Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Avrasiyanın ən səmərəli logistika mərkəzinə çevrilir

16 May 2018
 

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətə başlaması ilə ölkəmiz Xəzərdə dayanıqlı tranzit zəncir yaradır

 

Nəqliyyat və logistika dünyada ən dinamik inkişaf edən sahələrdən biridir. Bu gün müstəqil Azərbaycan bir sıra irimiqyaslı beynəlxalq nəqliyyat layihələrinin həm təşəbbüskarı, həm də iştirakçısıdır.
Prezident İlham Əliyevin apardığı müstəqil siyasət nəticəsində ölkəmizdə artıq innovativ texnologiyalara əsaslanan dayanıqlı nəqliyyat sistemi formalaşdırılır. Ötən həftə tariximizdə ilk dəfə olaraq Dünya Limanlar Konfransının Bakıda keçirilməsi, dünən isə Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı bir daha təsdiq edir ki, müstəqil Azərbaycan Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilməkdədir.

Bakı artıq Xəzər hövzəsində nəqliyyat-logistika mərkəzi kimi tanınır

 

Öncə bir daha onu vurğulayaq ki, mayın 9-10-da Bakıda Dünya Limanlar Konfransı keçirildi. Dünyanın aparıcı liman dövlətləri sayılan ABŞ, Rusiya, Çin, Hindistan, İndoneziya, Filippin, Yaponiya, Almaniya, Fransa, İspaniya daxil olmaqla dünyanın 65 ölkəsindən beynəlxalq limanların, biznes icmasının, gəmiçilik və logistika üzrə iri şirkətlərin 400-dən çox nümayəndəsi bu konfransda iştirak etdi.
Konfransın açılışında çıxış edən Beynəlxalq Limanlar Assosiasiyasının prezidenti Santiaqo Qarsiya Mila Bakının qədim İpək yolunun mərkəzində yerləşdiyini deyərək bildirdi ki, konfransın bu şəhərdə keçirilməsi təsadüfi deyil. Bakı konfransı bu regionda Beynəlxalq Limanlar Assosiasiyasının keçirdiyi ilk tədbirdir.
Mənzil qərargahı Tokio şəhərində olan bu qurum 90 ölkənin təqribən 180 limanını və limanlarla əlaqəsi olan 140 müəssisəsini təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60 faizindən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80 faizinə nəzarət edirlər. Qurumun illik konfransları 2013-cü ildə Los-Anceles, 2014-cü ildə Sidney, 2015-ci ildə Hamburq, 2016-cı ildə Panama və 2017-ci ildə Bali kimi böyük liman şəhərlərində keçirilib.
Dünya Limanlar Konfransı çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə dostluq və əməkdaşlıq barədə 4 anlaşma memorandumu imzalanıb.

 

Azərbaycana böyük dividendlər gətirəcək liman kompleksi

 

Mayın 14-də isə ölkədə daha bir tarixi hadisə yaşandı. Prezident İlham Əliyevin iştirakı ilə Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış mərasimi baş tutdu.
Öncə onu vurğulayaq ki, bu liman birinci kateqoriya limanlar üçün müəyyən edilmiş texniki tələblərə uyğun layihələndirilib və inşa olunub.
Ümumiyyətlə, son illər Azərbaycanda nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırılması, tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti sosial-iqtisadi inkişafa mühüm töhfə verir. İqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun tərəqqisində mühüm rolu olan nəqliyyat infrastrukturunun inkişafı, tranzit imkanlarının genişləndirilməsi üçün önəmli işlər görülür. Bütün bunlar isə Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir.
Cənab İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri Azərbaycanın siyasi və strateji əhəmiyyətini artırır. Bu baxımdan, dövlət başçısının respublikamızın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi strategiyasının tərkib hissəsi olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir.

 

12 yanalma körpüsü, yükaşırma imkanı illik 15 milyon ton

 

Liman kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla başlanılıb. 2010-cu ilin noyabrında dövlət başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib.
Liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı illik 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz edilib ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir.

 

Körpüyə eyni vaxtda 11 gəmi yan ala bilir

 

Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metr təşkil edir və bura eyni zamanda 11 gəmi yan ala bilər. Ərazidə ümumi sayı 2502 olmaqla, uzunluğu 45 kilometr, orta dərinliyi 26 metr təşkil edən müxtəlif diametrli svay işləri aparılıb. Limanın yerüstü infrastrukturu bu svaylar üzərində qurulub. Kompleksin qərb istiqamətində olan sahil xəttinin yuyulmasının qarşısının alınması məqsədilə 1077 metr uzunluğunda xüsusi struktura malik müdafiə divarı inşa edilib.
Liman akvatoriyasında dibdərinləşdirmə işləri aparılıb, uzunluğu 7,5 kilometr, dönmə dairəsinin diametri 450 metr olan giriş kanalı inşa olunub. Bu kanal və dönmə akvatoriyası Xəzər dənizində üzən bütün növ gəmilərin limana təhlükəsiz və sərbəst yanalmasını təmin etmək imkanı verir. Hazırda limana çəkisi 7000-8000 tona qədər olan gəmilər daxil olur ki, mövcud dərinlik bunun üçün kifayət edir. Layihələndirmə zamanı liman akvatoriyasında dərinliyin artırılma imkanı da nəzərə alınıb ki, bu da gələcəkdə daha böyük gəmilərin də sərbəst yanalmasını təmin edəcək.

 

Kompleksdə 72 müxtəlif təyinatlı bina və qurğular inşa olunub

 

Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb, 2 mövcud portal kranın isə modernləşdirilərək quraşdırılması işləri davam edir.
Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə 72 müxtəlif təyinatlı bina və qurğular inşa olunub, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi davam etdirilir. Burada qapalı və açıq anbarlar yaradılıb. Konteyner meydançasında eyni zamanda 1040 konteynerin yerləşdirilməsi, 64 soyuduculu konteynerə xidmət göstərilməsi üçün xüsusi infrastruktur yaradılıb.

 

1 idxal, 2 ixrac sahəsindən ibarət zonalar yaradılıb

 

Burada əməliyyatların səmərəli idarə olunmasını təmin edəcək Liman İdarəetmə və İnformasiya Sistemi və digər İT komponentləri tətbiq olunub, eləcə də Gəmilərin və Liman Vasitələrinin Mühafizəsi üzrə Beynəlxalq Kodeksin tələblərinə uyğun mühafizə sistemi qurulub, müasir kameralar quraşdırılıb, sərhəd və gömrük nəzarəti zonalarının ayrılması məqsədilə 1 idxal və 2 ixrac sahəsindən ibarət zonalar yaradılıb.
Yüklərin sürətli və səmərəli yüklənib-boşaldılması üçün Liman Əməliyyat İnformasiya Sistemi vasitəsilə əraziyə daxil olan bütün yüklərin - konteyner, TIR vasitəsilə gətirilən quru yüklərin gəmilərə yüklənmə və boşalma vaxtı müəyyən edilir və proseslər həmin qrafikə uyğun həyata keçirilir. İnternet üzərindən işləyən bu əməliyyat sistemi yük sahibinə yükün Bakı limanına daxil olması və limandan çıxması barədə dərhal məlumat verir. Tətbiq edilən ən son müasir texnoloji və mühəndis həlləri kompleksi regionda beynəlxalq tələblərə cavab verən ən müasir və rahat yükaşırma mərkəzinə çevirir, mühüm nəqliyyat qovşağı kimi onun tranzit və daşıma imkanlarını artırır.

 

“Yaşıl liman” konsepsiyasının tələbləri də yerinə yetirilib

 

“Yaşıl liman” konsepsiyasının tələblərinə uyğun olaraq kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib. Limanın elektrik enerjisi ilə təminatı Ələt elektrik yarımstansiyasından və Səngəçal modul elektrik stansiyasından olmaqla iki mənbədən yerinə yetirilir. Layihənin ümumi elektrik gücü 18 meqavat təşkil edir. Bununla yanaşı, limanın fasiləsiz elektrik enerjisi ilə təminatı üçün iki generatordan ibarət dizel generator stansiyası qurulub. İçməli su təchizatının təmin edilməsi məqsədilə ərazidə su rezervuarı inşa edilib.

 

Nəqliyyat potensialımızın inkişafında önəmli yer tutacaq kompleks

 

Açılış mərasimində Bakı limanının ölkəmizin nəqliyyat potensialının möhkəmləndirilməsində önəmli rol oynayacağını deyən Prezident İlham Əliyev bildirdi ki, bundan sonrakı mərhələ yükaşırma qabiliyyətini 25 milyon tona çatdırmağa hesablanıb və Azərbaycan artıq çox güclü nəqliyyat-logistika mərkəzi yaradır.
Limanın tikintisi ilə bağlı işlərə şəxsən nəzarət etdiyini deyən Prezident limanın yaradılmasında Ələt qəsəbəsinin seçilməsinin səbəblərinə də aydınlıq gətirdi. Qeyd etdi ki, Ələtin seçilməsi heç də təsadüfi deyildi: “Çünki mövcud Bakı Dəniz Limanı bizim tələbatımıza artıq uyğun deyil, şəhərin mərkəzində yerləşir və artan yükləri qəbul etmək imkanları çox məhduddur. Ələt isə coğrafi baxımdan çox əlverişli bir yerdir və həm Qərb, həm Cənub istiqamətinə buradan açılan yollar, o cümlədən avtomobil, dəmir yolları əlbəttə ki, bu yerin seçilməsində əsas rol oynamışdır. Əlbəttə ki, Ələt qəsəbəsinin də inkişafı böyük dərəcədə burada yaradılan logistika və nəqliyyat infrastrukturu ilə bağlı olacaq. Əlavə etsək ki, biz yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının yaradılmasına başlayacağıq, deməyə tam əsas var ki, Bakı şəhərinin bu ərazisi gələcəkdə çox sürətlə inkişaf edəcək, çoxsaylı iş yerləri yaradılacaq. Beləliklə, Ələt ölkəmizin iqtisadi nəqliyyat potensialının inkişafında əlbəttə ki, önəmli yer tutacaqdır”.

 

Xəzərdə 260 gəmidən ibarət böyük donanma

 

Dövlət başçısının söylədiyi kimi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, Azərbaycan nəqliyyat infrastrukturu ilə bağlı qarşıda duran bütün vəzifələri icra edib. Bu günə qədər bu istiqamətdə çox böyük işlər görülüb.
Hazırda Xəzərdə Azərbaycanın 260 gəmidən ibarət ən böyük donanmasının olduğunu vurğulayan cənab
İlham Əliyev son bir neçə il ərzində əlavə olaraq 18 gəminin alındığını söylədi: “Mənim təşəbbüsümlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışıq”.

 

Bakı Avropaya dəmir yolu xətti ilə birləşib

 

Bu gün Azərbaycan həm də dəmir yolu infrastrukturunu müasirləşdirir. Mövcud dəmir yolu xətləri təzələnir, yeni dəmir yolu xətləri çəkilir.
Prezident İlham Əliyev qeyd etdi ki, ötən il istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu ilə Azərbaycan Bakını Avropaya dəmir yolu xətti ilə birləşdirib: “Əslində, Asiyanı Avropa ilə birləşdirən Azərbaycan olmuşdur. Bu nəqliyyat dəhlizi uzun illər bundan sonra bizə böyük gəlirlər gətirəcək, xalqımıza böyük fayda verəcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir. Bu layihənin uğurla icra edilməsi nəticəsində Azərbaycan bu bölgədə öz mövqeyini daha da gücləndirəcəkdir”.

 

Şimaldan Cənuba, Şərqdən Qərbə gedən yollar Azərbaycandan keçəcək

 

Cənab İlham Əliyev vurğuladı ki, Azərbaycan hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuldur. Bu layihələrin işə düşməsi ilə həm Şimaldan Cənuba, həm Şərqdən Qərbə gedən yollar Azərbaycan ərazisindən keçəcək:
“Şimal-Cənub nəqliyyat dəhlizinin tam başa çatması üçün biz əlavə vəsait ayırdıq və əminəm ki, yaxın bir neçə il ərzində bu dəmir yolu tam istifadəyə veriləcəkdir. Beləliklə, Avrasiya məkanında açıq dənizlərə çıxışı olmayan Azərbaycan nəqliyyat və logistika mərkəzinə çevriləcək. Artıq biz bunu görürük və biz bu funksiyanı artıq yerinə yetiririk”.
Dövlət başçısı bu layihələrin həyata keçirilməsinin təkcə Azərbaycana iqtisadi mənfəət gətirməyəcəyini qeyd edərək diqqətə çatdırdı ki, ölkəmiz nəqliyyat potensialından çox böyük səmərə ilə istifadə edərək, öz iqtisadi vəziyyətini daha da yaxşılaşdıracaq. Çünki bu layihələr Azərbaycanın geosiyasi önəmini böyük dərəcədə artıracaq. Azərbaycan Avrasiya məkanında regional əməkdaşlıq üçün əvəzolunmaz ölkə kimi öz fəaliyyətini davam etdirəcək: “Onsuz da dünyada bizə böyük hörmət, rəğbət var. Azərbaycan çox etibarlı tərəfdaş, çox qabiliyyətli ölkə kimi tanınır. Bizim artan iqtisadi gücümüz imkan verir ki, belə tarixi layihələri icra edək. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən önəmli layihələrdən biridir və bu gün bizim tariximizdə yaddaqalan və önəmli gün kimi qalacaqdır”.

 

Dəniz nəqliyyatı innovativ inkişaf mərhələsinə qədəm qoyur

 

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tranzit potensialının artırılması, beynəlxalq daşımaları təmin edən müasir infrastrukturun yaradılması və nəqliyyat parkının yeniləşdirilməsi üzrə işlər daha intensiv xarakter alıb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının inşası kimi mühüm əhəmiyyət kəsb edən layihələrin icrası Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq mövqelərini də möhkəmləndirir.
Beləliklə, Avrasiya məkanında önəmli geostrateji mövqeyə, çoxşaxəli iqtisadi və ticarət əlaqələrinə malik Azərbaycan bu gün dəniz nəqliyyatının innovativ inkişaf mərhələsinə qədəm qoyur.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”