Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

SDU-da Magistrantların XVIII Respublika elmi konfransı keçirilib

19 May 2018
 

Sumqayıt Dövlət Universitetində (SDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Magistrantların XVIII Respublika elmi konfransı keçirilib.

Əvvəlcə iştirakçılar ulu öndərin universitetdəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransı giriş sözü ilə təhsil ocağının rektoru, professor Elxan Hüseynov açaraq bildirib ki, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsilin, elmin inkişafı istiqamətində görülən işlərin miqyası hədsizdir. Ulu öndər istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə təhsilə strateji sahə kimi baxmış, bu məsələlərə xüsusi diqqət yetirmişdir. Milli təhsilimizin inkişafı, Avropa standartlarına inteqrasiyası Heydər Əliyevin adı ilə bağlıdır. Tədbirdə xüsusi vurğulandı ki, son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı genişmiqyaslı islahatlar həyata keçirilir. Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Prezident İlham Əliyev təhsili həmişə ön planda tutur. Bu sahənin inkişafını xüsusi diqqət və qayğı ilə yanaşır.

Qeyd edildi ki, elm və təhsilin inkişaf strategiyasının uğurla reallaşmasında Heydər Əliyev Fondunun rəhbəri, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da böyük əməyi var. Bütün bunlar təhsil sisteminə əvəzsiz töhfələr verməklə yanaşı, elmi-intellektual potensialın yüksəlməsinə, cəmiyyətdə kreativ təhsil düşüncəsinin formalaşmasına müsbət təsir göstərir. Bu da öz növbəsində ölkəmizdə insan kapitalının inkişafına təkan verərək, Azərbaycanın tərəqqisinin daha sürətli, davamlı və dayanıqlı olmasını şərtləndirir. Gənclərin elmi yaradıcılığını stimullaşdırmaq, habelə onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədilə çoxşaxəli dövlət proqramları reallaşdırılır. Bu baxımdan elmi konfranslarda iştirak edənlərin sayı ildən-ilə artır. 2017-ci ildə Magistrantların XVII Respublika elmi konfransında 16 ali məktəbdən 1323 nəfərdən çox tələbə iştirak etmişdisə, bu il keçirilən konfransa respublikamızın 25 elm və təhsil müəssisəsindən 1700-ə yaxın məruzə materialları daxil olmuş, 1546 tezis konfransın gündəliyinə çıxarılmışdır.

Azərbaycan Texniki Universitetinin prorektoru İlham Pirməmmədov, Bakı Dövlət Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri Afət Məmmədova, SDU-nun professoru Həsən Sadıqov və başqaları çıxış edərək konfransın yüksək səviyyədə təşkilindən, ümummilli lider Heydər Əliyevin təhsilimizin inkişafına verdiyi töhfələrdən, gənclərimizin elmi-tədqiqat işlərinə cəlb olunmasından, ölkədə uğurla həyata keçirilən təhsil islahatlarından bəhs etdilər. Natiqlər gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini qeyd edərək, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu vurğuladılar.

Magistrantlar təqdim etdikləri mövzular barədə ətraflı məlumat verdilər.

 

Akif ƏLİYEV,

“Azərbaycan”