Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa Komissiyası Şengen vizaları verilərkən yoxlamaların xeyli sərtləşdirilməsini təklif edir

17 May 2018
Avropa Komissiyası Şengen viza sistemi çərçivəsində nəzarət və məlumatların yoxlanması qaydalarının xeyli sərtləşdirilməsini təklif edir.

Miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə Avropa komissarı Dimitris Avramopulos bu barədə Brüsseldə həmin təklifləri təqdim edərkən məlumat verib.

Avropa Komissiyasının təklifləri dörd praktiki aspekti əhatə edir.

Əvvələn, viza alınması üçün təqdim olunmuş və Şengen məlumat bazasına (VİS) daxil edilmiş bütün sənədlər kriminal polisin, antiterror və miqrasiya xidmətlərinin məlumat bazaları ilə avtomatik sürətdə müqayisə ediləcək.

İkincisi, Avropa vətəndaşları olmayan şəxslər Aİ ölkələrinə gələrkən sərhəd nəzarəti üçün onlara uzunmüddətli vizalar və yaşayış vəsiqələri verilməsi haqqında məlumat ilk dəfə olaraq həmin bazaya daxil ediləcək.

Üçüncüsü, Şengen vizası almaq üçün müraciət edən bütün şəxslər barəsində məlumatlar bundan sonra vahid məlumat bazasında saxlanacaq. Bu, məsələn, sənədləri olmayan miqrantların əvvəllər viza üçün müraciət etdiyi halları müəyyənləşdirməkdə sərhədçilərə kömək edəcək.

Nəhayət, dördüncüsü, Aİ-nin güc strukturları və sərhəd xidmətləri özlərinin təhqiqatları ilə bağlı zərurət yarandıqda viza bazasındakı məlumatdan sadələşdirilmiş qaydada istifadə etmək imkanı qazanacaqlar.

Şengen viza və sərhəd nəzarəti sisteminin Avropa Komissiyası tərəfindən yenilənməsi prosesi 2015-ci və 2016-cı illərdə Parisdə və Brüsseldə törədilmiş terror aktlarının təhqiqatı zamanı yaranmış qalmaqallardan sonra başlanıb. Təhqiqatın gedişində məlum olub ki, bu terror aktlarının hazırlanması ilə məşğul olan bəzi şəxslərin ekstremist fəaliyyətlə məşğul olması barədə şübhələrlə əlaqədar, Aİ üzvü olan müxtəlif ölkələrdə axtarışda olmalarına baxmayaraq, onlar saxta sənədlərdən istifadə etməklə Aİ sərhədlərini sərbəst şəkildə keçib, Suriyaya gedib və qayıdıblar.