Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavinini qəbul edib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavinini qəbul edib

31 May 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bricet Brinki qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi qeyd olundu.

Söhbət zamanı Cənub Qaz Dəhlizinin rəsmi açılışının əhəmiyyəti vurğulanaraq, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında getdikcə artan rolu xüsusi qeyd edildi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı münasibətilə göndərdiyi məktublarda ikitərəfli münasibətlərimizlə bağlı ifadə etdiyi fikirlərə görə minnətdarlığını bildirdi və bunun əlaqələrimizin yüksək səviyyədə olmasını nümayiş etdirdiyini vurğuladı.

Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qeyd etdi ki, Azərbaycanın mövqeyi bu münaqişənin tezliklə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllindən ibarətdir.

Söhbət zamanı Azərbaycanın beynəlxalq terrorizmlə mübarizəyə töhfəsi, o cümlədən Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı yüksək qiymətləndirildi, energetika sahəsində əlaqələr, regional əməkdaşlıq və demokratiyanın inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.