Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Olimpiada qalibləri mükafatlandırıldı

17 May 2018
 

Bu günlərdə Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil naziri Ceyhun Bayramov, Milli Məclisin deputatları, bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri, təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev Respublika fənn olimpiadalarının nəticələri barədə geniş məlumat verib. Bildirib ki, olimpiadada 45 nəfər qızıl, 89 nəfər gümüş, 142 şagird isə bürünc medala layiq görülüb. Naxçıvan MR da daxil olmaqla 298 nəfər qalib elan edilib.

Qalibləri təbrik edən təhsil naziri Ceyhun Bayramov fənn olimpiadalarının mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb və qeyd edib ki, təhsilin keyfiyyətinin vacib amili kimi bu sahə ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla, 8 fənn üzrə IX, X və XI sinif şagirdlərinin arasında keçirilib. Yarışda IX siniflərlə bərabər xüsusi istedadı və hazırlığı ilə seçilən VII-VIII sinif şagirdləri də öz bilik və bacarıqlarını nümayiş etdiriblər.

Təhsil naziri 33 mindən çox şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarının artıq adi yarış deyil, elm və bilik hərəkatına çevrildiyini vurğulayıb. Qeyd edib ki, bu il  olimpiadalarda əldə edilən 298 medalın 157-si Bakı, 141-i isə digər bölgələrin payına düşür. Ümumilikdə 50 müxtəlif bölgədə təhsil alan şagirdlər olimpiadanın qalibləri sırasına daxil olub.    

Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşdığını və qısa müddətdə böyük nailiyyətlərin əldə edildiyini xüsusi vurğulayan nazir onu da bildirib ki, məktəblilərimiz 1994-cü ildən beynəlxalq olimpiadalarda 314 medal qazanıblar. Son 5 ildə isə onlar 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal əldə ediblər. Bu da müstəqillik dövründə qazanılmış bütün medalların təxminən 3 faizi deməkdir.

Tədbirdə diqqətə çatdırılıb ki, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qaliblərinin isə müvafiq fənlərə uyğun ixtisaslar üzrə ali məktəblərə müsabiqədənkənar qəbul edilməsinə dair qanunvericilikdə müəyyən dəyişiklik təklifi Təhsil Nazirliyi tərəfindən

aidiyyəti qurumlara göndərilib və məsələ razılaşdırılma mərhələsindədir.

Sonra Respublika fənn olimpiadaları iştirakçılarının və vaxtilə olimpiadalarda iştirak edən, hazırda dünyanın müxtəlif ölkələrində elmi fəaliyyətlə məşğul olan həmyerlilərimizin fikir və təbriklərinin yer aldığı videoçarx nümayiş olunub.

Azərbaycan dili və ədəbiyyat fənni üzrə qızıl medalın sahibi, Bakı şəhəri Texniki-humanitar liseyin 11-ci sinif şagirdi Zeynəb Quluzadə qazandığı uğurlarla bağlı fikirlərini bölüşüb.

Tədbirin sonunda olimpiada qaliblərinə mükafatlar təqdim edilib.

 

“Azərbaycan”