Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xidmət müqaviləsi ilə işləyənlərin ipoteka kreditlərinə müraciət qaydaları asanlaşıb

17 May 2018
 

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka krediti, o cümlədən güzəştli ipoteka krediti üzrə borcalanların aylıq məcmu gəlirinin hesablanması Qaydası”nda etdiyi dəyişikliklərlə reallaşıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, əvvəllər müraciət üçün ən azı 12 ay iş fəaliyyəti tələb edilirdisə, indi bu rəqəm 6 ayadək azaldılıb: “Eyni zamanda, orta aylıq gəlir hesablanan zaman 12 ay deyil, faktiki ayların sayı nəzərə alınacaq”. V.Bayramov həmçinin əlavə edib ki, ipoteka krediti üçün müraciət edən vətəndaşımzın yalnız son 8 ayda iş fəaliyyəti varsa, onun gəlirləri cəmlənərək 8-ə bölünəcək. Əvvəllər 12 aydan az fəaliyyəti olanlar ipoteka kreditlərinə müraciət etmək hüququna malik deyildilər.

Ekspert deyib ki, dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər hesablananda əvvəlki qaydalara görə kredit üçün müraciət edən şəxsin ən azı 2 il belə fəaliyyət ilə məşğul olması tələb olunurdusa, indi son 1 il sahibkarlıq faəliyyəti ilə məşğul olmaq kifayət edəcək: “Bundan başqa, xidmət sahələrində sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği orta aylıq dövriyyənin 40 faizindən yox, 70 faizindən çox olmayacaq. Yəni, ipotekaya müraciət edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin gəlirinin 70 faizi həcminədək aylıq kredit ödəniş məbləği müəyyənləşdirilə biləcək”.