Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti “Xəzər Neft və Qaz” sərgisində elmi nailiyyətlərini təqdim edir

30 May 2018
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) XXV Beynəlxalq Yubiley “Xəzər Neft və Qaz” sərgisində təmsil olunur.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, bu ali təhsil ocağının stendində universitetin energetika fakültəsinin müəllim və tələbələrinin hazırladıqları Dəniz Dalğa Elektrik Stansiyasının maketi, qaz-neft mədən fakültəsinin professor və müəllimlərinin layihələri, eləcə də “eazi START” Startap və İnnovasiya Mərkəzinin tələbələrinin “Kubi rub” və “Smart Keyboard” startap layihələrinin prototipləri, Azərbaycan, rus və ingilis dillərində prospektlər, bukletlər, Azərbaycan və ingilis dillərində dərc olunan “Oil and İndustry” jurnalı təqdim olunub.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetin stendinə maraq göstərən sərgi ziyarətçilərinin suallarını cavablandırıb, ali məktəbdə reallaşdırılan layihələr, yeniliklər barədə onlara məlumat verib.

Sərgidə iştirakçı şirkətlər tərəfindən ADNSU-nun təqdim etdiyi layihələrə böyük maraq göstərilib, perspektiv əməkdaşlıq məsələlərinin müzakirəsi üçün görüşlərin keçirilməsinə dair razılıq əldə olunub.

M.Babanlı sərgidə iştirak edən digər yerli və xarici şirkətlərin stendləri ilə tanış olub, universitetlə tərəfdaş olan müəssisələrin rəhbərləri ilə görüşüb, onlara fəaliyyətlərində uğurlar arzulayıb.