Dini radikalizm və ekstremizmə qarşı mübarizə mövzusunda seminar

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dini radikalizm və ekstremizmə qarşı mübarizə mövzusunda seminar

17 May 2018
 

Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə: mənəvi və hüquqi müstəvidə” mövzusunda seminar keçirilmişdir.

DSX-dən verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərovun iştirakı ilə keçirilən seminarda dini radikalizmin törətdiyi fəsadlar geniş izah olunmuş, bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətləri, vətəndaşlarımızı xarici dini ekstremist qrupların və onların silahlı dəstələrinin tərkibinə qoşmaq cəhdləri qətiyyətlə pislənmiş, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən görülən tədbirlər  haqqında ətraflı məlumat verilmişdir.

Seminarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadıqları, respublikamızın tolerantlıq və multikulturalizm nümunəsinə çevrildiyi xüsusi qeyd olunmuşdur.

Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanmışdır.

Sonda dini radikalizmin törətdiyi fəsadlardan bəhs edən  “Şəhadət” sənədli filmi göstərilmişdir.

 

“Azərbaycan”