Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ədalətsizlik

17 May 2018
 

Siyasi sifarişlər yerinə yetirən AŞ PA antiazərbaycançı dairələrin növbəti çirkli planlarını icra edir

 

Müstəqil geosiyasi və geoiqtisadi təşəbbüsləri nəticəsində regionun lokomotivinə çevrilən Azərbaycan həm də beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur. Azərbaycan diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir.
Bu göstəricilər və Azərbaycanın getdikcə artan nüfuzu bəzi xarici qüvvələri, təşkilatları daim narahat edir, ölkəmizə qarşı bəzi beynəlxalq təşkilatların rəftarı nədənsə təzyiq-təhdid formasına çevrilir.

 

Məkrli planlar da dəyişib, istiqamət də...

 

Əlbəttə ki, bütün bunlar antiazərbaycançı şəbəkənin illərlə hazırladığı məkrli planların tərkib hissəsidir. Son zamanlar isə Qərbdəki bəzi dairələr öz eybəcərliklərini Azərbaycan nümunəsində qabartmağa və onu növbəti dəfə ittiham hədəfinə çevirməyə çalışırlar.
Bu bir həqiqətdir ki, əvvəllər bu qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyalarını “Amnesty International”, “Human Rights Watch” və “Freedom House” kimi ermənipərəst, riyakar, fəaliyyətini çirkli pullar hesabına quran beynəlxalq “hüquq müdafiə təşkilatları” və daxildəki “beşinci kolon”un vasitəsi ilə həyata keçirməyə çalışırdılar. Lakin hər dəfə Azərbaycanın layiqli müqaviməti və tutarlı arqumentlərə əsaslanan cavabları ilə planları alt-üst olurdu. Məhz bu təşkilatlara və “sapı özümüzdən olan baltalar”a bəslənən “ümidlər” puç olduğu üçün antiazərbaycançı şəbəkənin məkrli planlar üçün ayırdığı çirkin pulların istiqaməti, ünvanı dəyişdi.

 

Avropa İttifaqı çirkli oyunlara yox, yeni strateji əməkdaşlığa üstünlük verdi

 

Belə ki, antiazərbaycançı şəbəkə çirkin əməllərini ölkəmizin üzvü olduğu beynəlxalq təşkilatlar vasitəsi ilə həyata keçirməyə başladı və bu, mütəmadi xarakter almağa başladı. Lakin Azərbaycan bütün məkrli planları alt-üst etdi, qərəzli qətnamələrə layiqli cavablar verildi. Hətta bəzi qurumlar ölkəmizə qarşı sərgilədiyi xoşagəlməz mövqeyə görə təəssüfləndi və daha yaxın münasibətlərin qurulması üçün yeni təkliflərlə çıxış etdi.
Bunlardan biri kimi Avropa İttifaqını göstərə bilərik. Əvvəlcə Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqe sərgiləməyə başladı və nəticəsi də bu oldu ki, Azərbaycan bu qurumla ikitərəfli əlaqələrə xitam verdi. Ölkəmiz Avronest PA-da fəaliyyətini dayandırdı.
Prezidenti İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşdə sərt fikirlər səsləndirərək ölkəmizin mövqeyini ortaya qoydu və bununla həmçinin antiazərbaycançı şəbəkəyə yetərli siqnal verdi. Dövlət başçısı bir daha Azərbaycanla təzyiq-təhdid dili ilə danışmağın qeyri-mümkünlüyünü bəyan etdi.
Bir müddətdən sonra Avropa İttifaqı əlaqələri bərpa etmək üçün təkliflə çıxış etdi və münasibətlərin daha yüksək səviyyəyə qaldırılması üçün yeni ikitərəfli saziş təklifi irəli sürdü.
Prezident İlham Əliyevin ötən il Brüsselə səfəri zamanı isə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsi baxımından olduqca vacib görüşlər keçirildi. Beləliklə, tərəflər arasında münasibətlərin demək olar ki, yeni mərhələsi başlandı. Yaxın zamanlarda yeni strateji sazişin imzalanması ilə əlaqələr daha da möhkəmlənəcək.

 

Antiazərbaycançı şəbəkənin girovuna çevrilən AŞ PA

 

2018-ci ilə ciddi uğurlarla başlayan və çox mühüm siyasi, iqtisadi islahatlar aparan Azərbaycan rəhbərliyinin ünvanına bu dəfə də iftira, böhtan dolu fikirlər uydurmağa çalışanlar tapıldı. Təəssüf ki, AŞ PA kimi qurum da onların əsirliyinə düşdü.
Etiraf edək ki, Azərbaycan daim başqa beynəlxalq təşkilatlar olduğu kimi, AŞ PA-ya da böyük hörmət və nəzakətlə yanaşıb. Bu təşkilatın işində fəal iştirak edib, proqramlarına diqqət göstərib, tövsiyələrini nəzərə alıb. Lakin bunun fonunda AŞ PA Azərbaycana qarşı dəfələrlə qərəzli mövqe nümayiş etdirib.
Bu qurumun son illərdə ölkəmizə qarşı apardığı bir neçə çirkin kampaniyaya nəzər yetirək. Ötən il qurumun payız sessiyasında “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” və “Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar” mövzularında məruzələr qəbul edildi. Həmməruzəçilər Stefan Şennakın və Sezar Florin Predanın hazırladıqları və parlamentari Alen Desteksin təqdim etdiyi qərəzli hesabatlar üzrə iki qətnamənin qəbulu bir daha sübut etmiş oldu ki, Azərbaycana qarşı müharibə təkcə səngərlərdə deyil, informasiya sahəsində də aparılır. Çünki Azərbaycan Avropa Şurasına üzv olduğu 17 il ərzində nəhəng islahatlar həyata keçirib və keçirməyə də davam edir. Amma bunların heç biri nəzərə alınmır və davamlı olaraq ölkəmizə təzyiq göstərilir. O da bəlli oldu ki, AŞ PA-nın bəzi üzvləri Azərbaycanla “məşğul olmağı” gündəlik məşğuliyyətə çeviriblər.
Əlbəttə ki, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞ PA-da fəallığı bir çoxlarına sərf etmir. Əks təqdirdə, sözügedən parlamentarilər daha çox islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin baş alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünər və bu problemlərin aradan qaldırılması yollarını axtarardılar.

 

AŞ PA artıq siyasi təzyiq vasitəsinə çevrilir

 

Ötən ay isə AŞ PA-da korrupsiya məsələsinə dair son hadisələr göstərdi ki, artıq bu təşkilat da siyasi sifarişlər yerinə yetirməyə başlayıb. Yəni AŞ PA-nı artıq azadlıq, demokratiya və ədalət idarə etmir. Azərbaycana qarşı ardıcıl şəkildə hücumlar bu təşkilatın siyasi təzyiq vasitəsinə çevrildiyini açıq şəkildə nümayiş etdirir.
Bu gün demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞ PA müəyyən məqsədli dairələrin məkrli planlarını icra etməklə məşğuldur.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı qərəzli münasibət isə onu göstərir ki, AŞ PA-da ölkəmizə qarşı ikili standartlar siyasəti davam edir. Qurumun qərəzli qərarları, hesabatları antiazərbaycançı dairələrin mənafeyinə xidmət edir və Azərbaycana qarşı təzyiq məqsədi güdür.
Hətta bunu bəzi avropalı siyasətçilər də etiraf edirlər. Ötən il Azərbaycana qarşı qərəzli qətnamə qəbul edilərkən alman politoloq Aleksandr Rar AŞ PA-nı Qərbin inkvizisiyası adlandırmışdı. Siyasi sarkazmla bu təşkilatın proseslərə müdaxilə etmək, eyni zamanda üzv dövlətlərin daxili siyasətinə qarışmaq hüququ olduğunu bildirərək demişdi ki, belə vəziyyət Avropa üçün xarakterikdir və bu, getdikcə intensivləşəcək.
Bu fikirlər həqiqətən AŞ PA-nın Azərbaycanla bağlı həyata keçirdiyi “məqsədyönlü siyasətinin” əsl məğzini aşkara çıxarır - təzyiq, təhdid və süni şəkildə sıxışdırmaq.

 

17 illik üzvlüyü dövründə AŞ PA Azərbaycana nə verib?

 

Hazırlanan qərəzli hesabatlardan, siyasi sifarişlərdən görünür ki, məqsəd problemləri aradan qaldırmaq deyil, üzv dövlətləri qaralamaqdır. Görünən odur ki, son vaxtlar nüfuzuna xələl gətirməyə başlayan AŞ PA artıq qlobal və regional proseslərdə geosiyasi təzyiq aləti funksiyasını yerinə yetirir.
AŞ PA qəbul etdiyi qərəzli sanksiyalar, hesabatlar Qərbin islamofob və ermənipərəst qruplarının növbəti oyunudur. Bir vaxtlar Kristofer Ştrasserin uydurduğu qondarma “siyasi məhbus” oyunu və bununla bağlı qurumda aparılan müzakirələr, indi isə bədnam “hesabatlar”, sifarişli qərarlar təsdiq edir ki, Qərbdəki bəzi dairələr öz eybəcərliklərini Azərbaycan nümunəsində qabartmağa və onu növbəti dəfə ittiham hədəfinə çevirməyə çalışırlar.
Bütün bunlar onu deməyə əsas verir ki, belə cirkinliklərdən qurtulmaq üçün Azərbaycan AŞ PA-ya üzvlük məsələsini yenidən nəzərdən keçirməlidir. AŞ PA kimi ikili standartlar, qarayaxma və ləkələmə nümunəsinin tüğyan etdiyi bir təşkilat Azərbaycanın nəyinə lazımdır?
Əgər diqqət etsək görərik ki, 17 illik üzvlüyü dövründə AŞ PA Azərbaycana heç nə verməyib. Ümumiyyətlə, Qərbə inteqrasiya Azərbaycana ancaq ziyan verib. Ölkəmiz davamlı təzyiqlər, ikili standartlar, qarayaxma və ləkələmə kampaniyasına məruz qalıb. Onda beynəlxalq hüquq normalarının təmin edilməsi, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində də heç bir təsirli addım atmayan AŞ PA-dan nə gözləmək olar?

 

AŞ PA-sız da yaxşı yaşaya bilərik, yaşamışıq da

 

Hələ bir neçə il öncə Prezident İlham Əliyev Avropa Şurasına xəbərdarlıq da etmişdi. Dövlət başçısı Azərbaycana qarşı aparılan çirkin kampaniyaların dayandırılmasını tələb edirdi: “Azərbaycanı nə qədər təhqir etmək olar? Bizə nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. Yaşamışıq və ölməmişik. Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin... Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamofobiya, paxıllıq, bədniyyət. Ona görə yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi”.
Əlbəttə ki, Azərbaycan ictimaiyyəti Avropa təsisatlarının özünə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək. Çünki Prezident İlham Əliyevin milli maraqlara əsaslanan strategiyası ölkəmizin xarici siyasətinin təməl daşıdır. Rəsmi Bakı dəfələrlə sübut edib ki, heç kəs Azərbaycanla ultimatum dilində danışa bilməz. Əgər AŞ PA da belə qərəzli mövqe sərgiləməkdə davam edəcəksə, təbii ki, dövlətimiz bununla bağlı əsaslandırılmış qərarını verəcək. Çünki Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Heç kimdən asılı, heç kimin qarşısında gözükölgəli deyil, öz yolu ilə, müstəqillik, inkişaf yolu ilə gedir və bundan sonra da gedəcək.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”