Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səhiyyə Nazirliyində alpinistlərin həlak olmasının səbəblərini araşdıran komissiya yaradılıb

17 May 2018
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində ötən il dekabrın 27-də itkin düşmüş və bir gün əvvəl tapılmış alpinistlərin həlak olmasının səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb. Komissiyaya Quba rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Çingiz İsgəndərov başçılıq edir. Xaçmaz rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rəisi Nizami Qasımov da komissiyaya daxildirlər. Mayın 16-da komissiya üzvləri istintaq qrupu ilə birlikdə Quba rayonunun Xınalıq kəndinə yollanıblar.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, alpinistlərin cəsədləri Quba rayon Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilib. Müayinədən sonra onların nəşi ailələrinə təhvil verilib. Namin Bünyadovun nəşi Şəmkir rayonuna, Fəridə Cəbrayılzadənin nəşi Masallı rayonuna, Babur Hüseynovun nəşi Bakıya göndərilib.

Müayinənin nəticələri əsasında rəy tərtib olunacaq və Quba Rayon Prokurorluğuna təqdim ediləcək.