Milli Məclisin komitə iclasında bir sıra məsələlər müzakirəyə çıxarılıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin komitə iclasında bir sıra məsələlər müzakirəyə çıxarılıb

22 May 2018
 

Mayın 22-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitənin sədri Hadi Rəcəbli gündəliyin birinci məsələsinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi olduğunu deyib.

Qanun layihəsinin üçüncü oxunuşu barədə Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev məlumat verib. Bildirib ki, əvvəlki oxunuşdan sonra deputatlar tərəfindən irəli sürülən bəzi düzəlişlər nəzərə alınıb. Səkkiz fəsil və 40 maddədən ibarət olan layihədə bildirilir ki, əlilliyi olan şəxslər Azərbaycan Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması üçün, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür.

Çıxış edən komitə üzvləri Rauf Əliyev, İlham Məmmədov, Musa Quliyev, Rafiq Məmmədhəsənov, Aytən Mustafazadə, Jalə Əliyeva, Sevinc Hüseynova və Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova layihə barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

İclasda Əmək Məcəlləsinə və “Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər də müzakirə edilib. Bildirilib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsini təmin edən yeni sistemin formalaşdırılması, pedaqoji heyətin sertifikatlaşdırılması sisteminin yaradılması kimi hədəflərin icrasını özündə ehtiva edir. “Təhsil haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə isə Milli Məclis Aparatının sosial qanunvericilik şöbəsinin məsləhətçisi Təranə Qurbanova məlumat verib. Bildirib ki, bu dəyişikliklər “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş hədəflərə nail olunması və müasir təhsil sisteminin formalaşdırılması istiqamətində normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədi daşıyır.

Müzakirələrdən sonra təklif olunan dəyişikliklər məqbul hesab edilib və Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bununla da əmək və sosial siyasət komitəsinin iclası başa çatıb.