Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Rusiya nefti də nəql olunur

17 May 2018

İndiyədək BTC vasitəsilə 2,93 milyard barrel neft ixrac edilib

 

Cari ilin ilk 3 ayında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 63 milyon ton (8,3 milyon barrel) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 81 tankerə yüklənib.

“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan 2018-ci ilin birinci rübünün sonunadək BTC ilə ümumilikdə 391 milyon tondan çox (təxminən 2,93 milyard barrel) xam neft nəql olunub və Ceyhan limanında 3 min 839 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Birinci rübdə BTC üzrə əməliyyat xərclərinə təqribən 30 milyon dollar, əsaslı xərclərə isə 5 milyon dollar sərf edilib.

“BTC Ko.”nun səhmdarları belədir: BP (30,1 faiz), “AzBTC” (25 faiz), “Chevron” (8,9 faiz), “Equinor” (Statoil) (8,71 faiz), TPAO (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ExxonMobil” (2,5 faiz) və “ONGC (BTC) Limited” (2,36 faiz).