Kopenhagendə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kopenhagendə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd olunub

16 May 2018
Kopenhagendə Skandinaviya Türk Federasiyasının təşkilatçılığı, Danimarka Vətən Cəmiyyətinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, "Dünya Türk Günü" adlı tədbirdə Türkiyənin Danimarkadakı səfiri Uğur Kənan İpək, Avropa Türk Federasiyasının sədri Camal Çetin, Danimarka, Almaniya, İsveç və Norveçdə fəaliyyət göstərən cəmiyyət rəhbərləri, yerli və türk iş adamları, media nümayəndələri, türkmən, uyğur və bir çox digər icmaların təmsilçiləri iştirak ediblər.

Gecədə çıxış edən Danimarka Vətən Cəmiyyətinin sədri Səfər Sadiqi tarixə nəzər salaraq, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, fəaliyyəti və süqutu haqqında qonaqlara məlumat verib. O, eyni zamanda, Azərbaycanın və Türkiyənin bir millət, iki dövlət olduğunu xatırladaraq azərbaycanlıların hər zaman türklər və türkdilli xalqların yanında olduğunu vurğulayıb.

Qeyd etmək lazımdır ki, Kopenhagenin ən böyük salonlarından birində təşkil olunan gecədə 1200 nəfərdən çox qonaq iştirak edib.

Tədbirin bədii hissəsində keçirilən konsertdə Azərbaycan və türk musiqiləri ifa olunub, rəqslər təqdim edilib.