Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cənubi Koreyanın Azərbaycandakı səfiri Astaraya səfər edib

17 May 2018
 

Cənubi Koreyanın Azərbaycandakı səfiri Kim Çanq-qyu cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonunda olmuşdur. Rayon icra hakimiyyətində keçirilən görüşdə RİH başçısı Qəzənfər Ağayev Astaranın tarixi, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə qonağa ətraflı məlumat vermişdir.

Asiya-Avropa ölkələrini birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin istifadəyə verilməsi ilə ölkələr arasında iqtisadi və mədəni əlaqələrin daha da genişlənəcəyini qeyd edən tərəflər turizm və kənd təsərrüfatı sahələrində əməkdaşlığın faydalı olacağını vurğulamış, rayonun gələcək sosial-iqtisadi inkişafı üçün xarici investorlara yaradılan əlverişli şərait barədə fikir mübadiləsi aparmışlar.

Səfir müstəqillik qazandığı qısa müddət ərzində Azərbaycanın sürətli inkişafını yüksək qiymətləndirərək əlverişli coğrafi mövqeyə, zəngin təbii resurslara malik ölkənin bundan sonra daha da irəli gedəcəyinin şübhə doğurmadığını vurğulamışdır. Qonaq qeyd etmişdir ki, Azərbaycanın cənub qapısı olan Astarada aparılan abadlıq işləri rayonun gözəlliyini daha da artırmışdır. Bir turizm məkanı kimi tarixi və təbiət abidələri ilə zəngin olan Astara subtropik və sitrus meyvə bağları, çay plantasiyaları ilə investorların marağını artırır.

Q.Ağayev qonağa rayonun inkişaf göstəriciləri haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, ölkələrimiz arasında qurulan mədəni-iqtisadi əlaqələrin inkişafı,  xalqlarımızın bir-birinə yaxınlaşmasına böyük fayda verir.

Səfir “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Ələt-Astara-İran sərhədi avtomobil yoluna, Astara stansiyasından İran sərhədinə qədər olan dəmir yolu xəttinə və Astara çayı üzərində inşa edilən dəmir yolu körpüsünə baxmış, Xəzər dənizi sahilində salınmış və genişləndirilməkdə olan park-bulvar kompleksi, “Astaraçay” MMC-nin Çay emalı zavodu və rayonun füsunkar təbiəti ilə tanış olmuşdur.

 

“Azərbaycan”