Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xarici ticarətdə 2,5 milyard dollarlıq müsbət saldo qeydə alınıb

16 May 2018
 

Qeyri-neft məhsullarının ixracı 30 faizə yaxın artıb

 

Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, cari ilin yanvar-mart aylarında Azərbaycan dünyanın 146 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirmişdir. 92 ölkəyə məhsul ixrac olunmuş, 136 ölkədən idxal edilmişdir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu dövrdə xarici ticarət dövriyyəsi 6 milyard 894,6 milyon, o cümlədən ixracın dəyəri 4 milyard 703,5 milyon, idxalın dəyəri 2 milyard 191,1 milyon dollar olmuş və nəticədə 2 milyard 512,4 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2017-ci ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 34,9, real ifadədə 6,3, o cümlədən ixrac 5,3, idxal 8,7 faiz artmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, ixracın 19,2 faizini İtaliyaya, 9,2 faizini İsrailə, 7,8 faizini Türkiyəyə, 6,2 faizini Çexiyaya, 6 faizini İndoneziyaya, 5,6 faizini Almaniyaya, 5,1 faizini Avstriyaya, 4,8 faizini Kanadaya, 4,2 faizini Hindistana, 4,1 faizini Tayvana (Çinin əyaləti), hər biri 3,5 faiz olmaqla Rusiya və ABŞ-a, 2,9 faizini Gürcüstana, 2,3 faizini Yunanıstana, qalan 15,5 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Ölkəmizə idxal olunan məhsulların ümumi dəyərinin 17,3 faizi Rusiya, 14,3 faizi Türkiyə, 10 faizi Çin, 8,8 faizi Almaniya, 4,8 faizi ABŞ, 3,9 faizi Ukrayna, 3,8 faizi Belarus, 3,3 faizi İtaliya, 2,8 faizi İran, 2,3 faizi Çexiya, 2,2 faizi Qazaxıstan, 26,5 faizi isə digər ölkələr ilə aparılmış əməliyyatların payına düşmüşdür.

Hesabat dövründə 356,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2017-ci ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 34,8, real ifadədə isə 29,6 faiz çoxdur.  

 

“Azərbaycan”