Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İLHAM ƏLİYEV daha bir əfsanəni reallığa çevirdi

31 May 2018
 

Azərbaycan qlobal enerji bazarına həm də etibarlı qaz ixracatçısı kimi daxil olur

 

13 yanvar, 2011-ci il... Avropa Komissiyasının o vaxtkı sədri Xose Manuel Barrozu Bakıda rəsmi səfərdədir. Avropa İttifaqı ilə münasibətlərin daha da genişləndirilməsi üçün fürsət kimi dəyərləndirilən bu səfərdə onun Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlarının mövzusu kifayət qədər əhatəlidir. Əsas prioritetlərdən biri isə Aİ-nın özünə strateji tərəfdaş elan etdiyi Azərbaycanla enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir...

 

Qətiyyət, əzm və tərəfdaşlığa sadiqlik

 

Düzdür, buna qədər tərəflər müxtəlif səviyyələrdə, sənəd və tədbirlərdə Azərbaycan-Aİ enerji münasibətlərinin vacibliyini bəyan etmişdilər. 2006-cı ilin noyabr ayında Brüsseldə imzalanmış “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, 2008-ci ilin noyabr ayında imzalanmış Bakı Bəyannaməsi, 2009-cu ilin may ayında keçirilmiş Praqa zirvə görüşünün müvafiq enerji bəyannaməsində təsbit olunmuş Azərbaycan-Aİ enerji münasibətlərinin vacibliyi hər iki tərəfin bu məsələdə aydın əməkdaşlıq niyyətindən xəbər verirdi. Xose Manuel Barrozu sözügedən səfəri zamanı imzalanan “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə” isə buna qədər aparılan danışıqların, anlaşmaların bir növ yekunu olmaqla əməkdaşlıqda tamamilə yeni mərhələnin əsasını qoydu.
Bəlkə də bəzilərinə o zaman “Cənub qaz dəhlizi”nin ərsəyə gəlməsi əfsanə və xəyal kimi görünə bilərdi. Necə ki, “Əsrin müqaviləsi” imzalananda çoxları onun gələcəyinə, sənəddə qarşıya qoyulan niyyətlərin gerçəkləşməsinə inana bilmirdilər. Amma Azərbaycan həmin müqavilədə qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlməyi bacardı və məqsədlərinə tam çatdı. Bu mənada rəsmi Bakı Aİ ilə “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”ni Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasını qətiyyətlə başa çatdıran, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini əzmlə reallaşdırmaqda olan bir dövlət kimi imzalamışdı. Elə Aİ rəhbərliyi də Bakının qətiyyətini, əzmini, tərəfdaşlığa olan sadiqliyini görür və qiymətləndirirdi.
“Cənub qaz dəhlizi”nin təməli 2014-cü il sentyabrın 20-də qoyuldu. Tarix təsadüfi seçilməmişdi. Həmin gün “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ili tamam olurdu. Bu mənada layihənin təməlinin həmin gün qoyulması həm də Azərbaycanın öz enerji siyasətini uğurla həyata keçirməsi, bu sahədə xarici tərəfdaşlarla əməkdaşlıqda üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirməsi barədə dünyaya verdiyi mesaj idi. Çünki “Cənub qaz dəhlizi”ndə maraqlı olan hər bir ölkə, şirkət, maliyyə institutu istər-istəməz “Əsrin müqaviləsi”nin taleyi ilə maraqlanacaqdı. Beləliklə, neftdən sonra təbii qazını da dünya bazarlarına çıxarmaqda maraqlı olan Azərbaycan öz məqsədinə sürətlə yaxınlaşırdı.
Və cəmi 4 ildən də az müddətdə bütün işlər yerinə yetirildi. Mayın 29-da rəsmi açılışı olan “Cənub qaz dəhlizi” Azərbaycanın enerji siyasətinin növbəti möhtəşəm uğuru kimi tarixə düşdü. Prezident İlham Əliyevin dediyi kimi, “Cənub qaz dəhlizi”nin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır.

 

Regionun enerji xəritəsi dəyişdi

 

Ümumiyyətlə, Azərbaycan artıq çoxdandır yalnız neft ölkəsi kimi tanınmır. Belə ki, respublikamız özünün enerji siyasətini həm də təbii qaz amili üzərində qurmaqla, regionu və Avropanı daim düşündürən enerji təhlükəsizliyi məsələsində aktiv söz sahibi kimi çıxış edir. Hələ 1999-cu ildə Xəzərin Azərbaycan sektorunda “Şahdəniz” qaz yatağının kəşfi və buradan hasilatın başlaması ölkəmizin enerji təhlükəsizliyinin tam təmin olunması ilə yanaşı, dünya enerji bazarında böyük hadisəyə çevrilmişdi. 2006-cı ildə “Şahdəniz” yatağının istismarının birinci mərhələsinin başlanmasından sonra təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz Qaz Boru Kəməri vasitəsilə Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın enerji sənayesi tarixində yeni səhifə açaraq ölkəmizi qaz ixracatçısına çevirdi.
Xatırladaq ki, 2010-cu ildə “Ümid” yatağının, 2011-ci ildə “Abşeron” blokunda aparılan qazma və kəşfiyyat işləri nəticəsində böyük qaz yatağının aşkarlanması ölkəmizin böyük həcmdə təbii qaz ehtiyatlarına malik olduğunu bir daha təsdiq etdi. Bütün bunlar ilk növbədə, Azərbaycanın qaz ehtiyatları barədə təhrif olunmuş informasiyalara son qoymaqla yanaşı, gələcəkdə respublikamızın qaz ixracının artacağından xəbər verirdi. Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir.
Azərbaycanda aşkar edilmiş ən böyük təbii qaz mənbəyi olan “Şahdəniz” yatağı “Cənub qaz dəhlizi”nin əsas resurs bazasıdır. Bu nəhəng yataq təxminən 860 kvadratkilometr ərazini əhatə edir və onun ilkin geoloji qaz ehtiyatı 1,2 trilyon kubmetrdir. Bu yatağın işlənməsinin ikinci mərhələsi ilə yanaşı, Cənubi Qafqaz Qaz Kəməri, Transanadolu qaz boru kəməri (TANAP) və Transadriatik boru kəməri (TAP) “Cənub qaz dəhlizi”nin əsas komponentləridir. 2012-ci ildə inşasına başlanan TANAP-ın iyun ayının 12-də Türkiyənin Əskişəhər şəhərində rəsmi açılışı olacaq. Qalır bircə TAP kəməri. Bütövlükdə 3500 kilometr uzunluğunda olacaq boru kəməri vasitəsilə Azərbaycanın təbii qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya ərazisinə nəql olunacaq.
Qeyd edək ki, Avropada yerli qaz istehsalının yaxın iyirmi il ərzində azalacağı gözlənilir. Artan idxal çatışmazlığı ilə əlaqədar Aİ gələcək enerji tələbatını qarşılamaq üçün öz idxal imkanlarını daha da şaxələndirməlidir. “Cənub qaz dəhlizi” mövcud təchizat marşrutlarına əlavə olacaq və artan mayeləşdirilmiş təbii qaz daşımaları, “Şimal axını” kimi yeni əlavələrlə birlikdə idxal çatışmazlığını azaltmağa kömək edəcək. Öz nəhəngliyi ilə seçilən “Cənub qaz dəhlizi” həm də Xəzər dənizinin qaz resurslarını ilk dəfə birbaşa Avropa bazarlarına çıxararaq, bütöv regionun enerji xəritəsini dəyişəcək. Digər tərəfdən, təbii qaz 2040-cı ilə qədər ildə 1,5-1,8 faiz artaraq ən tez hasil edilən yanacaq növü olacaq. Həmin dövrdə qlobal ümumi təbii qaz ixracı 50 faiz artacaq. Avropa bazarı bu artımın çoxunu özünə cəlb edəcək ki, bu da “Cənub qaz dəhlizi” infrastrukturunun önəmini bir daha artıracaq. Bu baxımdan “Cənub qaz dəhlizi” dünyanın müxtəlif regionlarını təmsil edən, qaz hasilatçısı və ixracatçısı olan 19 ölkədən ibarət Qaz İxrac Edən Ölkələr Forumunun məqsədləri ilə də tam uzlaşır.

 

Bu dəhliz Azərbaycana böyük məbləğdə xarici valyutanın daxil olmasına şərait yaradacaq

 

Vaxtilə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycan bir dövlət kimi müstəqilliyini daha da möhkəmləndirdi. BTC-nin istifadəyə verilməsindən sonra respublikamız öz təbii sərvətinin bəhrəsini görməyə başladı. “Cənub qaz dəhlizi”nin başa çatması isə Azərbaycanın enerji sahəsindən indiyədək qazandığı dividendlərin miqyasını daha da artıracaq. Təbii ki, bu nəhəng infrastruktur layihəsi ilk növbədə Azərbaycanın beynəlxalq mövqelərini daha möhkəmləndirəcək, ölkəmiz enerji təhlükəsizliyi sahəsində aparıcı söz sahibi olaraq qalacaq. İndiyə qədər Gürcüstan və Türkiyəyə ixrac olunan təbii qazımız ən yaxın gələcəkdə Avropa bazarlarına çıxarılacaq. Bununla da “Cənub qaz dəhlizi” Azərbaycan qazının ən az 100 il birbaşa satışı üçün Avropada vasitəçisiz bazar yaradacaq, bununla da ölkəmiz dünyada həm də qlobal qaz ixracatçısına çevriləcək.
Ən əsası bu dəhlizin başa çatması qarşıdakı illərdə Azərbaycana böyük məbləğdə “təbii qaz dollarları”nın daxil olmasına şərait yaradacaq. Bu isə uzun illər Azərbaycanın milli gəlirinin formalaşmasının diversifikasiyası deməkdir. Artan gəlirlər ölkəmizin inkişafına böyük töhfələr verəcək, inkişaf dinamikasının miqyası artacaq. Bu da Azərbaycan üçün qarşıdakı illər ərzində iqtisadi sabitliyin təminat altına alınması deməkdir. Belə ki, dünyada hər an yenidən baş qaldıra biləcək iqtisadi təlatümlər fonunda bu dəhlizin istifadəyə verilməsi ölkəmizin gələcək müstəqil və sabit inkişafı baxımından çox əhəmiyyətlidir.
Bu dəhlizin işə düşməsi Aİ-nin enerji təhlükəsizliyinə həqiqətən yeni elementlər gətirəcək. Xüsusən Avropa ölkələrinin enerji təminatında yeni imkanlar açaraq qaz tədarükü mənbələrini şaxələndirməyə, yeni alternativ marşrutlardan istifadəyə, yüz minlərlə adamı sərfəli enerji ilə təmin etməyə şərait yaradacaq, dəhliz boyunca yerləşən ölkələrdə yeni texnologiyaların, iş yerlərinin yaranmasına və investisiyaların artmasına gətirib çıxaracaq. Məhz buna görə həm Aİ, həm beynəlxalq maliyyə təşkilatları, o cümlədən Amerika Birləşmiş Ştatları bu layihəyə daim maraq göstərib və dəstəklərini ifadə ediblər.
Azərbaycanın 1994-cü ildən indiyədək neft-qaz sahəsində qazandığı hər bir uğur ulu öndər Heydər Əliyevin enerji strategiyasının təntənəsi, Prezident İlham Əliyevin müdrik siyasətinin məntiqi nəticəsidir. Bu uğurlar müstəqil Azərbaycan dövlətinin taleyində xüsusi əhəmiyyət kəsb edən, ölkəmizin tarixində mühüm yeri olan misilsiz qələbələrdir. “Cənub qaz dəhlizi”nin çəkilişinin başa çatmasından sonra Azərbaycanın inkişaf tarixində yeni mərhələ başlayır. Bu mərhələdə qazanılan hər bir uğur isə Azərbaycanın daha qüdrətlənməsinə, inkişafına və vətəndaşlarımızın rifahına xidmət edəcək.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”