Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 892 kiloqramdan çox narkotik vasitə məhv edilib

17 May 2018
 

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 892 kiloqramdan artıq müxtəlif narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları mayın 16-da Binəqədi rayonundakı Bünyad Sərdarov adına maşınqayırma zavodunda məhv edilib.

AZƏRTAC xəbər verir ki, narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Dövlət komissiyasının işçi qrupunun rəhbəri Fəqan Şahverdiyev deyib ki, bu gün 388 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 892 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə (468 kiloqram 658,155 qram marixuana, 217 kiloqram 96,701 qram heroin, 183 kiloqram 25,135 qram tiryək, 22 kiloqram 848,734 qram həşiş qətranı, 18 min 462 ədəd psixotrop maddə və 6453 ədəd çətənə bitkisi) yandırılaraq məhv edilib. Müsadirə olunan müxtəlif növ narkotik vasitələrin və psixotrop maddələrin qara bazarda ümumi dəyəri 16 milyon manat təşkil edir.

Qeyd edilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını daim diqqətdə saxlayan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən aidiyyəti qurumların fəaliyyətini koordinasiya etməklə antinarkotik təbliğata xüsusi önəm verir. Həyata keçirilən tədbirlər nəticəsində müsbət nəticələr əldə olunub. Dövlət komissiyasının işçi qrupu şəhər-rayon komissiyaları ilə birgə profilaktik tədbirlər, konfranslar, seminarlar, praktik təlimlər həyata keçirir, bu istiqamətdə çalışan əməkdaşlara fəaliyyətin səmərəliliyini artırmaq üçün metodik tövsiyələr verir. Belə ki, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədilə və narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması üçün dövlət komissiyasının işçi qrupu 2016-2017-ci illər ərzində respublikanın 50-dən çox şəhər və rayonunda seminar-müşavirələr keçirib, ümumilikdə 1700 təlimçi hazırlayıb.

Diqqətə çatdırılıb ki, 2018-ci ilin üç ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən 887 fakt aşkarlanıb. Faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 519 kiloqram 631,681 qram müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Müsadirə edilən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 263 kiloqram 197,362 qramı marixuana, 87 kiloqram 259,777 qramı tiryək, 135 kiloqram 722,762 qramı heroin, 27 kiloqram 467,44 qramı həşiş, 4 kiloqram 368, 229 qramı digərləri, 1 kiloqram 616, 111 qramı psixotrop maddələr və 4490 ədəd həb olub. Faktlarla əlaqədar 493 nəfər cinayət məsuliyyətinə cəlb edilib.