Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Elmar Məmmədyarov: Azərbaycan münaqişənin tezliklə həlli üçün intensiv danışıqlara hazırdır

15 May 2018
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 15-də Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev AZƏRTAC-a bildirib ki, görüşdə Azərbaycanda və Ermənistanda seçki prosesinin başa çatdığı nəzərə alınaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub.

Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib.

Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub.