Əmlak Komitəsi ilə Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əmlak Komitəsi ilə Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

17 May 2018
Mayın 17-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlığa dair memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev imzalayıblar.

Memorandumun əsas hədəfi daşınmaz əmlakın kadastrı, xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, şəhərsalmanın planlaşdırılması, o cümlədən birgə layihələrin həyata keçirilməsi, bu sahədə innovasiyaların tətbiqidir.

ƏMDK-nın İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində keçirilən tədbir çərçivəsində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki mühüm layihələrdən olan Torpaqların Elektron Kadastr Uçotu Sistemi, yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sistemi, o cümlədən müvafiq proqram təminatları və bu sahədə tətbiq olunan innovasiyalar canlı şəkildə nümayiş etdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev modern və çevik idarəetmənin təmin edilməsi ilə bağlı dövlət orqanlarına mühüm tapşırıqlar verir. ƏMDK da aparılan islahatlara uyğun olaraq fəaliyyətində müasir yanaşmalara əsaslanan yeniliklər tətbiq edir. Komitə tərəfindən görülən tədbirlər daşınmaz əmlak idarəçiliyində fəaliyyətin elektron müstəviyə keçidinin genişləndirilməsinə, innovasiyaların tətbiqinə, şəffaflığın artırılmasına, vətəndaş rahatlığının və məmnunluğunun təmin olunmasına istiqamətlənib. Ümumilikdə komitə bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir. İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi də bu məqsədə xidmət edir.

Ölkə başçısının müvafiq Fərmanına əsasən, hazırda effektiv torpaq idarəçiliyi ilə bağlı Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi yaradılır. Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib.

Torpaqlardan səmərəli istifadə edilməsində Peyk Nəzarət Sistemi qurulur. Bu sistem vasitəsilə, həmçinin rəqəmsal xəritələrin tərtibi işləri də həyata keçiriləcək.

İmzalanan memorandumun əhəmiyyətinə toxunan komitə sədri Kərəm Həsənov vurğulayıb ki, sənəd ikitərəfli əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi rola malikdir. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi isə hər iki dövlət qurumunun qarşısına qoyulan vəzifə və tapşırıqların daha operativ və keyfiyyətlə icra olunmasına müsbət təsir edəcək.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev xidmətlər sahəsində innovativ layihələrin icrasında ƏMDK ilə əməkdaşlığın önəmini vurğulayıb. Bildirib ki, bu əməkdaşlıq görülən işlərin səmərəliliyinin artmasına yönəlib. Qeyd edib ki, bir neçə istiqamət üzrə və vahid formatda təşkil olunacaq məlumat bazası şəhərsalma nəzarətinin gücləndirilməsinə xidmət edəcək, şəhərlərin dayanıqlı inkişafının təmin olunmasına töhfə verəcək.

Sonda iki qurum arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb. İmzalanan sənədə görə hər iki qurumun fəaliyyət sahələri üzrə mövcud və gələcəkdə əldə olunacaq məlumatlar vahid formata uyğunlaşdırılacaq, dövlət şəhərsalma kadastrı Azərbaycan Respublikasının vahid dövlət kadastrı sisteminə inteqrasiya ediləcək və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan verəcək.

Bundan başqa memoranduma əsasən, hər iki tərəf öz səlahiyyətləri çərçivəsində torpaqların elektron kadastr uçotu, şəhərsalma sahəsində infrastrukturun yaradılması və inkişafı istiqamətində birgə fəaliyyətə başlayır. Yerquruluşu, kadastr, geodeziya, şəhərsalma və arxitektura sahəsində beynəlxalq təcrübə araşdırılacaq, elmi-texniki nailiyyətlərin tətbiqi genişlənəcək.

Həmçinin sənəddə xidmətlərin keyfiyyətinin, səmərəliliyinin artırılması üçün tərəflərin həyata keçirdiyi müxtəlif layihələr, görülən işlər zamanı ixtisaslı kadrların cəlb edilməsi, hər iki qurumdan toplanmış məlumatların müasir çağırışlara uyğun olaraq təhlili qeyd olunub. Artıq bu işlərin reallaşdırılması üçün işçi qrupu da yaradılır.