Gərək qayğıya yaxşı oxumaqla cavab verək

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gərək qayğıya yaxşı oxumaqla cavab verək

01 İyun 2018
 

Hörmətli redaksiya!

Bu məktubu sizə Samux rayonunun Gürcüstanla sərhəddə yerləşən Burunqovaq kəndindən yazıram. Bu kənd rayon mərkəzindən 72 kilometr məsafədədir.  Valideynlərim bir vaxt deyərdilər ki, kəndin problemləri çox olub. Mavi yanacağın olmaması, elektrik enerjisinin fasilələrlə verilməsi, içməli su qıtlığı bəzi sakinlərin kənddən  köçməsi ilə nəticələnib. İndi kənddə mavi yanacaq var, elektrik təchizatı yenilənmiş və quruculuq işləri sayəsində problemlərin çoxu aradan qaldırılmışdır.

Bu günlərdə kəndimizdə yeni məktəb də istifadəyə verildi. 80 şagird üçün nəzərdə tutulan bu məktəbin 8 sinif, bir müəllimlər otağı var. Məktəbin açılış mərasimində çıxış edən rayon rəhbərlərindən biri dedi ki, Samuxda məktəblərin 80 faizi yenilənib. Yaxın günlərdə rayonun Sərkar kəndində, İnstitut qəsəbəsində yeni məktəb binalarının tikintisinə, Ziyatlı kəndindəki məktəbin əsaslı təmirinə başlanacaq.

Təzə sinif otağında isə müəllimlər bizə dedilər ki, dövlət sizin yaxşı oxumağınız, biliklərə dərindən yiyələnməyiniz üçün hər şeyi edir. Biliklərə dərindən yiyələnən insanlar həyatda düzgün yol tutur, vətənə daha çox xeyir verirlər. Siz də bu yolla gedin. Bizim sinfin şagirdləri də müəllimlərin tövsiyələrinə cavab olaraq hamılıqla söz verdi ki, yaxşı oxuyub vətənin layiqli övladı olacağıq.

 

Umud MƏMMƏDOV,

Samux rayonunun Burunqovaq kəndi