Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı indi də dünyanın aparıcı liman şəhərləri sırasındadır

17 May 2018
 

Deyirlər, dünyanın ən  gözəl şəhərləri sahildə yerləşənlərdir. Sahil yoxdursa, sanki şəhərin gözəlliyi də yox kimidir. Bu baxımdan Bakı dünyanın bəxti gətirən şəhərlərindəndir. Paytaxtımızın formalaşmasında, bugünkü simasının cilalanıb mükəmməlləşməsində onun dəniz sahilində yerləşməsinin rolu danılmazdır. Elə İçərişəhərin sağ tərəfindəki bağ da sahilə yan alan ticarət gəmilərindən rüsum kimi məcburi qaydada gətirilməsi tələb olunan münbit torpağın və ağacların hesabına ərsəyə gəlib.

Neft fəvvarə vurduqdan sonra Bakı həm də liman şəhəri kimi inkişaf etməyə başladı. Güclənən ticarət əlaqələri sahilə yan alan gəmilərin sayını artırdı. Şübhəsiz ki, Bakı limanı olmasaydı, şəhərimiz hələ o vaxtlar dənizboyu yox, tamamilə fərqli istiqamətdə, fərqli tərzdə inkişaf edərdi. Bu baxımdan bir neçə gün əvvəl paytaxtımızda keçirilmiş Dünya Limanlar Konfransı da (IAPH Baku 2018) şəhərimizin iqtisadi imkanlarını təsdiq edən, ona yeni iqtisadi məzmun verən unikal hadisə hesab olunmalıdır.

Tədbirdə çıxış edən Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsiya Mila da konfransın qədim İpək yolunun mərkəzində yerləşən Bakıda keçirilməsini təsadüfdən daha çox zərurətlər və reallıqlarla bağlı olduğunu etiraf etdi. “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim isə Azərbaycanın logistika sahəsində atdığı vacib addımların, icra edilən beynəlxalq layihələrlə bağlı tədbirin məhz Bakıda keçirilməsini şərtləndirdiyini bildirdi.

Həqiqətən, Ələt qəsəbəsindəki Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakının Xəzər hövzəsində çox müasir və böyük nəqliyyat-logistika mərkəzinin yaradılmasına, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığın genişlənməsinə, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli şərait yaradır.

Bakı limanı Yaşıl Liman və logistika mərkəzi kimi inkişaf edir, burada ən son texnologiya və ekoloji standartlar tətbiq olunur. Regional nəqliyyat qovşağı kimi yeni liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yüklərin Çin və Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasında aparıcı rol oynayır.

Elə həmin konfransda Avropa İttifaqının (Aİ) komissarı Yohannes Han Azərbaycanın Avropa və Asiyanı birləşdirmək istiqamətində çox mühüm mövqeyini vurğulayaraq dedi ki, Aİ Bakı limanına beynəlxalq logistika və ticarət qovşağı olması yolunda dəstəyini davam etdirəcək. Bunun üçün 1 milyard avrodan çox yatırım nəzərdə tutan uzunmüddətli investisiya planının həyata keçirilməsi artıq gündəlikdədir.

Xatırladaq ki, ötən əsrin 30-cu illərində tikilən Bakı Dəniz Ticarət Limanı günün tələblərinə cavab vermirdi. Odur ki, dövlət başçısının 2007-ci ildə imzaladığı müvafiq sərəncamla yeni limanın baş planı və layihəsi hazırlandı. Layihənin birinci mərhələsi çərçivəsində bərə və quru yük terminalları, konteyner sahəsi, giriş-çıxış kanalı, avtomobil və dəmir yolları, eləcə də digər qurğular, infrastruktur obyektləri və binaların tikintisinə başlanıldı. 2010-cu ilin noyabrında təməli qoyulan liman cəmi 4 il sonra fəaliyyətə başladı. İndi o, Xəzər dənizində ən böyük ticarət limanıdır. Liman  Azərbaycanın nəqliyyat, logistika mərkəzinə çevrilməsi üçün böyük imkanlar açır. Avtomobil və dəmir yollarının reabilitasiyası, tikintisi, dəniz nəqliyyatı, gəmiqayırma zavodu, ticarət limanı, yük aviasiyasının inkişafı bu prosesi sürətlə başa çatdırmağa imkan verir. Ən vacib cəhətlərdən biri Ələt Azad İqtisadi Zonasının  Azərbaycanı regionun nəqliyyat və logistika mərkəzinə çevirməsidir. Bu zona yeni Bakı limanının Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Türkiyə, Çin, Rusiya, İran kimi ölkələr üçün rolunu artırır.

Konfrans çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC dostluq və əməkdaşlıq barədə dörd anlaşma memorandumu da imzaladı. Bundan əlavə, konfransdakı müzakirələrdə Bakı Ticarət Limanının coğrafi mövqeyinin unikal imkanları araşdırıldı, onun regional  perspektivlərindən danışıldı.

Onu da qeyd edək ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin evsahibliyi etdiyi Dünya Limanlar Konfransına rekord sayda nümayəndə heyəti qatılmışdı. ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Filippin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla dünyanın 65 ölkəsindən beynəlxalq limanların, biznes icmasının, gəmiçilik və logistika üzrə iri şirkətlərin 400-dən çox nümayəndəsi Bakı konfransında iştirak etmişlər.

Məlumat üçün bildirək ki, Mənzil Qərargahı Tokioda olan Dünya Limanlar Konfransı (IAPH) 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. Qurumun illik konfransları 2013-cü ildə Los-Anceles, 2014-cü ildə Sidney, 2015-ci ildə Hamburq, 2016-cı ildə Panama və 2017-ci ildə Bali kimi böyük liman şəhərlərində keçirilib.

 

Bahadur İMANQULİYEV,

“Azərbaycan”