Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bayıldakı çökməyə texnogen amillər səbəb olub

16 May 2018
Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində çökmə hadisəsi təbii deyil, məhz texnogen amillər səbəbindən baş verib. Ərazi yüksək maili yamacda yerləşir. Yamacın təbii meyilliliyi 35-40 dərəcədir. Həmin yamac pilləli şəkildə kəsilib, tökmə torpaq üzərində pərakəndə şəkildə evlər tikilib. Nəticədə ərazi yüklənib. Dayanıqlıq zəifləyib, kommunikasiya xətlərindən sular sızıb, torpaq qatının yuyulması prosesi gedib və bu səbəbdən aşınma, çökmə hadisəsi baş verib. Ümumiyyətlə, bu ərazi sürüşmə, uçqun, yuyulma və çökmə kimi ekzogen proseslərin təsirinə məruz qalan bir sahə hesab olunur.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov məlumat verib.

Nazirlik rəsmisi mütəxəssislərin müvafiq qurumlarla birgə ərazidə tədqiqat işləri apardığını və təhlükəli sahənin sərhədlərinin müəyyənləşdirildiyini bildirib.