Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib

15 May 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Niderland Krallığı Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Lindeni qəbul edib.

AZƏRTAC xəbər verir ki, Rene Van der Linden dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirdi.

Rene Van der Linden ADA Universiteti ilə birgə hazırlanmış və Azərbaycanın regionlarının inkişafı, investisiya qoyuluşu, kənd təsərrüfatı, energetika, təcrübə mübadiləsi, turizm sahələrində əməkdaşlığı nəzərdə tutan master planın həyata keçirilməsi ilə bağlı gedən işlərdən danışdı.

Prezident İlham Əliyev görülən işlərin önəmini vurğulayaraq əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.