Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi mexanizmi müəyyən edilir

17 May 2018
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiyanın növbəti iclası keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, komissiyanın sədri, Əmək Və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğının növbəti təzahürü olan 19 aprel 2018-ci il tarixli Fərmanın yüksək səviyyədə, vaxtında və tam şəffaf şəkildə icrası istiqamətində məqsədyönlü işlərin aparıldığını vurğulayıb.

Nazir bildirib ki, komissiya Fərmanda nəzərdə tutulan, yəni 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşən hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi üzərində iş artıq yekunlaşmaq üzrədir.

Fərmana əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Ədliyyə Nazirliyi və Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməli olan siyahıların formaları hazırlanaraq həmin qurumlara təqdim olunub. Həmin siyahılar əsasında dəqiqləşdirmə aparılacaq və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlar zamanı itkin düşən hərbi qulluqçuların ümumi siyahısı müəyyən edilərək nazirliyin rəsmi saytında yerləşdiriləcək.

Bundan sonra 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla itkin düşən hərbi qulluqçuların vərəsələrinin müvafiq sənədin alınması üçün notariat orqanlarına müraciət etmələri barədə KİV vasitəsilə geniş məlumatlandırmanın aparılması təmin ediləcək. Notariat orqanlarının vətəndaşlara vərəsəlik hüququnu təsdiq edən sənədlər verməsi də nazirliyin rəsmi saytındakı siyahı əsasında həyata keçiriləcək.

Nazir şəffaflığın tam təmin edilməsi üçün qeyd olunan prosesin elektron infrastruktur üzərində aparılacağını qeyd edərək bildirib ki, notariat orqanları tərəfindən vərəsəliyi müəyyən edilmiş şəxslər, onlara dair şəhadətnamələr, digər müvafiq sənədlər dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə ötürüləcək. Birdəfəlik ödəmə ilə təmin olunacaq şəxslərin elektron qaydada növbəlilik siyahısı müəyyən edilərək nazirliyin rəsmi saytında yerləşdiriləcək və onların hər birinə bu barədə, yəni birdəfəlik ödəmələrlə təmin edilməsi üçün növbəyə götürüldüyü barədə bildiriş qəbzi göndəriləcək.

İclasda həmin prosesin bu ilin ikinci yarısında başa çatacağı, həmin vaxtdan sonra, təqribən bu ilin son rübündən növbəlilik qaydasında birdəfəlik ödənişlərin həyata keçiriləcəyi bildirilib.

Tədbirdə komissiya qeyd edilən layihəni bir daha nəzərdən keçirərək ayrı-ayrı məsələləri bir daha müzakirə edib.

Komissiya üzvlərinə aidiyyəti üzrə tapşırıqlar verilib, o cümlədən birdəfəlik ödənişlərin həyata keçirilməsi məqsədilə aparılan işlərin hər bir mərhələsində ictimaiyyətə geniş və dolğun məlumat verilməsi tapşırılıb.