Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Normativ hüquqi aktlar haqqında” Qanuna yeni maddə əlavə edilib

31 May 2018
“Normativ hüquqi aktlar haqqında” Qanuna yeni maddə əlavə edilib.

AZƏRTAC xəbər verir ki, bunu parlamentin mayın 31-də keçirilən plenar iclasında qanun layihəsi haqqında məlumat verən Milli Məclisinin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Əli Hüseynli bildirib ki, bir müddət əvvəl parlamentdə qəbul edilən “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ilə bağlı təxminən onlarla qanuna dəyişiklik etmək zərurəti yaranıb. Yeni qanun layihəsinin işlənməsi üçün “Normativ hüquqi aktlar haqqında” Qanunda məhdudiyyətlər yarandığına görə bura yeni bir maddə əlavə edilməsi təklif olunur. Təklif edilən 5.4-cü maddədə bildirilir ki, “Ələt azad iqtisadi zonasının ərazisində “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir”.

Diqqətə çatdırılıb ki, bu, Konstitusiya qanunu layihəsidir və qəbul edildiyi təqdirdə altı ay sonra yenidən səsə qoyulmaq şərti ilə qüvvəyə minəcək.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.