Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının təntənəli açılışı olub

15 May 2018
Mayın 15-də Rusiya Federasiyasının paytaxtı Moskvada, Mərkəzi Ordu İdman Klubunun idman zalında hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Beynəlxalq Hərbi İdman Şurasının (CISM) rəsmi nümayəndəsi Kim Hyun Soo, Rusiya müdafiə nazirinin müavini Nikolay Pankov, Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiasvili, çempionatın təşkilat komitəsinin sədr müavini Roman Kudryavçev, hakimlər briqadasının sədri Vladimir Qriqoryev, Dünya Güləş Birliyinin (UWW) rəsmi nümayəndəsi Uve Manz, CISM-in güləş komitəsinin sədri Marko Kopella, təşkilat komitəsinin vitse-sədri Oleq Parxomenko, CISM-in Qafqaz, Qara dəniz və Balkanlar üzrə koordinatoru, ehtiyatda olan polkovnik Nevzat Varol, müxtəlif idman təşkilatlarının nümayəndələri, veteran idmançılar, Rusiya Federasiyası MOİK-in üzvləri, iştirakçı ölkələrin heyət rəhbərləri, yarışlarda iştirak edəcək komandaların üzvləri, hakimlər, məşqçilər və mətbuat nümayəndələri iştirak ediblər.

Açılış mərasimində çıxış edənlər yarışın əhəmiyyətindən danışıb, idmançılara uğurlar arzulayıblar.

Təntənəli mərasimdən sonra qonaqlara konsert proqramı təqdim olunub.

Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə 33-cü dünya çempionatında 22 ölkədən 350-dən çox idmançı iştirak edir. Yarış iştirakçılarının yarıdan çoxu Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçılarıdır.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyevdir.

Sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur.

Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Sədi Quliyev də daxildir.