Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mehriban Əliyeva: Biz multikulturalizm dəyərlərinin təşviqində beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edirik

18 May 2018
Qədim İpək Yolunun mərkəzində yerləşən Azərbaycanın fikirlərin paylaşıldığı və insanların dostluq mühitində bir araya gəldiyi məkan kimi uzun tarixi var. Sivilizasiya, mədəniyyət və dinlərin qovuşuğunda yerləşən bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər. Bu gün multikulturalizm Azərbaycanın dövlət siyasətidir və biz multikulturalizm dəyərlərinin təşviqində UNESCO da daxil olmaqla beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edirik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın 80 illiyi münasibətilə keçirilən konfransda söyləyib.

“Mən Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə irəli sürülən, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq olunmasında həqiqətən də qlobal platformaya çevrilən “Bakı Prosesi”ni qeyd etmək istəyirəm. Əvvəla, bu, Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələr arasında əməkdaşlıq platforması kimi irəli sürülmüşdür. 2008-ci ildə Azərbaycan bu iki beynəlxalq təşkilatın üzvü kimi Bakıda İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv olan ölkələrin mədəniyyət nazirlərinin görüşünü keçirdi. Bu proses bu günə kimi davam edir. Bu il biz “Bakı Prosesi”nin 10-cu ildönümünü qeyd edirik. UNESCO ilə sıx tərəfdaşlıq edərək, biz “Bakı Prosesi” çərçivəsində mədəniyyətlərarası dialoq üzrə 4 dünya forumunu müvəffəqiyyətlə keçirdik və bu işi gələcəkdə də davam etdirməyə hazırıq”, - deyə Mehriban Əliyeva qeyd edib.