İsveç XİN: Qəzza sektorunda yaranan vəziyyətə görə ABŞ məsuliyyət daşıyır

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsveç XİN: Qəzza sektorunda yaranan vəziyyətə görə ABŞ məsuliyyət daşıyır

15 May 2018
Amerika səfirliyinin Qüdsə köçürülməsi regionda vəziyyətin gərginləşməsinə səbəb olan faktorlardan biridir və fələstinlilərlə İsrail arasında mayın 14-də baş verən zorakılığa görə ABŞ məsuliyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Marqot Vallström TT informasiya agentliyinə müsahibəsində bildirib. “Hamı bu barədə xəbərdarlıq etmişdi, lakin buna baxmayaraq Amerika tərəfi bu addımı atdı. Buna görə də hesab edirəm ki, ABŞ bu məsələdə böyük məsuliyyət daşıyır. Mənim fikrimcə, çox sayda ölən və yaralananı gördükdə bayram etməyə səbəb yoxdur”, - deyə Vallström baş verən zorakılığın məsuliyyətinin İsrailin üzərinə düşməsi ilə bağlı jurnalistin sualını cavablandırarkən bildirib.

O, həmçinin İsveçin səfirini geri çağıracağı və ya İsrail səfirinin Xarici İşlər Nazirliyinə dəvət olunması ilə bağlı suala münasibət bildirərkən ümumi mövqe hazırlamaq üçün vəziyyəti ilk növbədə Avropa İttifaqında müzakirə etmək istədiyini deyib.

Xatırladaq ki, fələstinlilər Qüds şəhərində ABŞ səfirliyinin açıldığı gün mayın 14-də və milli faciə, işğalın başladığı Nakba günün ildönümünün keçirildiyi gün mayın 15-də “Böyük qayıdış marşı” çərçivəsində etiraz aksiyası keçirib. Qəzza sektorunda İsrail ordusu ilə toqquşmalarda həlak olan fələstinlilərin sayı 61 nəfərə çatıb. Fələstin lideri Mahmud Abbas hadisə ilə əlaqədar üç günlük matəm elan edib. Qəzza sektorunda yaranmış vəziyyət mayın 15-də BMT Təhlükəsizlik Şurasında müzakirə olunacaq.