Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Güclü dövlətçiliyi təmin edən siyasət

16 May 2018
 

Ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 95 illiyi ölkənin hər yerində böyük təntənə və coşqu ilə qeyd edildi. Qarşıdan isə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü gəlir. Xalqımızın əziz tutduğu bu tarixlər bir-biri ilə sıx bağlıdır. Bu əlamətdar günləri bir-birinə bağlayan amil Heydər Əliyevin qurduğu və Xalq Cümhuriyyətinin varisi olan bugünkü müstəqil, qüdrətli Azərbaycan dövlətidir.

 

Əbədi və sarsılmaz müstəqillik

 

Tarix sübut edir ki, qurulmaqda olan hər bir dövlət ilk növbədə güclü ideoloji təməllərə, sosial-iqtisadi bazaya və legitim hüquqi münasibətlər sisteminə dərin ehtiyac duyur. Amma hər dövlət və ya xalq bu prosesdən uğurla çıxa bilmir. Yalnız müdrik şəxsiyyətlərin rəhbərlik etdikləri dövlətlər bu mürəkkəb və çoxşaxəli fəaliyyəti yaradaraq koordinasiyalı şəkildə cəmiyyətin bütün təbəqələri üçün dərk edilmiş zərurət halına gətirə bilir. Ümummilli lider Heydər Əliyev də məhz belə unikal keyfiyyətlərə malik dahi şəxsiyyət kimi nəinki Azərbaycanı müstəqil dövlətə çevirdi, həm də onun dönməzliyini təmin etdi.
Bu gün artıq beynəlxalq aləmdə böyük siyasi çəkisi olan, iqtisadi potensialına və inkişaf tempinə görə bir çox dünya ölkələrini geridə qoyan Azərbaycan yerləşdiyi regionun lider dövlətidir. Bu nailiyyətlərin əldə olunması yolunda ölkəmiz tarixin çox çətin və keşməkeşli sınaqlarına məruz qalıb. Məhz bütün çətinliklərə mətanətlə sinə gərərək respublikanı xilas etmiş bir şəxsiyyətin - Heydər Əliyev kimi dahi liderin əzmi, iradəsi və qüdrəti hesabına Azərbaycan xalqı bu sınaqlardan üzüağ çıxa bildi.
Heydər Əliyev vətənin ən ağır dövründə xalqın gələcək taleyi üçün məsuliyyəti öz üzərinə götürərək bir çox siyasi xadimin edə bilmədiyi və bilməyəcəyi işləri gerçəkləşdirdi. Həqiqətdir ki, Azərbaycanın dövlət müstəqilliyinin etibarlı əsasları Heydər Əliyevin bilavasitə rəhbərliyi altında, onun dühası, qətiyyətli siyasəti və dövlətçilik təcrübəsi nəticəsində yaradıldı. Ulu öndərin xalq və tarix qarşısında ən böyük xidməti budur ki, o, əzəli torpaqlarımıza sahib olmaq yolunda kəskin ziddiyyətlərin mövcud olduğu şəraitdə Azərbaycanın dövlətçiliyini qorudu, ölkəni parçalanıb yox olmaq təhlükəsindən xilas etdi, bununla da xalqın ən ümdə hüququ olan azad yaşamaq hüququnu təmin etdi.
Beləliklə, müstəqil dövlətimizin beynəlxalq birlikdə öz yerini tutması, Azərbaycan həqiqətlərinin dünyada tanıdılması məhz Heydər Əliyevin xidmətləri sayəsində mümkün oldu. Yalnız onun siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi, ölkənin beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qalxdı. Bütün bunlar bir daha təsdiq edir ki, müasir Azərbaycanın memarı və qurucusu kimi Heydər Əliyevin fəaliyyətinin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri var.
Heydər Əliyev görkəmli siyasi və dövlət xadimi idi. Məhz buna görə də ulu öndərin bütün sahələrdə olduğu kimi, dövlət idarəçiliyində də zəngin təcrübəsi vardı. Məhz bunun nəticəsi idi ki, Azərbaycanda 1993-cü ildən sonra dövlət quruculuğu uğurla həyata keçirilməyə başladı. Onun dühasının qüdrəti sayəsində Azərbaycanın demokratik quruculuq və milli inkişaf yolu spesifik yönümdə, onun milli xüsusiyyətləri və xalqın mənəvi dəyərləri nəzərə alınmaqla həyata keçirilməyə başladı. Ölkədə siyasi və milli-ideoloji birliyin təməli qoyuldu, dövlətçilik ənənələri milli düşüncə tərzinə çevrildi, vətəndaşlarımızın ümdə əqidəsi oldu. Bir sözlə, dövlət quruculuğu sahəsində nailiyyətlər, qanunların aliliyinə söykənən vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi uğurlar Heydər Əliyev dühasının bəhrələri idi.
Mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrü təhlil edərək deyib: “Məhz o illərdə bizim inkişafımızla bağlı strateji seçimlər edilmişdir ki, Azərbaycan müasir, demokratik ölkə kimi inkişaf etməlidir. İqtisadi islahatlara start verilmiş, bazar iqtisadiyyatı prinsipləri əsas prinsiplər kimi tətbiq olunmağa başlamışdır. Azərbaycan beynəlxalq aləmlə münasibətləri qura bilmişdir və demək olar ki, müstəqilliyimizin ilk illərində mövcud olan beynəlxalq təcriddən də çıxa bilmişdir. Ölkəmiz üçün lazım olan beynəlxalq əlaqələr Azərbaycana investisiya cəlb edilməsinə gətirib çıxarmışdır. 1994-cü ildə “Əsrin kontraktı” imzalanmışdır. Bu kontraktın bizim tariximizdə, iqtisadi inkişafımızda müstəsna rolu vardır. 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edilmişdir. Eyni zamanda, 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilmişdir. Əfsuslar olsun ki, ondan əvvəlki hakimiyyət bu məsələyə biganə qalmışdır. Azərbaycan uğurla inkişaf etməyə başlamışdır. 1993-2003-cü illərdə ölkə qarşısında duran vəzifələr uğurla icra edilmişdir. Ordu quruculuğu işində böyük addımlar atılmışdır, uğurlu Horadiz əməliyyatı keçirilmişdir və torpaqlarımızın bir hissəsi işğalçılardan azad edilmişdir. Yəni, 10 il ərzində Azərbaycanda dövlət quruculuğu işində çox böyük addımlar atılmışdır və bu addımlar bu gün bizim uğurlu siyasətimizi şərtləndirir”.

 

Dünyada qəbul edilən söz sahibliyi

 

Bu gün Heydər Əliyev ideyalarının alternativi olmadığını xalqımız çox gözəl anlayır. Bu ideyaların həyata keçirilməsini təmin edən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin öz inkişafının yeni mərhələsinə qədəm qoyması, əldə etdiyi siyasi-iqtisadi uğurlar, beynəlxalq mövqelərini möhkəmləndirməsi Heydər Əliyev yolunun nə qədər düzgün olduğunu əyani şəkildə göstərdi.
Son 15 ilin siyasi mənzərəsi göstərir ki, Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin mövqelərini davamlı olaraq gücləndirib. Cənab İlham Əliyev Azərbaycanın dövlət siyasətini milli maraqlarımız çərçivəsində beynəlxalq siyasi və iqtisadi proseslərlə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yeridir. Bütün bunlar göstərir ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını böyük müvəffəqiyyətlə davam etdirən Prezident
İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət bu gün müstəqil Azərbaycanın dünya miqyasında mövqelərinin daha da güclənməsinə gətirib çıxarıb.
Ölkəmiz daim dəyişən beynəlxalq mühitə uyğun çevik siyasi kursla yanaşı, müstəqilliyinin və suverenliyinin gücləndirilməsinə, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət yürüdür. Bu mənada son illər sülh danışıqları prosesində Ermənistanın çıxılmaz vəziyyətə salınması, beynəlxalq təşkilatlarda Azərbaycan ərazilərinin işğalını pisləyən sənədlərin qəbul edilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsi, Azərbaycanın diplomatik sahədə böyük uğurlarıdır. Bu mənada ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət milli və dövlət maraqlarımızın təmin olunması, inkişafı və Azərbaycanın mövqelərinin dünyada möhkəmləndirilməsi deməkdir.
Beynəlxalq münasibətlər sistemində baş qaldıran təbəddülatlar, dünyanı cənginə alan maliyyə-iqtisadi böhran, enerji təhlükəsizliyi məsələlərinin getdikcə daha aktual şəkil alması, sivilizasiyalararası dialoqun təhdidi dövlətləri həyata keçirdikləri siyasətə yenidən baxmağa vadar edir. Mövcud reallıqlar göstərir ki, bir sıra dövlətlər dünyada nəyin baş verib-verməməsindən asılı olmayaraq, ümumiyyətlə, nəinki müstəqil xarici, hətta daxili siyasət belə həyata keçirə bilməkdən məhrumdurlar.
Məsələyə bu kontekstdən yanaşsaq, əminliklə deyə bilərik ki, regionun lider dövləti olan Azərbaycan həm də tam müstəqil siyasət yeridən, öz taleyini özü müəyyən edən dövlətdir. Digər tərəfdən, Şərq və Qərbin qovuşuğunda yerləşən Azərbaycan həm Avropa, həm də Asiya dövlətləri və təşkilatları ilə milli maraqlarımıza xidmət edən əməkdaşlıq edir. Respublikamız həm də Avropa ilə Asiyanı daha sıx bağlayan nəhəng iqtisadi və enerji layihələrinin təşəbbüsçüsü və təşkilatçısı kimi çox böyük nüfuz, etibar qazanıb. Azərbaycanın qətiyyətli mövqeyi Cənubi Qafqazda hər hansı taleyüklü məsələnin həllini, transmilli layihənin reallaşmasını ölkəmizin iştirakı olmadan mümkünsüz edir.
“Son 15 il ərzində Azərbaycan Heydər Əliyevin qoyduğu yolla uğurla, inamla gedir. Azərbaycanda sabitlik tam təmin olunur, sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Biz indi görürük ki, dünyanın müxtəlif yerlərində vəziyyət gərginləşir, yeni münaqişələr, qanlı toqquşmalar, vətəndaş müharibələri, çevrilişlər baş verir. Ona görə baş verir ki, insanlar hakimiyyətdən narazıdırlar. Ona görə baş verir ki, hakimiyyət lazım olan səviyyədə, düzgün siyasət aparmır, insanları narahat edən problemləri həll etmir, iqtisadi inkişafı təmin edə bilmir, böyük pozuntulara yol verir. Azərbaycanda isə sabitliyin təminatçısı, onun qarantı Azərbaycan xalqıdır və xalq-iqtidar birliyidir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit və ən uğurla inkişaf edən ölkələrdən biridir” - deyə Prezident İlham Əliyev bildirib.
Ötən 15 ildə ulu öndər Heydər Əliyevin başlatdığı və bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib. Bu siyasətin uğurlu nəticəsidir ki, Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq mövqelərini ildən-ilə gücləndirir. Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə təmin edir. Eyni zamanda, bu siyasət müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya verərək özünü uğurla doğruldur.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”