Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sofiyada Ulu Öndərin 95, Cümhuriyyətin 100 illik yubileyləri münasibətilə ağacəkmə aksiyası keçirilib

16 May 2018
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Sofiya şəhərində yerləşən Vrana park-muzeyində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Sofiya şəhərinin meri Yordanka Fandıkova, Bolqarıstan xarici işlər nazirinin müavini Yuri Şterk və turizm nazirinin müavini İrena Georgiyeva, Xalq Məclisinin deputatı Andon Donçev, Bolqarıstan Prezidentinin müşavirləri və müxtəlif nazirliklərin nümayəndələri, diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Sofiya şəhərinin meri Y.Fandıkova yubileylər münasibətilə Azərbaycan tərəfini təbrik edərək ağacların əkilməsinin gözəl təşəbbüs olduğunu deyib, bunu Sofiya şəhərinin ətraf mühitinin yaxşılaşdırılmasına töhfə kimi qiymətləndirib. Mer Vranada mövcud biomüxtəliflikdən söz açaraq Azərbaycandan gətirilmiş Şərq çinarlarının bu parkın zəngin bitki dünyasına xüsusi rəng qatacağını bildirib.

Bolqarıstanın xarici işlər nazirinin müavini Y.Şterk cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bolqarıstan ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 26 illiyinin qeyd olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Nazir müavini Bolqarıstanın Avropa İttifaqı Şurasına sədrliyi kontekstində Azərbaycan ilə Avropa İttifaqı arasında dialoqun inkişafına və əməkdaşlığı yeni mərhələyə yüksəldəcək tərəfdaşlıq sazişinə dair danışıqların aparılmasından bolqar tərəfinin məmnun olduğunu qeyd edib. Fərqli coğrafi mövqelərə malik olmalarına baxmayaraq, Azərbaycan və Bolqarıstan xalqlarının mədəniyyətlərinin yaxın olduğunu bildirən nazir müavini iki tərəf arasında milli identikliyə, müstəqilliyə, suverenliyə əsaslanan qarşılıqlı hörmətin mövcud olduğunu diqqətə çatdırıb. Y.Şterk 2015-ci ildə Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığını və bu sənəd əsasında yaxın zamanlarda yüksəksəviyyəli dialoqa başlanılacağını bildirib. Ölkələrimiz arasında enerji sahəsində sıx əməkdaşlıq əlaqələrindən söz açan nazir müavini 2020-ci ildən etibarən Bolqarıstana 1 milyard kubmetr Azərbaycan qazının idxal olunacağını qeyd edib, ölkəmizin Bolqarıstanın qazlaşdırılmasında iştirak imkanlarının nəzərdən keçirildiyini vurğulayıb. O, cari ilin əvvəlində Bakı ilə Sofiya arasında birbaşa uçuşlara start verildiyini və bu amilin iki ölkə arasında əməkdaşlıq əlaqələrinə müsbət təsir edəcəyini deyib.

Çıxışı zamanı Y.Şterkin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olmuş Məhəmmədəmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarını Azərbaycan dilində səsləndirməsi dövlətçiliyik ənənələrimizə hörmət əlaməti kimi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Sonda çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova çinar ağaclarının iki ölkə arasında dostluq rəmzi olaraq Azərbaycan üçün tarixi yubileylərlə fərqlənən məhz 2018-ci ildə əkilməsinin xüsusi önəm daşıdığını vurğulayıb. O, yaradılmasının 100 illiyinin qeyd olunduğu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müsəlman Şərqində və türk dünyasında ilk demokratik və dünyəvi ölkə olduğunu, etnik və dini mənsubiyyətindən və sosial durumundan asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququ verdiyini bildirib. AXC-nin cəmi 2 il fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan tarixində unudulmaz iz buraxdığı və 1991-ci ildə ölkəmizin müstəqilliyinin bərpası üçün ilhamverici amillərdən biri olduğu qeyd olunub.

N.Qurbanova, həmçinin cari ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinin qeyd olunduğunu diqqətə çatdıraraq, onun fəaliyyəti və ölkəmizin inkişafına verdiyi əvəzolunmaz töhfələrdən bəhs edib. O, Heydər Əliyevin 1995-ci ildə Prezident Jelyu Jelevin dəvəti əsasında Bolqarıstana səfər etdiyini və səfər çərçivəsində iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında Sazişin imzalandığını xatırladıb, Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib.

Diplomat Azərbaycan xalqından dost bolqar xalqına bir hədiyyə rəmzi olan Şərq çinarı ağaclarının Vrana park-muzeyinə gözəl töhfə olacağına və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə ümidini ifadə edib.

Daha sonra ağaclar əkilib.

Qeyd edək ki, çinarların əkildiyi Vrana park-muzeyi XX əsrin birinci yarısında yaradılmış və bolqar çarları I Ferdinand və III Borisə məxsus 140 hektarlıq mülkün bir hissəsi olub. Park 2001-ci ildə çar III Borisin oğlu Simeon Sakskoburqotski tərəfindən Sofiya şəhər bələdiyyəsinə hədiyyə edilib. Hazırda 100 hektara yaxın ərazini əhatə edən bu parkda 821 ağac və 435 yaxın bitki növü mövcuddur.

 

AZƏRTAC