Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mövsümi meyvələrin faydası

22 May 2018
Mövsümi meyvələr orqanizm üçün çox faydalıdır.

AZƏRTAC xəbər verir ki, həmin meyvələrin tərkibində olan maddələr orqanizmin vitamin və elementlərə olan tələbatının xeyli hissəsini ödəyir.

Alça mövsümi meyvələrin içərisində çox sevilənlərdən biridir. Onun tərkibi qida lifi ilə zəngindir. Antioksidant komponenti ilə orqanizmi qoruyan və C vitamini ehtiva edən alça xəstəliklərə qarşı müqaviməti artırır, xolesterinin miqdarının tənzimlənməsinə kömək edir. 100 qram alça təxminən 45 kaloridir, tərkibində A, K və C vitaminləri üstünlük təşkil edir. Diyetoloqların dediyinə görə, 100 qram alça yeyilməsi gündəlik C vitamini ehtiyacının təxminən 16 faizini ödəyir, infarkt və digər ürək xəstəlikləri, eyni zamanda, astma, revmatizm, xərçəng riskini azaldan meyvələr arasında ilk sırada dayanır. Alçanı pəhriz yeməkləri sırasına da daxil etmək olar.

Çiyələk də faydalı mövsüm meyvəsi hesab olunur. Elmi tədqiqatlar sübut edib ki, çiyələyin tərkibində insanda rahatlıq yaradan 50-dən çox ətirli maddə var. Mənfi emosiyaların bir anda yox olması üçün cəmi 150 qram çiyələk qəbul etmək kifayətdir. Tərkibində C vitaminin çoxluğuna görə çiyələk təkcə qara qarağatdan geri qalır. Miqdarına görə isə fol turşusu çiyələkdə moruq və üzümdə olduğundan daha çoxdur. Çiyələk immun sistemi və damar divarlarını möhkəmləndirir, orqanizmi viruslardan qoruyur, qrip və soyuqlama zamanı profilaktika məqsədilə istifadə olunur. Güclü iltihab və mikrob əleyhinə vasitədir. Çiyələk ağızdan gələn xoşagəlməz qoxunu yox edir, tərkibində kifayət qədər yod olduğu üçün yayda bu maddə ilə zəngin digər qidalara o qədər də ehtiyac yaratmır. Şirin dadına baxmayaraq, qanda şəkərin miqdarını azaltmaq xüsusiyyətinə malikdir. Böyrək problemi olanlar üçün faydalıdır. Çiyələk meyvəsi və yarpaqlarından hazırlanmış dəmləmə orqanizmdə maddələr mübadiləsini və arterial təzyiqin normallaşmasına kömək edir. Bu meyvə yuxusuzluq zamanı da faydalı təsir göstərir. Qan azlığı, oynaq ağrılarının aradan qaldırılması və qan dövranının yaxşılaşması üçün çiyələyin rasionda olması çox xeyirlidir.

Faydalı meyvələrdən olan gilasın da sağlamlıq üçün çoxlu faydası var. Gilas orqanları hüceyrə zədələnməsindən qoruyan C, A və K vitaminləri, fosfor, dəmir və kalsium kimi minerallarla zəngindir. Həzm prosesinə də yaxşı təsir göstərir, yatmazdan bir neçə saat əvvəl gilas yemək yuxuya getməni asanlaşdırır. Onun tərkibi qida lifi ilə zəngin olduğuna görə artıq çəkidən xilas olmaq istəyənlərə də tövsiyə edilir. Gilas diabetik riski aşağı salır, dərini qoruyur, yaşlanma əlamətlərini gecikdirir. Bundan başqa gilas nevroloji xəstəliklərin müalicəsinə müsbət təsir göstərir, immunitet sistemini gücləndirir.