Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İstiqlalın canlı sipərləri

20 May 2018
 

19 may 2015-ci il... 

Bakıda yeni bir yaz səhəridir. Paytaxt səması aydın və dupdurudur. Ağ buludlarda yerdəki əmin-amanlığın, hüzurun sakitliyi duyulur sanki.
Qəfil şəhərin şimal-qərb səmtindən göylərə bülənd olan qara tüstü bu həzin sakitliyi bir andaca pozur. İlk dəqiqələrdə insanlar nəyin baş verdiyini bilməsələr də, hamı nəsə dəhşətli bir faciənin yaşandığının fərqindədir.
Və tezliklə sosial şəbəkələrdə görünən ilk qısa xəbərlər...
Tüstünün çıxdığı məkanda baş verənlər doğrudan da sözlə təsviri mümkünsüz faciədir. Anidən böyük bir binanı ağuşuna almış alovun dilimləri mərtəbə-mərtəbə yüksələrək mənzilləri bir-bir işğal edir. Ana oğlundan, ata qızından, baba-nənə nəvələrindən ayrı düşüb. Hamı vahimə içində çırpınır. Bir tərəfdən yanğının qorxusu, bir tərəfdən də doğmalarının içəridə yanıb kül olması vəhşəti insanları çarəsiz durumla üz-üzə qoyub. Hamı içəridəkilərin xilası üçün nəsə etmək istəyir, amma alov və onun zəhərli qara tüstüsü o qədər güclüdür ki, binaya daxil olmaq labüd ölümə getmək deməkdir.
Bu an gənc polis çavuşu irəli şığıyır, özünü oda atır, qara tüstüdən görünməz olan binaya daxil olub bir müddət sonra qucağında körpə alovun içindən çıxır! Ölümün cəngindən qopardığı balacanı ətrafdakılara təhvil verərək yenidən binaya - alovla, qara nəfəsli ölümlə mübarizəyə, insan həyatını xilas etməyə qayıdır!
Hamının həyəcan içində olduğu bir zamanda hadisə yerində çəkiliş aparan “Assoşieyted Press” agentliyinin müxbiri məqam taparaq çöhrəsindən cəsarət və mətinlik yağan, öz həyatını düşünmədən darda qalan insanların xilasına tələsən polis nəfərinin surətini kameranın yaddaşına köçürür...
Növbəti gün dünya informasiya agentlikləri Bakıdakı dəhşətli yanğından epizodlarla yanaşı, dörd nəfər insanın həyatını xilas edən polisin də şəklini səxavətlə paylaşmışdı.
Günün hadisəsi yanğın, günün qəhrəmanı isə Azərbaycan polisi sayılmışdı!
Əslində, polis çavuşu Emin Abışov o müdhiş hadisə zamanı, yalnız insanların həyatını xilas etməmişdi. Həm də mənsub olduğu strukturun gündəlik iş fəaliyyətinin bütün mahiyyətini qəhrəman obrazının əbədiləşdiyi foto vasitəsilə ictimailəşdirmişdi.
Bakıda baş vermiş ağır yanğın hadisəsini işıqlandıran dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələri də məhz bu fotonu belə bir başlıq altında yaymışdılar: “Qəhrəman polis”.
***
Bu, Azərbaycan polisinin qəhrəmanlığıdır!
Amma onun qəhrəmanlığının hamısı deyil!
Saysız-hesabsız qəhrəmanlıq nümunələrindən yalnız biridir, sırf təsadüf üzündən fotokameranın obyektivinə yaxalanmış ani epizoddur. Əslində, Azərbaycan polisi eyni qəhrəmanlığı hər gün, hər yerdə nümayiş etdirir!
İnsanları, həyatımızın sakit axarını qorumaqdan ötrü özünü ölümün ağzına atır. Əli silahlı cinayətkarların üzərinə bəzən hətta yalın əllə gedərək igidlik göstərir. Həyatını, sağlamlığını şüurlu surətdə təhlükədə qoyan Azərbaycan polisi dövlətə və cəmiyyətimizə layiqincə xidmət edir! Bütün risklərə, çətinliklərə rəğmən, öz missiyasını şərəflə yerinə yetirir, mübarizliyini, sayıqlığını bir an belə əldən vermir.
Əfsus ki, bunların hamısını çəkib göstərmək, yaymaq, şəkillərin, videotəsvirlərin yaddaşında əbədiləşdirmək mümkün olmur. Çünki polis xidmətə gedəndə özü ilə fotoqraf, jurnalist aparmır. Həm də hansı təhlükə ilə üzləşəcəyini irəlicədən bilmir. Ona görə də polisimizin qürur doğuran fəaliyyətinin bəlkə heç 90 faizindən xəbər tutmuruq. Onların əməyi, fədakarlığı əksər hallarda mətbuatdan kənarda qalır.
Biz bu əmək, fədakarlıq, qəhrəmanlıq sayəsində yaradılan sabitliyi, rahatlığı, özgüvəni isə daim duyub hiss edirik, həyatımızın hər saniyəsində yaşayırıq. Amma insanlarda, ümumən cəmiyyətdə bu hissin hansı çətinliklər bahasına yarandığının bəlkə də heç fərqində olmuruq.
***
İndi isə onların qəhrəmanlığının 100-cü ildönümünü qeyd etməyə hazırlaşırıq.
Məhz qəhrəmanlığının 100-cü ilini...
Azərbaycan polisi düz bir əsrdir ki, Azərbaycan xalqını müxtəlif təhlükələrdən, cinayətkar ünsürlərdən və ayrı-ayrı təhdidlərdən qoruyur.
“Polis” sözünün ilkin mənası “dövlət” deməkdir. Azərbaycan polisinin fəaliyyəti də Azərbaycan dövlətinin elan olunması ilə başlanır. Bəli, Azərbaycan polisi istiqlalımızın, Cümhuriyyətimizin yaşıdıdır.
Qədim dövlətçilik irsinə malik Azərbaycanda asayişin qorunması və cinayətkarlığa qarşı sistemli mübarizə ənənəsi Avropada polis xidmətinin yaranması ilə eyni vaxta təsadüf edir.
Bu ənənələr XIX əsrin birinci yarısında, Azərbaycanın Rusiya imperiyasının tərkibində olduğu dövrdə formalaşmağa başlamış, 1840-cı ildən müvafiq qurumlar yaradılmışdır. Milli polis orqanlarımızın təsis olunması isə müsəlman Şərqinin ilk demokratik respublikası kimi Vətənin istiqlalını bütün dünyaya bəyan edən Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlıdır. Mayın 28-də Cümhuriyyət elan olundu, Fətəli xan Xoyskinin başçılığı ilə təşkil edilmiş ilk milli hökumətin əsas addımlarından biri elə səhəri gün - mayın 29-da Azərbaycanın ilk Daxili İşlər Nazirliyini yaratmaqdan ibarət oldu. Bu sahəyə o qədər mühüm məsələ kimi baxılırdı ki, Fətəli xan Xoyski həm Nazirlər Şurasının sədri, həm də daxili işlər naziri vəzifəsini yerinə yetirirdi. Sonra ayrı-ayrı vaxtlarda Behbud xan Cavanşir, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Məmmədhəsən Hacınski və Mustafa bəy Vəkilov da Azərbaycanın daxili işlər naziri vəzifəsini icra etdilər. Bu şəxslərin hamısı zəmanələrinin görkəmli ictimai-siyasi xadimləri, cəmiyyətdə böyük nüfuz qazanmış ziyalılar, əsl vətənpərvərlər idi!
Milli hökumətin 24 iyun 1918-ci il tarixli 178 nömrəli qərarına əsasən, 1918-ci il iyulun 2-də Yelizavetpol (Gəncə) quberniyasında ilk milli polis orqanları yaradılaraq ştatları təsdiqləndi.
Və beləliklə, Azərbaycan polisi çox çətin tarixi sınaqlar dövründə şərəfli missiyasının icrasına başladı...
Cənubi Qafqaz respublikaları içərisində Azərbaycan yeganə dövlət idi ki, onun təsis etdiyi polis həm xalqın azadlığını və dövlətin müstəqilliyini müdafiə edir, həm də separatizmə qarşı əzmlə mübarizə aparırdı. Ümumən həmin dövrdə polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynayır, müstəqilliyin müdafiəsi uğrunda mübarizənin ön sıralarında gedirdi.
Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəksə də, o ayların ruhu, cəmiyyət qarşısında müəyyən edilmiş öhdəliklər Azərbaycan polisini tərk etmədi. Bu, bir əsrlik dövrün sovet dönəmində xalqa və dövlətə xidmətin milis, müstəqillik illərində isə polis adı altında yerinə yetirilməsi, əslində, yalnız adı dəyişdi. Missiyanın mahiyyəti, zabit mundirində daşınan dövlətçilik atributlarımıza sadiqlik, Azərbaycan amalı dəyişməz qaldı. Onlar bu amala, milli ideyalara, dəyərlərə, zabit şərəfinə nə qədər bağlı olduqlarını hələ milis adı altında fəaliyyət göstərdikləri sovet dövründə də dəfələrlə sübuta yetirdilər.
Azərbaycan polisinin fəaliyyətində köklü islahatların yarandığı ilk “qızıl dövr” də məhz Heydər Əliyevin ötən əsrin 70-80-ci illərdəki rəhbərliyi altında gerçəkləşdi. “Milis” adını daşıyan daxili işlər orqanlarının mənən saflaşdırılmasına, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında peşəkarlaşdırılmasına və digər bu kimi mühüm addımlara məhz ümummilli liderimiz böyük uzaqgörənliklə nail oldu və bu strukturlarda milliləşmə prosesi böyük vüsətlə getdi.
Cəmiyyətdə hüquqi dəyərlər bir günə, beş günə formalaşmır. İnsanların onları əxz etməsi, öz həyatını bu dəyərlərə uyğunlaşdırması, cinayətə və cinayətkarlığa barışmaz ruhda köklənməsi, vətəndaş olaraq öz hüquq və məsuliyyətini anlamasından ötrü onilliklər lazımdır. Bu mənada, ölkəmizdə nizamlı bir cəmiyyətin yaranmasında, qanunlara hörmət hissinin formalaşmasında, cinayətkarlığın qarşısının alınmasında Azərbaycan hüquq-mühafizə orqanlarının sovet dövründə gördüyü işlər, özü haqqında formalaşdırdığı ictimai obraz çox böyük rol oynamışdı.
***
Ötən əsrin 80-ci illərinin sonlarına doğru Azərbaycanın müstəqilliyinə doğru çətin və şərəfli yolda da onlar xalqla birlikdə idilər...
Ermənilərin Azərbaycan torpaqlarına qarşı işğalçı hərəkətlərinə etiraz olaraq meydanlara axışan və bu axınla tədricən böyük bir xalq hərəkatı formalaşdıran insanlarımızın vəhdətində, cəsarətində əslində, qəlbi hərəkatla döyünən asayiş keşikçilərimizin böyük payı vardı. Çünki daxili işlər orqanlarındakı əsl vətənpərvərlər sovet rejiminin sərt qaydalarına rəğmən, o günlərdə imperiyanın deyil, məhz xalqın keşiyində dayanmışdılar.
Vətəndaşlar onları da öz aralarında görürdülər. Vətənpərvər milislər xalqı, onun mübarizə əzmini qorumağa, bu ümumxalq qətiyyətinə dəstək verməyə, onun öz milli hədəflərinə çatmasına hər vəhclə kömək göstərməyə can atırdılar.
1990-cı ilin Qanlı yanvar gecəsi xalqımıza qarşı törədilmiş qətliam zamanı həlak olanlar sırasında daxili işlər orqanlarının əməkdaşları da vardı.
Erməni işğalçılarının təxribat əməllərinin qarşısını almaqdan ötrü ilk günlərdən ön cəbhəyə yollanan, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan, şəhidlər verən, yaralanan birinci qüvvə yenə onlar idi.
Onda hələ nizami ordumuz formalaşmamışdı. Bütün yük milis dəstələrinin üzərinə düşürdü və onlar qəlblərindəki Azərbaycan sevgisini bu müharibədə öz canları-qanları ilə sübuta yetirirdilər.
Vətən savaşında 1695 əməkdaş və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Milli Qəhrəman” adına, 1143 nəfər orden və medallara layiq görüldü.
Bu rəqəmlər yalnız statistika deyil, əslində, 100 yaşlı polisimizin qürur, şərəf salnaməsinin ən parlaq səhifələrindən biridir...
***
Müstəqilliyimizin ilk illərində üzləşdiyimiz ağır siyasi, iqtisadi, sosial təlatümlər Azərbaycan polisi üçün xüsusilə çətin keçdi. Daxili işlər orqanları ölkəmizin müstəqillik dönəminə nizami bir struktur kimi, sovet dövründə formalaşmış zəngin təcrübə, təşkilati imkanlar və peşəkar xidmət ənənələri ilə daxil olmuşdu. Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, xalqın əldə etdiyi bu misilsiz tarixi dəyəri özbaşınalıq kimi başa düşənlərin yaratdıqları anarxiya, xaos mühitini aradan qaldırmaqdan ötrü ilk iş bu imkanlardan, peşəkarların təcrübəsindən məqsədyönlü şəkildə istifadə etməkdən ibarət olmalı idi.
Bəs əslində, nə baş verdi?!
Yenicə qazandığı müstəqilliyi Azərbaycanın əlindən almaq istəyənlər yaxşı anlayırdılar ki, ölkəni xaosa sürükləməkdən ötrü ən vacib addım daxili işlər orqanlarını parçalamaqdan, bu sistemdə əsas vəzifələrə milli dövlətin deyil, onların tapşırıqlarını yerinə yetirən öz adamlarını yerləşdirməkdən ibarət olmalıdır. İnsafən, bunu pis “bacarmamışdılar”.
Müstəqilliyin ilk illərində ölkə rəhbərliyində bir-birini əvəz edən təsadüfi iqtidarların dövrü daxili işlər orqanlarındakı peşəkarlar üçün tam bir fəlakət mənzərəsi yaratmışdı. Onlar yaşananların, yol verilən səriştəsizliklərin Azərbaycanı hansı təhlükələrə doğru apardığını öz təcrübələri işığında aydın görürdülər. Vətənpərvərliyin, zabit şərəfinin, peşəkarlıq vicdanının diktəsi ilə nələrsə etməyə can atırdılar. Amma əmr sahiblərinin bu dəyərlərdən tamamilə uzaq adamlar olması ortada heç bir imkan buraxmırdı.
Cəmiyyəti ölkədaxili çəkişmələrdən qorumağa görə məsuliyyət daşıyan, ictimai həyatda düzən yaratmalı olan polis özü təxribatçıların əli ilə siyasi burulğanların tam mərkəzinə sürüklənmişdi. Özü də ölkədaxili çəkişmələrdə tərəf kimi iştirak edirdi.
Durum son dərəcə ziddiyyətli idi: bu sistemdə çalışanların əksəriyyəti vəzifə öhdəliklərindən irəli gələrək siyasi proseslərə qarışmadan yenə də əhalinin təhlükəsizliyini, ölkəmizin ərazi bütövlüyünü qoruyur, canı və qanı bahasına cinayətkarlığa qarşı mübarizə aparır, bir qismi isə cinayətkarlarla əlbir şəkildə, dövlətin və müstəqilliyin əsaslarını baltalamağa can atırdı.
***
Bir anlıq təsəvvürümüzə gətirək ki, 1992-1993-cü illərdə daxili işlər naziri vəzifəsi tutan şəxs həm də siyasi partiya sədri idi, öz firqə maraqları, siyasi iddiaları vardı. Üstəlik, həmin şəxs bu vəzifəyə gətirilənə qədər sosialist əmlakını dağıdanlara qarşı mübarizə qurumunda, yəni, o vaxt sadə insanlar arasında OBXSS kimi tanınan və yumşaq desək, o qədər də yaxşı ad çıxarmayan sistemdə ancaq bölmə rəisi vəzifəsinə qədər “yüksələ” bilmişdi. Və hər birimiz dəqiq bilirdik, sonrakı proseslər də aydın göstərdi ki, onun ucuz populuzminin arxasında idarəçilik qabiliyyəti, şəxsi heyətlə iş təcrübəsi, daxili işlər orqanlarında əsl peşəkarları dəyərləndirmək bacarığı tamamilə yox idi.
Onun birinci müavini vəzifəsinə tikinti briqadiri işləyən adam təyin edilmişdi. Bu kəslərin Naxçıvan polisinin başına keçirmək istədikləri adam isə işsiz idman müəllimi idi. Daxili İşlər Nazirliyinin Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsi kimi həmin dövr üçün son dərəcə mühüm strateji əhəmiyyət daşıyan sahəsi isə kinorejissora tapşırılmışdı.
Əlbəttə, bunları qələmə almaqla peşələr arasında müqayisə aparmaq, hansısa sənətə xələl gətirmək istəməzdik. Hər bir şərəfli peşənin öz dəyəri, faydaları var. Cəmiyyətə peşəkar polislər kimi öz sənətinin bilicisi olan tikinti mütəxəssisləri, müəllimlər, yaradıcı adamlar da gərəkdir. Amma hər kəsin məhz öz sahəsinin peşəkarı olmağa çalışması, hər işin öz ustasına tapşırılması, peşəkarların diletantlardan qorunması da mühüm şərtdir! Təsvir etdiyimiz dövrdə isə bunun tamam əksi baş verirdi! Bu sahədə xidmətə ömrünün illərini sərf etmiş peşəkar zabitlər polis sisteminə tamamilə yad olan adamların əmrlərini yerinə yetirmək məcburiyyətində qalmışdılar. Peşəkarların taleyinə naşılar qərar verirdilər...
Belə fürsətləri həmişə həssaslıqla “dəyərləndirməyi” bacaran peşəkar cinayətkarlar isə qızğın “iş başında” idilər. Rayon polis şöbə və idarələrinə təsadüfi adamların, bəzi hallarda isə hətta cinayətkar qruplaşmalarla əlbir olan ünsürlərin rəhbərlik etməsi onların meydanını genişləndirirdi.
Və bu faciəvi durumun qısa müddət ərzində yaratdığı nəticələri həmin dövrə aid əlahəzrət statistika çox aydın dillə təsvir edir. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə küçəyə çıxmağın belə təhlükəli olması həqiqətinin təkzibinə çalışanlar bəlkə bu rəqəmlərdən sonra ibrət götürərlər. Bunu necə inkar etmək olar ki, respublikada cinayətlərin sayı 1992-ci ildə 1991-ci ilə nisbətən 7 min, onların ağır növləri 3 min, o cümlədən qəsdən adamöldürmələr 200, mülkiyyət əleyhinə olanlar 6 min hadisə çoxalmışdı.
Əhalisinin sayı 7.207.000 nəfər olan Azərbaycanda hər yüz min nəfərə nisbətdə cinayətlərin sayı 307 fakt təşkil etməklə görünməmiş hal almışdı. Kriminogen durum kəskinləşmiş, ölkənin iqtisadiyyatı dağıdılaraq sərvətləri talan edilmişdi. Ən acınacaqlısı isə dövlətə və onun mühüm bir təsisatı kimi polisə inam azalması idi. Hüquq-mühafizə orqanlarındakı təsadüfi ünsürlərin yaramaz fəaliyyəti vətəndaşların bu sistemə etimadını yerlə bir etmişdi. İş o məqama çatmışdı ki, ayrı-ayrı yerlərdə insanlar aralarındakı hansısa məişət zəminli mübahisələrinin həlli üçün dövlətin hüquq-mühafizə orqanlarına deyil, cinayətkar ünsürlərə, kriminal avtoritetlərə müraciət edirdilər.
Təhsil səviyyəsi aşağı, dünyagörüşü məhdud bir qism insanın, xüsusilə sadəlövh yeniyetmələrin kriminal aləmə, onun tanınmış simalarına, “qayda-qanunlarına” bu gün də sezilən gizli marağı, əfsus ki, öz başlanğıcını məhz həmin təlatümlü dövrlərdən götürür və bu ziyanlı nəticələri tam aradan qaldırmaqdan ötrü insanların maarifləndirilməsinə hələ çox zəhmət çəkməliyik.
***
...O illər Azərbaycanın daxili işlər orqanları üçün tarixi bir sınaq, taleyüklü məqam idi. Bir tərəfdə polisin şanlı ənənələrinə tamamilə yad əməllərə qoşulmuş kəslər, əks tərəfdə isə dövlətçiliyə sədaqəti, xidməti və peşə borcunu hər şeydən uca tutan şəxsi heyət dayanırdı.
Ölkəni üzləşdiyi fəlakətdən xilas etmək üçün 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev isə cəmiyyətin hava və su kimi ehtiyac duyduğu sabitliyi bərqərar etmək üçün məhz sınaqlardan alnıaçıq çıxan, müstəqilliyin dəyərini dərk edən qüvvələrə arxalandı. Çox keçmədən də öz fəhmində yanılmadığına əmin oldu.
Heydər Əliyev zamanın sərt tufanlarının dağıdıb param-parça etdiyi hissələri bir-bir öz yerinə topladı, bu hissələrdən milli dövlətimizi bina etdi.
Və Azərbaycan polisi müstəqil Azərbaycan dövlətinə layiqli xidməti ilə bu binanın təməlində öz möhkəm, sarsılmaz, şərəfli yerini tutdu...
Onların uzun illərdən bəri topladıqları zəngin səriştə, eləcə də müstəqilliyin ilk illərində formalaşmış təcrübə, əvvəlki iqtidarların səhvlərindən, yanlışlıqlarından çıxarılan dərslər Heydər Əliyevin həyata keçirdiyi hüquqi dövlət quruculuğu prosesində, respublikada kriminogen durumun nəzarət altına alınmasında, asayişin, sabitliyin bərpası və qorunmasında çox mühüm rol oynadı.
***
Azərbaycanda hərəsi bir firqəyə, xarici şəbəkəyə bağlı silahlı dəstələrin at oynatdığı, dövlətə barmaq silkələdiyi o ağır günlərdə bütün çətinlikləri, təhlükə və təhdidləri gözə alaraq daxili işlər orqanlarında köklü islahatlara start verməkdən ötrü bir ölkə rəhbəri ancaq Heydər Əliyev qədər qətiyyətə sahib olmalı idi.
Ulu öndər bütün maneələrə baxmayaraq bu sistemin sağlamlaşdırılmasına başladı. 1994-cü ilin 29 aprel günü keçirilmiş müşavirə Azərbaycan daxili işlər orqanlarının həyatında yeni bir mərhələnin əsasını qoydu.
Heydər Əliyevin həmin müşavirədəki tarixi çıxışında müəyyən etdiyi vəzifələr ulu öndərin şəxsində zamanın, yeni dövrün özünün Azərbaycan polisinə ünvanlanmış çağırışı idi...
Heydər Əliyev bu tədbirdə təkcə konkret vəzifələr müəyyənləşdirmədi. Daxili İşlər Nazirliyinin rəhbərliyində dəyişiklik apararaq bu vəzifələri layiqincə yerinə yetirə biləcəyinə ümid bəslədiyi şəxsi - Ramil Usubovu Azərbaycan Respublikasının daxili işlər naziri təyin etdi.
İnsan sərrafı olan Heydər Əliyevin bu seçimi yeni nazirin Azərbaycan dövlətçiliyinə sədaqətini polis orqanlarındakı uzunmüddətli fəaliyyəti dövründə sübuta yetirməsi, zəngin təcrübəsi, yüksək peşəkarlığı kimi mühüm meyarlara əsaslanırdı. Ümummilli lider bu qərarı şəxsi heyətin önündə elan edərkən demişdi: “Ramil Usubova tam inanır, prezident kimi ona etimad göstərirəm və bir daha hamınızdan tələb edirəm ki, ona kömək göstərəsiniz. Daxili İşlər Nazirliyi xüsusi bir orqan, bilavasitə prezidentin tabeliyində olan orqandır. Heç bir kənar vəzifəli şəxslərin bu nazirliyin işinə qarışmağa ixtiyarı yoxdur. Bu başdan xəbərdarlıq edirəm ki, yeni təyin edilmiş nazirin işinə heç kəs mane olmasın, heç kəs öz şəxsi məqsədlərinə çatmaq üçün orada cürbəcür işlərlə məşğul olmasın və hər kəs yeni nazirə kömək etməyə çalışsın. Mən naziri daim müdafiə edəcək, nazirliyin bütün məsələlərinə baxaraq onları şəxsən özüm həll edəcəyəm. Nazirə səlahiyyət verirəm ki, orada vəziyyəti dəyişdirmək üçün lazımi tədbirlər görsün. Mən də onun təkliflərini müdafiə edəcəyəm. Ancaq xəbərdarlıq edirəm, kim buna mane olarsa, bu işləri pozmağa cəhd göstərərsə, onlara qarşı çox ciddi tədbirlər görüləcək və mən heç kəsi bağışlamayacağam”.
***
Dövlət başçısının yeni nazirdən gözləntiləri çox qısa müddətdə özünü doğrultdu. Polis orqanlarında ciddi dəyişikliklər baş verdi, ən əsası bu struktur yuxarıdan aşağıya doğru daxilən safflaşdırıldı, vəzifə andına, məsuliyyətinə sədaqət əsas amilə çevrildi. Nəticə etibarilə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə sahəsində ilk mühüm nailiyyətlər əldə edildi. Müşavirədən qısa müddət sonra Heydər Əliyevin imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli Fərmanla respublikanın hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin əsas istiqamətləri müəyyənləşdirildi. Mütəşəkkil cinayətkarlıqla mübarizənin təşkilati-hüquqi bazasının, bu istiqamətdə aparılan işlərin əsasları formalaşdırıldı.
Respublikada fövqəladə vəziyyət ləğv olundu, bir müddət əvvələ qədər axşamlar tamamilə boş qalan Bakı küçələri öz qələbəlik məcrasına qayıtdı. Həyatı öz axarına düşmüş insanlar ictimai asayişi, bazar iqtisadiyyatı yoluna yenicə qədəm qoyan ölkədəki inkişaf mühitini, qanunun aliliyini qorumaqdan ötrü daxili işlər orqanlarının göstərdiyi qətiyyəti, fədakarlığı gördükcə cəmiyyətdə polisin nüfuzu yenidən yüksəldi, onlara inam gücləndi, şəxsi heyətin peşəkarlığı artdı, cinayətkarlar bu güc qarşısında yavaş-yavaş geri çəkilməyə başladılar.
Amma cinayətə, özü də dövləti cinayətə meyilli şəxslər təkcə cəmiyyətdə deyildi ki... Belələri qarmaqarışıqlıq dövründə daxili işlər orqanlarının divarları arasında da özlərinə yuva qura bilmişdilər.
***
1994-cü ilin oktyabr və 1995-ci ilin mart ayında baş verən dövlət çevrilişi cəhdləri zamanı daxili işlər orqanlarının şəxsi heyəti arasında birbaşa xidməti vəzifəsini unudub milli mənafeyə zidd siyasətə qurşanan, ekstremal vəziyyətdə mənəviyyatsızlıq göstərib dövlətə xəyanət edən, gözləmə mövqeyi tutan əməkdaşların mövcudluğu da üzə çıxdı. Onların əksəriyyəti daxili işlər orqanlarına AXC-Müsavat iqtidarı dövründə gəlmiş və yüksək vəzifələr tutmuş şəxslər idi .
Milli dövlətçiliyimizə qarşı yönələn təhdidlər, bu fonda baş verən qorxulu hadisələr polisin sıralarında təmizləmə aparılması üçün təxirəsalınmaz tədbirlər görülməsini tələb edirdi. Belə də oldu. Polis adına ləkə gətirən şəxslər daxili işlər orqanlarından uzaqlaşdırıldı, beləliklə, bu sistem Azərbaycan polisinin şərəfli adına xələl gətirən kəslərdən təmizləndi.
Dövlət çevrilişi cəhdlərinin qarşısının alınması ilə yanaşı, daxili işlər orqanları kriminogen vəziyyətə nəzarətin möhkəmləndirilməsi, müharibə dövründə əhalidə tapılmış qanunsuz silahların yığılması sahəsində də ciddi nəticələr əldə etdi. O ağır illərdə ulu öndər Heydər Əliyev müstəqil dövlətə sədaqətli xidməti hər şeydən uca tutan Azərbaycan polisinin formalaşmasının möhkəm təməlini qoydu. Məhz bu təməl üzərində sağlamlaşan, daha da mətinləşən polisimiz az vaxt ərzində ölkəmizin regionda sabitlik adasına çevrilməsinə böyük töhfələr verdi.
1992-ci illə müqayisədə 2002-ci ildə ölkədə qeydə alınan cinayətlərin açılması 67 faizdən 94,8 faizə yüksəldi, ümumi cinayətlərin sayı 30,9 faiz, o cümlədən qəsdən adamöldürmələr 2,7 dəfə, quldurluq və soyğunçuluqlar 3,7 dəfə, oğurluqlar 5,2 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 7,2 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 25 dəfə, habelə bağlı qalmış cinayətlər 13 dəfə azaldı. 10 il ərzində daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan 30 mindən artıq silah yığıldı. Hər il orta hesabla qrup halında fəaliyyət göstərən 1000-dən artıq cinayətkar dəstə zərərsizləşdirildi.
***
Könül istərdi ki, nə zamansa Azərbaycanda onların fəaliyyətinə, fədakar əməyinə ümumiyyətlə, ehtiyac qalmasın. İnsanlarımız cinayətlərdən, hüquq pozuntularından çəkinsinlər, polisin hər hansı nəzarəti, müdaxiləsi olmadan da qayda-qanunlara dəqiqliklə riayət etsinlər. Cəmiyyət üzvlərinin özlərindən gələn azadlıq, hüquq və məsuliyyət hissi ictimai həyatımızda ideal birgəyaşayış modeli formalaşdırsın.
Bəlkə də hələlik utopiya kimi görünür, deyilmi?! Amma əgər dərin təhsil, mədəni davranış, başqalarına anlayış göstərmək, ən əsası isə öz məsuliyyətini anlamaq duyğusu hamı üçün vazkeçilməz dəyərə çevrilərsə, belə bir ideala qovuşmaq nədən mümkün olmasın ki?!
Əslində, bu ideala doğru aparan yol da ölkələrdə polis sisteminin inkişafından, xüsusilə uşaqların polisə hörmət ruhunda tərbiyə olunmasından keçir. Bir müddət əvvəl maraqlı bir tədqiqatın nəticələri elan olunmuşdu. Elmi araşdırmalar nəticəsində isbat edilmişdi ki, gənc nəslin polisə nifrət ruhunda yetişdiyi cəmiyyətlərdə cinayət halları da buna müvafiq artır. O toplumlarda ki, polisə inam, etibar yüksəkdir, orada cinayətlərin dinamikası getdikcə aşağı düşür.
Ulu öndər Heydər Əliyevin dövlətçilik irsini bu sahədə də davam etdirən Prezident İlham Əliyevin daxili işlər orqanlarında apardığı davamlı islahatların son məqsədi də elə məhz budur. İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Daxili İşlər Nazirliyinin bütün strukturları müasir dünyanın çağırışlarına uyğun qurulub. Bu sistemə aid yüzlərlə yeni obyekt tikilib, yaxud yenidən qurulub. Cinayət hallarına qarşı mübarizə, ictimai asayişin təminatı məqsədilə minlərlə nəqliyyat vasitəsi, xüsusi texnika alınıb. Sahə polis məntəqələrindən baş idarələrədək bütün inzibati xidmət müəssisələri yenilənib, maddi-texniki təminatı yüksəldilib, informasiya texnologiyaları ilə təchizatı yüksək səviyyəyə çatdırılıb. Azərbaycan polisinin çevik, səmərəli fəaliyyətini, cinayətkarlığa qarşı mübarizənin effektiv təşkilini təmin edən mükəmməl qanunvericilik bazası formalaşdırılıb.
Ən mühümü isə bu gün daxili işlər orqanlarındakı mənəvi ruh sağlamdır, Daxili İşlər Nazirliyinin şəxsi heyətinin Vətən və xalq qarşısındakı tarixi məsuliyyət hissi çox yüksəkdir. Tam şəffaf əsaslarla polis orqanlarına qəbul edilən gənc, cüssəli, yüksək-mənəvi əxlaqi keyfiyyətlərə malik, müasir dünyagörüşlü gənclərlə bu orqanlar mütəmadi qaydada yenilənir. Eyni zamanda, Azərbaycan polisinin şərəfli adına xələl gətirəcək, cəmiyyətin öz polisinə inamını sarsıdacaq hər hansı neqativ hallara qarşı da kifayət qədər prinsipiallıq nümayiş etdirilir.
İş olan yerdə hansısa nöqsanların baş verməsi də təbiidir. Azərbaycan polisinin fəaliyyəti də nöqsanlardan xali deyil. Üstəlik, bu, elə bir fəaliyyət sahəsidir ki, qanunçuluğun keşiyində dayanarkən istər-istəməz kimlərinsə maraqlarının üzərinə getməli olursan. Kimlərsə, polisin guya ona qarşı hər hansı pozuntuya yol verməsi iddiası ilə ortaya atılır və sonradan bu iddiaların əsassızlığı bəlli olur. Yaxud belə pozuntulara həqiqətən, yol verildiyi aşkarlanır. Polisin fəaliyyətində də xidməti qəbahətə, nöqsana, bəzi çatışmazlıqlara rast gəlinir. Amma burada xüsusi diqqət ediləsi bir məqam var: bütün bu problemlər əksər hallarda məhz daxili işlər orqanlarının rəhbərliyi tərəfindən aşkarlanır. Onların qarşısının alınması üçün konkret addımlar atılır. Vəzifə öhdəliklərinə riayət etməyən əməkdaşlar cəzalandırılır, orqanlardan kənarlaşdırılır. Polis haqqında ictimai əhəmiyyət kəsb edən hətta ən epizodik rəy, fikir, iddia belə reaksiyasız qalmır. Məsələnin mahiyyəti aydınlaşdırılır, nəticə çıxarılır, günahkar cəzalandırılır, günahsız insan əsassız təzyiq və təqiblərdən qorunur.
Azərbaycan polisi fəaliyyətini bütün parametrlər üzrə yeni dövrün tələblərinə uyğun qurur. Dövlətə, xalqa bağlılıq, xidməti öhdəliklərə məsuliyyətli yanaşma daxili işlər orqanlarının ictimai nüfuzunu daim artırır.
Bu gün İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixinin ən qüdrətli mərhələsinə yetişməsi, bütün dünyada sülh, mədəniyyətlərarası dialoq, tolerantlıq məkanı kimi tanınması, xarici turistlərin arxayınlıqla Vətənimizə üz tutması, gecədən səhərə qədər mərkəzi küçələrdən səngiməyən qələbəliklər, xoş insan mənzərələri bu inkişafı təmin etmiş bütün digər təsisatlarla yanaşı, həm də Azərbaycan polisinin fədakar fəaliyyətinin yaratdığı mənzərədir.
***
Ətrafımızda od içində yanan, terrorizmə, dini radikalizmə, insan alverinə, silah, narkotik qaçaqmalçılığına və digər çeşidli cinayətlərə sürüklənən qan-qada dolu bir dünya var. Və bu dünyanın tam mərkəzində qərar tutmuş Azərbaycanı da oda yaxmaq istəyənlərin, bu torpaqları da saysız-hesabsız cinayətlərin məkanına çevirməyə can atanların sayı o qədər çoxdur ki...
Belələri sərhədlərdən kənarda da var, elə öz içimizdə də. Amma Prezidentin yürütdüyü mahir siyasət buna imkan tanımır, bu siyasətə uyğun olaraq sabitliyi, sakitliyi, cəmiyyətin hüzurunu göz bəbəyi kimi qoruyan Azərbaycan polisi belə cəhdlərə macal vermir.
Cəmi iki il əvvəl Nardaranda Azərbaycan dövlətinin milli maraqları uğrunda şəhid olmuş əməkdaşları hesabına...
Bir körpənin xilası üçün özünü oda atacaq qədər mətin iradəyə sahib polislər sayəsində...
Cinayətlə, cinayətkarlarla mübarizədə keçən yuxusuz gecələr bahasına...
Milli dövlətçiliyimizin, vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəçisinə, milli istiqlalımızın sipərinə çevrilmiş daxili işlər orqanlarımızın gəlib çatdığı bu səviyyə və öz tarixi boyu əldə etdiyi möhtəşəm uğurlar Cümhuriyyətimizin yaşıdı olan Azərbaycan polisinin bu 100 illik irsə həm də ən dəyərli töhfəsidir.

Kimdir polis?
Bizim asayişimiz üçün düşünmədən canlarını qurban verən qəhrəmanlardır…
Dövlətin təhlükəsizliyini qorumaq naminə canlarını sipər edən fədailərdir…
Müstəqilliyin əbədiliyi, ölkənin sabitliyi üçün terrorçunun üstünə yeriyən, cinayətkarı bir həmlədə zərərsizləşdirən igidlərdir…
Onlar həm də Vətən uğrunda şəhidlərdir…
Gecə-gündüz demədən, yağışa-borana, qızmar günəşə, sərt küləyə baxmadan yollarda hərəkəti tənzimləyən, küçələrdə rahatlığı təmin edən, bədnam ünsürlərə əl-qol açmaq imkanı verməyən əsl dostlardır…
Azərbaycanı dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevirməyə müvəffəq olan peşəkarlardır…
Məmləkətimizin vətənpərvərləridir, ər oğullarıdır…
100 illik istiqlalımızın 100 illik canlı sipərləridir…

İxtiyar HÜSEYNLİ,
“Azərbaycan”