Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Heydər Əliyev Azərbaycanda müstəqil parlamentarizm ənənələrinin banisidir

15 May 2018
 

Oqtay ƏSƏDOV: “Ulu öndərin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa hazır olmaq nümunəsidir”

 

Azərbaycan xalqı may ayının 10-nu - böyük dövlət xadimi, siyasət nəhəngi, tarixi və əfsanəvi şəxsiyyət Heydər Əliyevin anadan olduğu günü tarixin ən əziz günlərindən biri kimi qeyd edir. Ona görə ki, Heydər Əliyev şəxsiyyəti tariximizdə, milli siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomenə çevrilib. Onun həyatı və siyasi fəaliyyəti çoxəsrlik dövlətçilik tariximizə qızıl hərflərlə yazılıb.
Ötən həftə ulu öndərin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş təntənəli mərasimlərdə, konfranslarda dahi şəxsiyyətin müasir Azərbaycan dövlətinin yaranması və formalaşmasında, sovet dövründə və müstəqillik illərində Konstitusiyamızın qəbul olunmasında, xalqımızın inkişaf və tərəqqisini təmin edən cənab İlham Əliyev kimi böyük dövlət və siyasət xadiminin yetişməsində, azərbaycançılıq məfkurəsinin formalaşmasındakı tarixi xidmətləri bir daha xatırlandı.

 

Bugünkü müstəqil respublikamızın qurucusu

 

Hər kəsə bəllidir ki, bugünkü müstəqil respublikamızın qurucusu olan dahi lider həm də müasir Azərbaycan parlamentinin banisi sayılır. Çünki XX əsrin 50-60-cı illərində respublikada milli-mənəvi dirçəliş istiqamətində bir sıra ehtiyatlı addımlar atılsa da, bu sahədə məqsədyönlü iş məhz ulu öndərin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi vaxtdan başlanıb. Dahi lider mahir siyasətçi kimi ali qanunvericilik orqanının mövcud imkanlarından bacarıqla istifadə edərək milli oyanışın və gələcək müstəqilliyin möhkəm təməlini qoyub.
Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə isə parlamentarizm ənənələri yeni nəfəs alıb. Ulu öndər bu qısa müddətdə parlamentə siyasi mədəniyyət gətirib.
Elə bu səbəbdən də mayın 10-da unudulmaz şəxsiyyətin 95 illik yubileyi ilə əlaqədar Milli Məclisdə xüsusi iclas keçirildi. Parlamentin Sədri Oqtay Əsədov ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, siyasi fəaliyyətindən bəhs edən geniş məruzə ilə çıxış etdi.

 

Vətəni, milləti üçün canından belə keçməyə hazır olan böyük şəxsiyyət

 

Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti vətəninin və millətinin taleyində müstəsna rol oynayan nəhəng şəxsiyyətin zamanın fövqünə yüksəlməsinə parlaq bir nümunədir. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilib: “Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində dövlətimizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olmuşdur. 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində ulu öndərin hakimiyyətə gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf etmişdir. Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq əsl milli lider olduğunu sübuta yetirmişdir”.
1969-1982-ci illərdə ulu öndərin dahiyanə idarəçilik qabiliyyəti və strateji təfəkkürü sayəsində Azərbaycanın, sözün həqiqi mənasında, əsrə bərabər inkişaf yolu keçdiyini söyləyən spiker vurğuladı ki, Sovet İttifaqının ən geridə qalan respublikalarından biri olan respublikamız qısa müddət ərzində tənəzzüldən çıxaraq yüksəliş yoluna qədəm qoyub: “O, Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemləri qabaqcadan görür və həll edirdi. Ulu öndər bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisinə və milli oyanış siyasətinin reallaşmasına yönəltdi”.

Xalqın milli mənlik şüurunun oyanışına güclü təkan verən lider

 

Spiker qeyd etdi ki, məhz ulu öndərin təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün olduqca böyük əhəmiyyətə malik bir neçə mühüm qərar qəbul edib. Ümummilli liderin rəhbərliyi ilə Konstitusiya komissiyasının hazırladığı və 1978-ci ilin aprelində qəbul edilmiş Azərbaycan SSR-in yeni Konstitusiyası mövcud olan məhdud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin qorunması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirib. Azərbaycan dili respublikada dövlət dili statusu alıb.
Bir çox vacib sahələrdə, o cümlədən hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görülüb. Azərbaycanda orta pillə hərbi kadrlar hazırlayan tədris müəssisəsi - C.Naxçıvanski adına hərbi məktəb yaradılıb. Hərbi məktəblərə yerli əhali nümayəndələrinin qəbulu artırılıb. Minlərcə azərbaycanlı gənc Rusiyanın, digər respublikaların hərbi məktəblərinə təhsil almağa göndərilib. O dövrdə hazırlanan kadrlar sonralar ordumuzun özəyini təşkil ediblər.
“Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi tariximizə daxil olaraq xalqımızın milli mənlik şüurunun oyanışına güclü təkan verdi. Məhz həmin dövrdə imperiya tərkibində olmağımıza baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı”, - deyə Oqtay Əsədov qeyd etdi.

 

Etibarlı və səriştəli siyasi rəhbərlik

 

Milli Məclisin Sədri hələ sovet hakimiyyəti dövründə Azərbaycana qarşı aparılan çirkin kampaniyalardan da söz açdı. Dedi ki, 1987-ci ilin oktyabr ayında Heydər Əliyevin sovetlər birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırılması ilə Azərbaycanın faciələrinin əsası qoyuldu. Məhz bu istefa Azərbaycana qarşı hazırlanmış məkrli planların həyata keçirilməsi yolunda ilk addım oldu: “Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünün təhlili göstərir ki, etibarlı və səriştəli siyasi rəhbərlik amili cəmiyyətin və dövlətin inkişafında müstəsna və həlledici rol oynayır. Bu həqiqəti xalqımız 1988-1993-cü illərin faciəli hadisələri zamanı bir daha yəqin etmişdir. Respublika rəhbərliyində bir-birini əvəz edən şəxslərin səriştəsizliyi, müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərc-mərclik, xaos Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmışdı. O vaxt çoxları inanmırdı ki, Azərbaycan bu qədər böyük təhlükələrdən qurtula biləcək və müstəqilliyini qoruyub saxlayacaqdır. Amma tarixin şahid olduğu vətəndaş fədakarlığı, siyasətçi hünəri Azərbaycan üçün yazılmış ssenarilərin həyata keçməsinə imkan vermədi”.

 

Heydər Əliyev dühası ilə xilas edilən dövlət müstəqilliyi

 

Azərbaycanın müstəqillik tarixinə nəzər yetirən parlamentin Sədri onu da bildirdi ki, xalqımız XX əsrdə ən böyük milli sərvət olan dövlət müstəqilliyini iki dəfə əldə edib. 1918-1920-ci illərdə mövcud olmuş, xalqın dövlətçilik şüurunun inkişafında müstəsna rol oynamış Azərbaycan Xalq Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmasa da, əsrin sonlarına yaxın nail olduğumuz dövlət müstəqilliyi məhz Heydər Əliyev dühasının köməyi ilə xilas edilib: “Azərbaycanın ikinci dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz 1993-cü il iyunun 15-dən başlanır. Tamamilə məntiqlidir ki, sonralar ölkənin ali qanunvericilik orqanı xalqın arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü “Milli Qurtuluş Günü” kimi dəyərləndirib”.

 

Xalqa və dövlətə sədaqətli xidmət missiyası

 

Spiker Oqtay Əsədovun sözlərinə görə, Heydər Əliyevin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanıb. Dahi şəxsiyyətin parlamentin Sədri seçilməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırıb, müasir peşəkar parlamentin formalaşması istiqamətləri müəyyən edilib.
Milli Məclis müzakirələrin açıq və demokratik şəraitdə aparıldığı real hakimiyyət orqanına çevrilib, ölkənin ictimai-siyasi həyatı üçün çox böyük əhəmiyyətə malik bir sıra qərarlar qəbul edilib: “Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa hazır olmaq nümunəsidir. 1993-cü ildən 2003-cü ilədək olan on il ərzində onun həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir”.

 

İctimai-siyasi sabitliyin təminatçısı

 

Məhz ulu öndərin gördüyü nəhəng işlərlə ölkə daxilində möhkəm ictimai-siyasi sabitliyin təmin edildiyini söyləyən Milli Məclisin Sədri bildirdi ki, bütün bunlar Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə real imkan yaradıb. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair xarici neft şirkətləri ilə onlarca saziş imzalanıb və ölkə iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya cəlb edilib.
Bununla yanaşı, ölkədə bazar iqtisadiyyatı prinsipləri tətbiq olunub, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparılıb. Bir sözlə, həyatın bütün sahələrində tənəzzülə son qoyulub və ölkəmiz ardıcıl inkişaf yoluna çıxıb: “Azərbaycan mötəbər beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü oldu, dünyanın əksər dövlətləri ilə dostluq münasibətləri quruldu. Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, qanunun aliliyinə təminat verən yeni Konstitusiya qəbul edildi”.
Oqtay Əsədov hesab edir ki, məhz Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu xeyli artırıb.
Bununla yanaşı, 10 il ərzində milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görülüb, milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırılıb. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atılıb.

 

Parlament hər zaman ulu öndərin yanında olub

 

Oqtay Əsədovun sözlərinə görə, bu möhtəşəm işlərin reallaşdırılmasında Milli Məclis həmişə ulu öndərin yanında olub, onun uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləyib: “Heydər Əliyev dövlət başçısı olduğu dövrdə də parlamentə böyük diqqət və qayğı göstərmişdir. 1995-ci il noyabrın 24-də ulu öndər birinci çağırış Milli Məclisin ilk iclasında iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını vermişdir. Sonrakı dövrdə də ulu öndər parlamentin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirak və çıxış etmişdir”.
Spiker daha sonra ulu öndərin təşəbbüsü ilə Milli Məclisdə qəbul edilən qanunvericilik aktlarından söz açaraq qeyd etdi ki, ölkədə əsaslı islahatların qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönələn 1500-ə qədər qanun, qərar və digər aktlar ulu öndərin imzası ilə parlamentə təqdim edilib və geniş müzakirələrdən sonra qəbul olunub. Azərbaycanın demokratik yolla ardıcıl inkişafı, hüquqi dövlət quruculuğu üçün bütün təminatlar yaradılıb.

 

Heydər Əliyev irsinin öyrənilməsində Milli Məclisin rolu

 

Dahi liderin siyasi və dövlətçilik fəaliyyətinin bu gün ciddi tədqiqatların mövzusu olduğunu diqqətə çatdıran Oqtay Əsədov bu zəngin irsin öyrənilməsində və təbliğində Milli Məclisin də yaxından iştirak etdiyini vurğuladı. Bildirdi ki, bu gün parlamentdə Heydər Əliyevin adını daşıyan xatirə zalı fəaliyyət göstərir. İndiyədək Milli Məclisdə ulu öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən bir neçə kitab hazırlanaraq nəşr edilib: “Böyük siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycanın qanunvericilik orqanını dünyanın inkişaf etmiş ölkələrinin parlamentləri səviyyəsində görməyi arzulayırdı və bunun üçün çox böyük zəhmət sərf etmişdi. Başqa sahələrdə olduğu kimi, bu sahədə də başlanmış işlər sistemli və ardıcıl şəkildə davam etdirilir. Artıq indi qətiyyətlə söyləmək olar ki, müasir Azərbaycanda parlament xalqın suveren iradəsini ifadə edən, qanunları qəbul etmək yolu ilə mühüm ictimai münasibətləri tənzimləyən ali nümayəndəli orqandır”.
Bu gün Prezident İlham Əliyevin tarixinin ən qüdrətli dövlətinə çevirdiyi müstəqil Azərbaycanın Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində inkişaf etdiyini deyən Oqtay Əsədov ölkəmizin getdikcə artan imkanlarının qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan yaratdığını söylədi.
Milli Məclisin Sədri əminliklə vurğuladı ki, Azərbaycanın xoşbəxt gələcəyi cənab İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Çünki ulu öndər Heydər Əliyevin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”