2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat vəsaitin bərpasına nail olunub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat vəsaitin bərpasına nail olunub

18 May 2018
2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat vəsaitin bərpasına nail olunub.

AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə Palatanın 2017-ci ildəki fəaliyyəti barədə məlumat verərkən deyib.

Hesablama Palatasının sədri bildirib ki, Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabat mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilərək təqdim olunub. Hesablama Palatasının Kollegiyası hesabat ili üzrə iş planına uyğun 59 və əvvəlki ildən başlayan və 2017-ci ildə sona çatan 1 tədbir olmaqla 60 nəzarət tədbirinin nəticələri ilə bağlı qərarlar qəbul edib. Nəzarət tədbirlərinin 10-u analitik təhlil, 50-si audit formasında həyata keçirilib, həmin tədbirlər ümumilikdə 135 qurumu əhatə edib.

Hesabat ilində başa çatdırılmış tədbirlərin sayı 2016-cı il göstəricisindən 20,2 faiz az olsa da, tədbirlərin əhatə dairəsi genişləndirilib və əvvəlki illə müqayisədə təqribən 2 dəfə çoxdur. Əhatə edilmiş vəsaitlərin 79,2 faizi 2015-2016-cı illərə və 12,3 faizi 2017-ci ilə aid olub. Hesabat ilində dövlət büdcəsindən tam maliyyələşən təşkilatlarla yanaşı, beş səhmdar cəmiyyətin və bir məhdud məsuliyyətli cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti audit edilib, məcburi dövlət sosial sığorta haqlarının hesablanılması və ödənilməsi, sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini əhatə edən 6 nəzarət tədbiri də aparılıb.

2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən dövlət maliyyə nəzarəti sahəsində islahatların tərkib hissəsi kimi bir sıra qanunvericilik aktlarında mühüm dəyişikliklər edilib. Dövlət başçısı tərəfindən həyata keçirilmiş bu dəyişikliklər dövlət vəsaitlərinin nəzarətlə əhatəsinin daha da genişləndirilməsinə, dövlət vəsaitlərinin qənaətli, səmərəli və nəticəli istifadəsini təmin etməklə hesabatlılıq və şəffaflığın artırılmasına xidmət edir. Eyni zamanda, maliyyə və prosedur nöqsanların müəyyən edilməsinə sistemli yanaşmanın tətbiq edilməsinə və təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradır.

Diqqətə çatdırılıb ki, nöqsan təsnifatına uyğun olaraq, səkkiz istiqamətdə Hesablama Palatası tərəfindən, ümumilikdə, 689 hal üzrə nöqsanlar müəyyən edilib. Bu, 1 audit tədbirinə orta hesabla 13,8 nöqsan düşdüyünü göstərir və bu da 2016-cı ilin göstəricisindən 2,6 vahid çoxdur. Hesabat ilində büdcə qanunvericiliyinin tələblərinə tam əməl edilməməsi, mühasibat uçotu və hesabatlılığın tərtibi, həmçinin dövlət satınalmaları ilə bağlı sahələrdə nöqsanların xüsusi çəkisi daha çoxdur. Vurğulanmalı məqamlardan biri isə hər üç istiqamət üzrə müəyyən edilmiş nöqsanların sayının bir nəzarət tədbirinə düşən orta göstəricisində də artımın olmasıdır. Nəzarət tədbirlərinin nəticəsi olaraq, 2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 1,1 milyon manat, dövlət-təsərrüfat qurumlarının hesablarına 1,7 milyon manat olmaqla, ümumilikdə, 18 milyon manat vəsaitin bərpasına nail olunub. Hesabat ilində xarici valyutada vəsaitin bərpa edildiyini nəzərə almasaq, manatla bərpa edilmiş vəsaitin məbləği 2016-cı ilin göstəricindən 50 faiz çoxdur və 2017-ci ildə Hesablama Palatasının saxlama xərclərini 5,4 dəfə üstələyir.

Ümumiyyətlə, bərpa edilmiş vəsaitlərin strukturunda 2016-cı ildə olduğu kimi, 2017-ci ildə də dövlət gəlirləri sahəsində qanunvericiliyin pozulması nəticəsində bərpa edilmiş vəsaitlərin xüsusi çəkisi daha böyük olub. Hesabat ilində bu, ümumi bərpanın 34,4 faizinə bərabərdir.

Vəsaitlərin bərpası ilə yanaşı, nəzarət tədbirlərinin nəticəsi kimi, bir sıra tədbirlər də həyata keçirilib. 2017-ci ildə 4,5 milyon manat məbləğində işlərin görülməsi, 323,1 min manat məbləğində inventar və avadanlığın qurumlara çatdırılması təmin edilib, dövlət büdcəsi qarşısında 9,3 milyon manat məbləğində borc bağlanılıb.

Vurğulanıb ki, bəzi istiqamətlərdə artıq ödənilmiş vəsaitlərin bərpası bu və ya digər səbəblərdən mümkün olmur. Eyni zamanda, artıq hesablanmış və ödənilmiş pensiya və müavinətlərin bərpasının hissə-hissə aparılması, müvafiq hüquqi məsuliyyətin müəyyən edilməsində mövcud olan problemlər həmin vəsaitlərin tam bərpa olunmaması riskini artırır.

Vəsaitlərin təyinatının dəyişdirilməsi hallarının qanunvericilik aktlarında müəyyənləşdirilmədiyini nəzərə alaraq Hesablama Palatası Vahid Büdcə Təsnifatı ilə müəyyən edilmiş funksional və iqtisadi təsnifat kodunun dəyişdirilməsi ilə yanaşı, funksional fəaliyyətə, xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə vəsaitin icra edilməsi hallarını təyinatın dəyişdirilməsi halları olaraq qəbul edir. Aparılmış tədbirlərlə təyinatın dəyişdirilməsi istiqamətində inzibati və cinayət məsuliyyətinin müəyyən edildiyi dövrədək 42,1 milyon manat məbləğində təyinat dəyişikliyinə yol verildiyi qənaətinə gəlinib. Hesablama Palatası vəsaitin təyinatının dəyişdirilməsi hallarının müəyyən edilməsi istiqamətində müvafiq təkliflərini 2016-cı ildə Nazirlər Kabinetinə təqdim edib.

Dövlət vəsaitlərinin təyinatı üzrə istifadəsi ilə yanaşı, səmərəli istifadəsi də vacib tələbdir və bir-biri ilə sıx əlaqəlidir. Hesablama Palatası 2017-ci ildə 26 qurumda 92 hal üzrə 83,3 milyon manat məbləğində vəsaitin səmərəsiz istifadəsinə yol verildiyini müəyyən edib.

Maliyyə-büdcə nəzarətinin əsas istiqamətlərindən biri kimi, aparılmış ekspert-analitik fəaliyyət çərçivəsində hesabat ilində 117 qurum üzrə büdcə vəsaitlərinin icrası ilə bağlı maliyyə hesabatlarının təhlili aparılıb, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının layihələrinə, dövlət büdcəsinin icrasına rəylər hazırlanaraq Milli Məclisə təqdim edilib.

2017-ci ildə ilk dəfə olaraq Hesablama Palatası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin layihəsinə rəyini hazırlayaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunması üçün müvafiq qaydada Müşahidə Şurasına təqdim edib.

Ekspert-analitik fəaliyyətlə əldə edilmiş nəticələr üzrə maliyyə inzibatçılığının gücləndirilməsi və büdcə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı hazırlanmış 7 təklif Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilib.

Hesablama Palatası 2017-ci ildə digər nəzarət orqanları - xüsusilə hüquq mühafizə orqanları ilə sıx əməkdaşlığını davam etdirib. Hesabat ilində 4 auditin, o cümlədən dövlət satınalmaları ilə bağlı inzibati xəta halı üzrə 2 tədbirin, yol verilmiş qanunsuz ödənişlərə görə cinayət əlamətləri olan 12 iş olmaqla 2 audit tədbirinin, həmçinin 1 araşdırmanın nəticələri üzrə müvafiq materialları hüquq mühafizə orqanlarına göndərilib. Hüquq mühafizə orqanlarından Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə, hər bir iş üzrə cinayət işi açılıb və tədqiqatlar davam etdirilir.

V.Gülməmmədov deyib ki, 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı hesabat ilində hazırlanmış rəylərin məlumatlılıq səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar Hesablama Palatasının fəaliyyətinə dair beynəlxalq təşkilatlar tərəfindən aparılan dəyərləndirmələrdə yüksək qiymətləndirilib. Bildirilib ki, hesabat ili 2015-2017-ci illər üzrə Strateji İnkişaf Planının başa çatma ili olub və bu planla müəyyən edilmiş 5 istiqamət üzrə çoxsaylı tədbirlər həyata keçirilib.