Milli Məclisdə “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda tədbir keçirilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisdə “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda tədbir keçirilib

24 May 2018
 

Mayın 23-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib. Diqqətə çatdırıb ki, ümummilli lider hər zaman milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini xüsusi qeyd edirdi. Bu gün ölkəmizdə ailə institutunun qorunması prioritet məsələlərdəndir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, inkişafına çalışır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır. Azərbaycan ailəsi dünyada özünəməxsusluğu ilə seçilir. Bizim qədimdən gələn ailə modelimiz var.
Aqiyə Naxçıvanlı vurğulayıb ki, mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də cəmiyyətdə erkən nikahlar problem olaraq qalır. Erkən nikahlarda məişət zorakılığından tutmuş doğuş zamanı ana və uşaq ölümlərinə, boşanmalara, fiziki və psixoloji çətinliklərə rast gəlinir. Eyni zamanda, təhsildən yayınma halları da baş verir.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tədbirin mövzusunun bu gün cəmiyyətimiz üçün çox aktual və maraqlı olduğunu söyləyib. O, boşanma hallarının yaratdığı problemlərdən danışıb. Bildirib ki, bir valideynlə yaşayan uşaqların həm fiziki, həm də psixi sağlamlığında olan problemlər hər iki valideyni ilə yaşayanlara nisbətən daha çoxdur. Bu, həm somatik, həm yoluxucu xəstəliklərə, xüsusilə psixi pozulmalara aiddir. Bunun əsas səbəbi onunla bağlıdır ki, bir valideynlə yaşayan uşaqlar kifayət qədər diqqət görmür. Valideyn çalışır və uşaqların sağlamlığı diqqətdən kənarda qalır. Bir sözlə, ailələrin dağılması, boşanmalar, ilk növbədə, uşaqların sağlamlığına təsir edir. Uşaqların sağlamlığına təsir edən digər fakt isə ailələrin sosial-iqtisadi vəziyyətidir. Bir ailədə bir valideyn olanda şübhəsiz ki, onun maliyyə vəziyyəti də çətin olur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib ki, ölkəmizdə ailəyə xüsusi diqqət göstərilir və bu sahədə dövlət siyasəti həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həm hüquqi bazanın mükəmməlləşməsində, həm ailə institutunun inkişaf etdirilməsində öz səylərini göstərir, bununla bağlı tədbirlər görür. Komitənin regionlarda 11 mərkəzi var və bunlar Azərbaycan ailəsinə dəstək kimi böyük əhəmiyyət kəsb edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ən çox alimentlərlə bağlı müraciətlər daxil olduğunu deyən S.Qəhrəmanova bildirib ki, cüzi miqdarda olan alimentin verilməsi problemə çevrilir. Eyni zamanda, məişət zorakılığı ilə bağlı da müraciətlər daxil olur. “Boşanan ailələrin təməli düzgün qoyulmur. Boşanmaların sayı artırsa, bu, problemdir. Dövlət komitəsi bununla bağlı maarifləndirmə tədbirləri keçirir. Azərbaycanda qeyri-rəsmi nikahlardan hər il iki minə yaxın uşaq doğulur. Düzdür, 10 il bundan öncə bu rəqəm daha böyük idi. Erkən nikahla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilməlidir”, - deyə komitə sədrinin müavini bildirib.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ailələrin dağılmasının əsas səbəblərindən biri kimi sosial şəbəkələri göstərib. O, Azərbaycanda çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsini təklif edib. Azərbaycanda nikaha girənlərə nikahın rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verildiyini deyən H.Rəcəbli həmin müddətdə gənclər üçün xüsusi kurslar təşkil edilməsinin vacibliyini vurğulayıb.
Komitə sədri bildirib ki, ulu öndər Heydər Əliyev ailə, qadın və uşaq məsələlərini daim diqqətdə saxlayıb. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da bu sahəyə xüsusi diqqət və qayğı göstərirlər.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ailələrin dağılmasının əsas səbəblərindən biri kimi valideynlərin ailəyə müdaxiləsini göstərib. “Valideyn istəyir övladı ailə qursun, amma bilmir övladı buna hazırdır, ya yox”, - deyən S.Novruzov diqqətə çatdırıb ki, ailə milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısıdır.
Komitə sədri nikah müqavilələrinin bağlanmasının vacibliyini qeyd edib. Bildirib ki, bu gün müvafiq qurumlara boşanmalarla bağlı müraciətlərin əsas səbəbləri mülkiyyət münasibətləri, alimentin verilməməsi, uşağın valideynə göstərilməməsi kimi məsələlərdir. Bunların aradan qaldırılması üçün ilkin olaraq nikah müqaviləsi bağlanmalıdır.
Bakı Dövlət Universitetinin sosial və pedaqoji psixologiya kafedrasının müdiri professor Kamilə Əliyeva deyib ki, cəmiyyətin sosial-iqtisadi inkişafının sürətlənməsi fonunda insanların psixoloji vəziyyəti ilə bağlı bir sıra problemlər özünü göstərir. Bununla yanaşı, ölkəmizin 25 ildən artıqdır ki, məcburi müharibəyə cəlb edilməsi, zaman-zaman yüksələn qlobal ziddiyyətlər, eləcə də böyük dövlətlərin apardığı və kiçik dövlətlərin cəlb olunduğu lokal müharibələr gündəlik həyatımızda neqativ halların yaranmasına səbəb olur, stress hallarını artırır. Nəzərə almaq lazımdır ki, belə vəziyyətlərin və neqativ proseslərin təsiri altında psixologiya şəraitə uyğunlaşa bilmir. İnsanlar aqressiv davranışa meyil edirlər. Bu isə qurulan ailələrin dağılmasına, məişət zorakılığı, intihar kimi sosial problemlərin yaranmasına səbəb olur. Müasir dövrdə tez-tez rastlaşdığımız sosial bəlalar arasında həlli vacib olan problemlərdən biri intiharlarla bağlıdır. Demək olar ki, tez-tez müxtəlif yaşlı insanlar hansısa səbəblərdən intihar və ya buna cəhd edir.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.