Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

28 May 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi və 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak etmək üçün Azərbaycana səfər etdiyinə görə Baronessa Emma Nikolsona minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına son səfərini məmnunluqla xatırladı.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, BP və SOCAR şirkətləri arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd edildi.

Baronessa Emma Nikolson Bakıda keçirilən Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi və 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin önəminə toxunaraq bu tədbirlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə üst-üstə düşməsinin rəmzi xarakter daşıdığını vurğuladı. Baronessa Emma Nikolson bu təbirləri əlamətdar hadisələr kimi dəyərləndirərək bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırdı.