Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tarix İnstitutunda Zəngəzurun tarixi ilə bağlı araşdırmalar aparılır

17 May 2018
Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Azərbaycanın Zəngəzur bölgəsinin demoqrafik vəziyyətində dəyişikliklər (XIX əsr-XX əsrin 20-ci illəri)” mövzusunda dissertasiya müdafiəsi keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, dissertasiya işinin müəllifi Hacı Abdulla, elmi rəhbər isə bu elmi müəssisənin direktoru, akademik Yaqub Mahmudovdur.

Ulu öndər Heydər Əliyevin tarixçilər qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin yenidən yazılması vəzifəsini qoyduğunu bildirən Y.Mahmudov deyib: “İnstitutda xalqımıza qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. “Virtual Qarabağ” İKT Mərkəzi ilə birgə “İrəvan - gizlədilmiş həqiqətlər” və “Zəngəzur” sənədli filmləri hazırlanıb. Tarix İnstitutunda fundamental “Zəngəzur tarixi” tədqiqatı isə nəşrə hazırlanır”.

Qeyd edilib ki, dissertasiyada Azərbaycan tarixşünaslığında ilk dəfə XIX-XX əsrin əvvəllərində ölkəmizin Zəngəzur bölgəsində əhalinin demoqrafik durumu sistemli, arxiv materialları əsasında tədqiq olunub.

Dissertant H.Abdulla diqqətə çatdırıb ki, 1917-ci ildə erməni təcavüzü nəticəsində Zəngəzur qəzasının 109 kəndi dağıdılıb və müsəlman əhalisinin sayı xeyli azalıb. O deyib: “Arxiv sənədləri sübut edir ki, 1918-1920-ci illərdə ermənilər Zəngəzurda on minlərlə dinc türk-müsəlman əhalini etnik mənsubiyyətinə görə amansızlıqla qətlə yetirib. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının materiallarının iki cildi Zəngəzur qəzasındakı soyqırımları əks etdirir”.