Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səməd Seyidov: AŞPA-nın son qərarı Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir

16 May 2018
Azərbaycan Avropa Şurasının müxtəlif strukturları ilə əməkdaşlıq edir. Lakin bu, o demək deyil ki, Avropa Şurasının müxtəlif strukturlarında ölkəmizə qarşı qərəzli mövqe mövcud deyil. Mayın 15-də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) qəbul edilən qərar da bu ikili standartların bariz nümunəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov mayın 15-də keçirdiyi mətbuat konfransında söyləyib.

Səməd Seyidov bildirib ki, Avropa Şurasında sağlam qüvvələr olsa da, Azərbaycana qarşı olan qüvvələr, erməni lobbisi ölkəmizlə bağlı qərəzli mövqe nümayiş etdirirlər. Azərbaycan nümayəndə heyəti rəhbərinin adı bu siyahıya qərəzli şəkildə salınıb. Azərbaycan nümayəndə heyətinin rəhbərinə qarşı qəbul edilən sanksiya nə bizim söz demək imkanlarımıza, nə də hansısa sənədlərin hazırlanmasına məhdudiyyət yarada bilər. Bu, Azərbaycanın qurumda normal fəaliyyətinə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına heç bir əngəl yaratmayacaq. Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək.