlığı, müxtəlif dillərdə dansan insanların bir ailədə mehriban yaşamasını nümayiş etdirən nadir bölgələrdən biridir.

Ələlxüsus, bu birlik bayramlarda özünü daha aydın büruzə verir. Vaxtilə belə tədbirlər şəhərin mərkəzindəki parklarda, Dədə  Qorqud meydanında keçirilərdi. Heydər Əliyev parkı salındıqdan sonra bütün bayramlar orada təşkil olunur.

Qubalılar park sarıdan korluq çəkməsələr də, belə parkların sayı artmaqdadır. Bununla belə, bir müddət əvvəl rayon rəhbərliyinin əhali ilə səyyar görüşündə parkların çoxaldılmasını xahiş etdik. Dedik ki, yaşıllıqlar həm gözəllikdir, həm də əhalinin sağlamlığı üçün zəruridir.  Çox sağ olsunlar ki, sözümüzü yerə salmadılar. Tezliklə rayon mərkəzində yeni parkın salınması barədə qərar qəbul edildi. Artıq bir aya yaxındır ki, Quba Müalicə Diaqnostika Mərkəzinin qarşısında yeni mədəniyyət və istirahət parkının salınmasına başlanılıb. Parkın əhatə etdiyi 5500 kvadratmetr sahədə qazıntı işləri aparılıb, ətrafında 2 metr hündürlüyündə mişar daşından istinad divarı çəkilib.

Parkın ərazisi maili olduğu üçün hər biri 500 kvadratmetrə yaxın 8 meydança tikilir. Bu meydançaların ətrafında çəmənlik salınacaq, müxtəlif dekorativ ağac və gül kolları əkiləcək, oturacaqlar qoyulacaq, uşaqlar üçün əyləncə vasitələri quraşdırılacaq.

Mərtəbə-mərtəbə hazırlanan meydançaların birindən digərinə keçid üçün pilləkənlər tikilir. Parkda kommunikasiya xətləri çəkiləcək, müasir işıqlandırma sistemi təkcə buranın deyil, yaxınlıqdakı ərazinin də gözəlliyini daha da artıracaq.

Biz, rayon camaatı demək olar hər gün inşaatçıların yanına gəlir, yeri düşəndə  onlara kömək edirik. Niyə də etməyək? Axı, orada biz istirahət edəcəyik. Yaxın vaxtlarda parkın tikintisi başa çatacaq. Bu park təkcə qubalıların deyil, qonaqlarımızın da sevimli məkanına çevrıləcək.

 

Qəhraman QASIMOV,

əməkdar jurnalist,

Quba