Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda soft kompütinq üzrə VII beynəlxalq konfrans keçirilir

31 May 2018
 

Mayın 30-da Bakıda dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunmuş soft kompütinq üzrə VII beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra Fəxri xiyabanda görkəmli alim Lütfi Zadənin xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tədbirdə çıxış edən konfransın baş katibi, Azərbaycan Texniki Universitetinin (AzTU) professoru Şahnaz Şahbazova dünya şöhrətli alim Lütfi Zadənin elmi fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, konfransa dünyanın bir çox ölkələrindən, o cümlədən Meksika, Yaponiya, Avstriya, Bolqarıstan, Rumıniya, Macarıstan, Çexiya,  İspaniya, Belçika, Norveç, Ukrayna, Rusiya, Slovakiya, Kanada, Səudiyyə Ərəbistanı, Hindistan, İran, Almaniya, Polşa, İsrail, Latviya və ABŞ-dan olan alimlər 128 elmi məqalə təqdim ediblər. İştirakçı alimlər arasında gənclər üstünlük təşkil edirlər. Bu da onunla bağlıdır ki, Lütfi Zadə gənc tədqiqatçıların yeni elmi işlərdən yararlanmaları baxımından soft kompütinq üzrə konfransların təşkilini daim yüksək qiymətləndirib.

Şahnaz Şahbazova qeyd edib ki, soft kompütinq üzrə konfrans 2011-ci ildən keçirilir. Bu tədbir isə Lütfi Zadənin ölümündən sonra keçirilən ilk konfransdır.

Görkəmli alimin həyat və yaradıcılığından, banisi olduğu süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsindən danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun direktoru akademik Telman Əliyev bildirib ki, Lütfi Zadənin nəzəriyyələri hazırda elm və istehsalatda geniş tətbiq olunur, bütün dünya böyük iqtisadi səmərə gətirən bu nəzəriyyələrdən bəhrələnir.

T.Əliyev bildirib ki, konfransın Bakıda təşkil olunması azərbaycanlı alimlər üçün böyük imkanlar açır. Belə ki, alimlərimiz tədbirdə iştirak edən məşhur tədqiqatçılarla əlaqə yaradaraq birgə layihələr həyata keçirə bilərlər. Təbii ki, bu da Azərbaycan elminə öz töhfəsini verəcək.

ABŞ-ın Kaliforniya ştatından olan professor Jerry Mendel, Texas Universitetindən Vladik Kreinoviç, polşalı alim Janusz Kacprzyk çıxış edərək Lütfi Zadənin banisi olduğu nəzəriyyələrin elmi aktuallığından, onun nəzəriyyələrinin tədqiqi, tətbiqi və iqtisadi əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə dünya elminə layiqli töhfələr vermiş görkəmli şəxsiyyətlərdəndir. Texnoloji və elmi nailiyyətlər davam etdikcə bu böyük alimin adı da əbədi yaşayacaq.

Konfrans iştirakçıları ölümündən sonra Lutfi Zadəyə verilən “Qızıl Qaz” (“Golden Goose”) mükafatı ilə bağlı videoçarxı izləyiblər.

Konfrans bölmələrdə öz işini davam etdirib. Alimlər Lütfi Zadənin nəzəriyyələri əsasında əldə etdikləri elmi nəticələr və yeniliklər barədə məlumat veriblər.

Konfrans işini mayın 31-də yekunlaşdıracaq.