Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xaçmazda pomidor əkini sahələri artırılıb

15 May 2018
 

Ölkəmizin əsas tərəvəzçilik rayonlarından olan Xaçmazda pomidor əkini yekunlaşmaq üzrədir.

AZƏRTAC xəbər verir ki, mart ayından istixana şəraitində yetişdirilən pomidor şitilləri hazırda açıq sahələrə köçürülür. Fermerlər mayın ilk günlərindən başlayan əkini bir həftə ərzində başa çatdırmaq niyyətindədirlər.

Xaçmazda hər il 2 min 100 hektara yaxın sahədə pomidor becərilir. Bu il isə əkin sahələri daha 10 faiz artırılıb.

Təsərrüfatçı Vəli Məmmədov bildirib ki, bu il bir hektar sahədə pomidor əkib. “Biz pomidor şitillərini özümüz həyətimizdə yetişdiririk. Qırx gündən sonra şitilləri sahəyə köçürürük. Suvarmada çətinliyimiz yaranmasa, məhsulumuz bol olacaq. Gübrələri bizə güzəştlə verirlər. Çətinliyimiz yoxdur” - deyə fermer qeyd edib.

Vüqar Məmmədov da uzun illərdir ki, təsərrüfatında pomidor əkib-becərir. Fermer deyib ki, Xaçmazın iqlimi və torpağı pomidor yetişdirilməsi üçün olduqca əlverişlidir: “Biz hazırda sahələrdə pomidorun “Sultan”, “Titan” kimi sortlarını əkirik. Bu sortlar həm xəstəliklərə dözümlüdür, həm də görünüşü və dadı yaxşıdır. Alıcısı da çox olur. Pomidor yığımına iyul ayının birinci ongünlüyündə başlanacaq və iki ay davam edəcək”.