Görən heyran qalır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Görən heyran qalır

01 İyun 2018
 

Lənkəran rayonundakı Cil kənd sakini Əli Əkbərovun 48 yaşı var. Bakıda Mədəni-Maarif Texnikumunu bitirib. Kənd klubunda çalışır, yerli məktəbdə musiqi fənnini tədris edir. Mənzilindəki otaqlardan birini qrammofon valları və kitablar üçün ayırıb.

Burada Azərbaycanın 100-dən çox görkəmli muğam ifaçısının və müğənnisinin səsləri yazılmış 1000-ə yaxın qrammofon valları qorunub saxlanılır. Onların arasında görkəmli xanəndələr - Cabbar Qaryağdıoğlunun, Məşədi Məhəmməd Fərzəliyevin, Keçəçi oğlu Məhəmmədin və digərlərinin 1904-cü, 1905-ci, 1912-ci illərdə Varşava, Riqa, Vilnüs və digər şəhərlərdə yazılmış qrammofon valları var.

Əli Əkbərov söhbət zamanı dedi: “Anam Azərbaycan musiqisinə yaxşı bələd idi. Evdə iş-güclə məşğul olanda muğamları asta səslə zümzümə edərdi. Bu da məndə musiqiyə, muğama böyük maraq oyatdı. Qrammofon vallarını toplamağa isə orta məktəbi bitirdikdən sonra başladım. Bakıda oxuduğum illərdə sevdiyim sənətkarların evlərini qapı-qapı gəzməklə bu zəngin musiqi xəzinəsini toplamağa nail olmuşam. Bəzən məndə olmayan qrammofon valını əldə etmək üçün bir sənətkarın evinə 5-10 dəfə getmişəm. Bir qismini mağazadan almışam. Xoşbəxtəm ki, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova, Rübabə Muradova və onlarca digər görkəmli sənət xadimləri ilə görüşüb söhbətləşmək, onların canlı səsini eşitmək də qismətimə düşüb”.

Kolleksiya həvəskarı Azərbaycanda muğam sənətinin inkişafı ilə bağlı həyata keçirilən layihələri də yüksək qiymətləndirdi. Dedi ki, gənc xanəndələrimiz öz sələflərindən hələ çox öyrənməli, arxayınlaşmamalıdırlar. Klassik muğam ifaçılarımızın dəst-xətti elə bir məktəbdir ki, bu məktəbdən öyrənmək onlara ancaq fayda verər.

 

Ağaddin BABAYEV,

Lənkəran