Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qeyri-neft sektoruna investisiya yatırımı 42,5 faiz artıb

15 May 2018
 

Cari ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 4 milyard 160,1 milyon manat vəsaitin 2 milyard 281,6 milyon manatı və ya 54,8 faizi qeyri-neft sektoruna sərf edilmiş və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 faiz artmışdır.

Dövlət Statistika Komitəsinin bu barədə yaydığı məlumatda daha sonra bildirilir ki, ümumi sərmayənin 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. İstifadə olunmuş vəsaitin 73,6 faizi məhsul istehsalı, 20,7 faizi xidmət obyektlərinin, 5,7 faizi ümumi sahəsi 518,9 min kvadratmetr olan yaşayış evlərinin tikintisinin payına düşmüşdür. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait isə ümumi sərmayənin 52,4 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 55,6, bank kreditləri 22,2, əhalinin şəxsi vəsaitləri 5,4, büdcədənkənar fondların vəsaitləri 0,5, digər vəsaitlər 0,4 faiz olmuşdur.

4 ay ərzində paytaxtda “Yasamal-1”, “Qobu” və 120 saylı elektrik yarımstansiyaları, Bakı Statistika İdarəsinin inzibati binası, “Bona Dea” beynəlxalq hospitalı, Mingəçevirdəki Sənaye Parkında iplik istehsalı üzrə 2 müəssisə, Neftçaladakı Sənaye Məhəlləsində “Xəzər” avtomobil zavodu, Naxçıvan MR-də 442 şagirdlik 2 ümumtəhsil məktəb binası, ambulatoriya-poliklinika müəssisəsi və s. obyektlər istifadəyə verilmişdir. 

 

“Azərbaycan”